​Şok alver: “Evimi başqasına satdığını bildim”

Baxış sayı:
2404

Dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli şahid qismində ifadə verib.
O bildirib ki, 2012-ci ildə oğlu Elşən Ağaevlinin adına Xudafərin MMC-dən ev alıb: “Evi Azər Xəlilov və Abdulla Abdullayevdən almışam. Pul əvəzinə öz “Mercedes” markalı avtomobilimi vermişəm. Sonra ölkədən kənara getdim. Geri qayıdanda mənə verilən evin başqasına satdığını bildim Həmin ev başqa adamın da adına idi. Sonra məhkəməyə müraciət etdim”.
Digər şahid Vidadi Qurbanovun sözlərinə görə, Amay MMC-də baş mühasib vəzifəsində çalışıb, "Amay Abdulla" kimi tanınan Abdulla Abdullayevlə birgə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Qeyd edək ki, Xudafərin MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Xudafərin MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.(teleqraf)