ŞOK: AzTV sədrinin Azərbaycan əleyhinə olan dissertasiyası üzə çıxdı - FOTO

Baxış sayı:
9277

A.Alışanov dissertasiyasında niyə Qarabağı Azərbaycanın tərkib hissəsi deyil, “statusu üstündə münaqişə aparılan ərazi” kimi təqdim edi?

Bəzi məmurların alimlik eşqinə düşməsi çox vaxt səthi və aşağı səviyyəli işlərin ortaya çıxmasına səbəb olur. Ölkədən kənarda “müdafiə” olunan belə “elmi” işlər isə hətta müəyyən siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol açır. Hələ AzTV-nin maliyyə və texnika işləri üzrə sədr müavini olduğu dövrdə elmdə də “iz qoymağa” cəhd etmiş Arif Alışanov 2004-cü ildə Moskvada Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda dissertasiya müdafiə etmişdir. Lakin uzun müddət həmin dissertasiyanı ictimaiyyətdən gizli saxlamağa çalışmışdır.

İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin “araşdırmada” ciddi siyasi təhriflər vardır. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri və bu prosesə aid statistikada özünü göstərir. Məsələn, Alışanov faktiki olaraq Azərbaycanı ruslar üçün dözülməz şəraitin yaradılmasında günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: “Sovet İttifaqının dağılmasından sonra (…) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi. Təbii ki, bu, problemə sırf Rusiya baxışıdır, çünki 1997-ci ildə Azərbaycanda tam sabitlikhökm sürürdü, Moskva ilə münasibətlər qaydasında olduğundan heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.

A.Alışanov “əsərində” Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edir: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12). Belə “incə” yanaşmaya əhsən!

Düşünmək olar ki, belə “siyasi obyektivliyə” və “neytral mövqeyə”ə görə Ermənistanda Alışanovun şərəfinə abidə ucaldılmalıdır. Bu adam, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan “diplomatik” şəkildə imtina edir, yəni rus alimləri qarşısında “qərəzsiz” görünməyə çalışır. Çünki ona həqiqət yox, Vətən təəssübü yox, elmlər namizədi diplomu lazımdır.

Həmin diplomu verəcək şəxslərə xoş görünmək üçün Alışanov “araşdırma”sında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi mülahizəsinə də istinad edir. Ən pisi odur ki, “iqtisadçı alim” bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sahəsinə qoyduğu sərmayə ilə müqayisə edir.

Dissertasiyada Azərbaycan iqtisadiyyatının durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, neft sənayesinə qoyulan investisiyalar, H.Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar vardır ki, bunların açıq müzakirəsi və A.Alışanovun bunlara cavab verməsi çox vacibdir./bizimyol.info/