"Söyün Sadıqovun Gürcüstanda kəskin addımlar atmağa nə gücü çatar, nə də..."

Baxış sayı:
10555

"Onun rəsmi Moskvaya yaxın dairələrlə oturub-durduğunu nəzərə alsaq, o zaman burada üçüncü bir dövlətin əlinin ola biləcəyini istisna etmirəm"
 
"Bugünkü hakimiyyətin fərasətsiz məmurlarının gördüyü işlər hazırda Gürcüstanı çıxılmaz vəziyyətdə qoyub"

 
Yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunun Buqaşen kəndində, Azərbaycanın Xocavənd, Xocalı və Fizuli istiqamətlərində gedən döyüşlərə qatılan, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı, "Kobra" ləqəbli terrorçu Mixail Avaqyana abidə qoyulub. Qeyd edək ki, abidənin açılış mərasimində adıçəkilən bölgənin rəsmiləri - Axalkalaki bələdiyyə başçısı Yurik Hunanyan, deputatlar Enzel Mikonyan və Samvel Manukyan, eləcə də Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak ediblər. Nəzərinizə çatdıraq ki, terrorçu Mixail Avaqyana heykəlin qoyulması rəsmi Bakı ilə Tiflis arasında diplomatik gərginliyə, eyni zamanda Gürcüstandakı soydaşlarımızın və Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub.
 
Məhz elə bu səbəbdən də hadisədən bir qədər sonra Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması ilə bağlı Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Mixail Avaqyana heykəl qoyulması Azərbaycanın ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub: "Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. Mixail Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir". Müraciətdə həmçinin, Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupunun üzvləri xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırılır: "Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk. İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcəkdir".
 
Yeri gəlmişkın, qeyd edək ki, artıq Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) də terrorçu Mixail Avaqyana büst qoyulmasına münasibət bildirib. Belə ki, bununla bağlı XİN-in mətbuat xidmətinin yaydığı informasiyaya görə, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.
 
Bir məqamı da vurğulamaq lazımdır ki, azərbaycanlılara qarşı qətllərin törədilməsində iştirak etmiş Mixail Avaqyana heykəlin qoyulması gürcü politoloqların, QHT rəhbərlərinin və medianın da ciddi narazılığına səbəb olub. Məsələn, Gürcüstan İctimai Televiziyasının mövzu ilə bağlı hazırladığı reportajda qeyd olunur ki, ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində Qarabağda dinc azərbaycanlıların qətlində iştirak etmiş erməni Mixail Avaqyana heykəl qoyulması Rusiyanın maraqlarına uyğundur. Bildirilir ki, Avaqyana heykəl qoyulmasına görə Bakı ilə Tiflis arasında diplomatik qarşıdurmanın yaranması ancaq Moskvanın işinə yarayır: "Rusiya etnik azlıqların məskunlaşdığı bölgələrdə gərginliyin meydana çıxmasında, beləliklə də Gürcüstana əlavə problemlər yaranmasında maraqlıdır". Hakim "Gürcü arzusu" koalisiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə adıçəkilən telekanala açıqlamasında heykəlin qoyulmasının mərkəzi hakimiyyətlə razılaşdırılmadığını qeyd edib. Məsələyə təxminən, eyni prizmadan yanaşan Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının rəhbəri Zurab Qventsadze isə hesab edir ki, Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür. Qventsadze bəyan edib ki, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib: "Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş naziri və xarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək". Ölkələrimiz strateji tərəfdaş, Azərbaycanın Gürcüstana dost ölkə olduğunu və investisiya dəstəyi, yanacaq təminatı kimi addımlarla Tiflisi dəstəklədiyini vurğulayan Zurab Qventsadze bu qənaətdədir ki, erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir.
 
Bu arada, onu da nəzərinizə çatdıraq ki, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqovun məsələyə münasibəti daha sərt olub. Belə ki, musavat.com-un məlumatına görə, Söyün Sadıqov bu hadisəni Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanəti kimi dəyərləndirib: "Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də Gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var – Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu". Onun fikrincə, əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi: "Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər". Söyün Sadıqovun sözlərinə görə, əgər belə davam etsə, onda yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək. Odur ki, o, Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib: "Mən Gürcüstan prezidentinə və baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik".
 
