​ŞOK FAKT: Qəzada ölən generalı Bakı ilə nə bağlayır? - FOTO

Baxış sayı:
4996

Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən QRU dəstəsində olub

Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.

2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin "Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar" kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanəstanda xidmət edib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Gürcüstan, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ və Cənubi Osetiya bölgələrində "konstitusion qaydaların təmin edilməsində" iştirak edib.
Xatırladaq ki, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələri ordu hissələrindən əvvəl Bakıya yeridilib və bir sıra diversiyalar, o cümlədən televiziyanın enerji blokunun partladılması əməliyyatını həyata keçirib. Daha sonra QRU xüsusi təyinatlıları Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrdə də asayişi təmin etmək üçün istifadə olunmuşdu.