Space TV-nin yeni rəhbərinin adı bəlli oldu – TELEKANALIN İDARƏÇİLİYİ TURAN İBRAHİMOVA HƏVALƏ EDİLDİ

Baxış sayı:
1501

İki gün öncə yerli mediada Space TV-nin rəhbəri Vaqif Mustafayevin istefa verməsi barədə xəbərlər yayıldı. Bu gün səhər saatlarında isə V. Mustafayevin istefa vermədiyi, vəzifədən qovulduğu bəlli oldu.

Belə ki, telekanalın təsisçisi Sevil Əliyeva Space TV-nin fəaliyyətinin qənaətbəxş olmadığını, bu səbəbdən də V.Mustafayevi rəhbərlikdən uzaqlaşdırdığını virtualaz.org-a açıqladı: “Məsələ ondadır ki, Space-in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.

Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin Space rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz”.


Space kanalının rəhbəri vəzifəsinə hansısa namizədin olub – olmadığı barədə suala cavabında telekanalın qurucusu bildirib ki, elə şəxs artıq tapılıb, tezliklə kanalın kollektivinə və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Space telekanalının yeni rəhbərinin kimliyi hələ ictimaiyyətə açıqlanmasa da, “Hürriyyət” mötəbər qaynaqlardan bu barədə dəqiq bilgilər əldə edib. Mənbə bildirir ki, Space-in təsisçisi Sevil Əliyeva kanalın rəhbəri vəzifəsini tanınmış teleaparıcı Turan İbrahimova həvalə edib. Məlumata görə, bu haqda rəsmi informasiya tezliklə ictimaiyyətə açıqlanacaq.
Hurriyyet.org