"Mərasimində rayon meri, bələdiyyə başçısı, deputatların iştirakı belə deməyə əsas verir ki, Gürcüstan dövlətinin rəsmilərinin bu hadisədən xəbəri olub"
 
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərovun fikrincə, abidənin açılış mərasimində rayon meri, bələdiyyə başçısı, deputatların iştirakı belə deməyə əsas verir ki, Gürcüstan dövlətinin rəsmilərinin bu hadisədən xəbəri olub: "Təbii ki, bu, yolverilməz bir hadisədir. İstər Qamsaxurdiya, istər Şevernadze, istərsə də Saakaşvili dönəmində Gürcüstanda milli sabitlik, balans hər zaman gözlənilib. İstər azərbaycanlılar, istərsə də ermənilər tərəfindən hər hansı radikal addım atıldıqda dövlət dərhal müdaxilə edib və problemin böyüməsinə imkan verməyib. Çox təəssüflər olsun ki, bu gün Gürcüstan hakimiyyəti bunlara məhəl qoymur və nəticədə belə bir xoşagəlməz tədbir həyata keçirilib. Bunun ən acınacaqlı tərəfi odur ki, bütün Azərbaycan xalqının hüzn, yasda olduğu bir vaxtda, yəni 20 yanvarda həmin abidə qoyulub. Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin də iştirakı onu göstərir ki, bu, rəsmi açılış törəni olub. Gürcüstan iqtidarı bunu nə qədər ört-basdır etməyə çalışsa da, bu məsələdə əsas məsuliyyət, günah məhz Gürcüstan dövlətinin üzərinə düşür. Çünki onlar buna icazə verməyə bilərdilər və əslində, verilməməli idi. Qeyd edim ki, hadisədən dərhal sonra həm Azərbaycan dövləti, həm də yerli azərbaycanlılar bu məsələyə reaksiya verərək öz etirazını bildirib". Məhz bunun Gürcüstan dövlətini çıxılmaz vəziyyətə qoyduğunu deyən Əlibala Əsgərovun sözlərinə görə, indi rəsmi Tiflis geriyə addım ata bilmir: "Çünki o tərəfdən ermənilər buna yol verməz, eyni zamanda Gürcüstan hökuməti azərbaycanlıların da tələbini ödəyə bilmir. Buna görə də Gürcüstan dövləti çıxılmaz vəziyyətdə qalıb. Biz hadisələri hər gün izləyirik və istəmirik ki, strateji müttəfiq dövlətlər olan Azərbaycanla Gürcüstan arasında gərginlik yaransın. Mənə elə gəlir ki, əgər Gürcüstan tərəfi bu hadisələri bilərəkdən edibsə, o zaman bu gərginliyin yaranmasında maraqlıdır".
 
"Biz məsələni sonuna qədər izləyəcəyik və problemin həlli üçün Gürcüstan dövlətindən müvafiq tədbirlərin görülməsini tələb edirik"
 
Söyün Sadıqovun mövzu ilə bağlı açıqlamasına gəldikdə isə "Qeyrət" Xalq Hərəkatının sədri bildirdi ki, onun ani, gözlənilməz mövqeyi Borçalıda birmənalı qarşılanmayıb: "Söyün Sadıqovun belə radikal və düşünülməmiş açıqlaması yersizdir. Söyün Sadıqovun Gürcüstanda hər hansı kəskin addımlar atmağa nə gücü çatar, nə də ona dəstək verən olar. Onun rəsmi Moskvaya yaxın dairələrlə oturub-durduğunu nəzərə alsaq, o zaman Söyün Sadıqovun çağırışının birmənalı olaraq özündən gəlmədiyini demək olar. Burda üçüncü bir dövlətin əlinin ola biləcəyini istisna etmirəm. Ümumiyyətlə, biz qarşıdurmalardan yorulmuşuq. Biz millət olaraq Gürcüstanda gürcülərlə bərabər yaşayırıq, yəni xalq kimi gürcülərlə heç bir problemimiz yoxdur və olacağına da inanmıram. Lakin bugünkü hakimiyyətin fərasətsiz məmurlarının gördüyü işlər hazırda Gürcüstanı çıxılmaz vəziyyətdə qoyub. İstərdim ki, bu hadisə Azərbaycan-Gürcüstan münasibətlərini pozmayaydı. Amma nə yazıq ki, bu gün reallıqla üz-üzəyik. Bir terrorçuya, separatçıya dəxli olmayan bir regionda heykəl qoyulması və Gürcüstan rəsmilərinin bu tədbirdə iştirakı doğrudan, burdakı yerli ictimaiyyəti, azərbaycanlıları həddən artıq hiddətləndirib. Bu səbəbdən də biz bu işi belə qoyan deyilik, məsələni sonuna qədər izləyəcəyik və problemin həlli üçün Gürcüstan dövlətindən müvafiq tədbirlərin görülməsini tələb edirik".
 
Vazeh BƏHRAMOĞLU