SOCAR Azərbaycan xalqının sərvətini talan edir...

Baxış sayı:
495

İldən-ilə SOCAR Azərbaycan xalqına hesab kəsir. Elə bu ilin ilk günlərində SOCAR Azərbaycan xalqına bayram “sürprizi” etdi. SOCAR-ın məhsullarının – benzinin və dizel yanacağının qiymətlərinin qalxması nəticəsində xalq olaraq yüz milyonlarla zərərə düşdük. Gəlin SOCAR-ın nə işlə məşğul olduğuna bir nəzər salaq. SOCAR dünyanın müxtəlif ölkələrində Şirilankadadan tutmuş Afrikanın və Asiyanın bir çox ölkələrində sıxılmış qaz limanları yaradılması ilə bağlı dəyəri milyardlarla ölçülən sərmayələr yatırır. 
Bundan əvvəl biz SOCAR-ın Gürcüstanda, Ukraynada İsveçrədə, Sloveniyada və dünyanın bir çox ölkələrində yanacaq doldurma məntəqələrinin aldığı ilə bağlı məlumatlar alırıq. SOCAR TRADİNG-in adı Maltadakı çirkli biznesdə hallanılıb. Bir sözlə SOCAR dünyada çox böyük biznes layihələri həyata keçirirməkdədir. Azərbaycan xalqına gələndə isə özünü müflis kimi göstərir, ölkənin büdcəsi qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, elə il olur ki, 1 milyardan artıq büdcəyə verməi olduğu vergiləri vermir, qarşılığında isə Azərbaycan hökuməti parlament səviyyəsində qərar qəbul edərək, SOCAR-ın maliyyə vəziyyətinin pis olduğunu əsas götürərək onun vergi borclarını bağışlayır. Görəsən Azərbaycan vətəndaşına 10 manatı bağışlamayan hakimiyyət SOCAR-a milyardlarla vəsaiti niyə bağışlayır? Niyə SOCAR-ın vəziyyəti pis olmalıdır ki.? Axı Azərbaycan xalqına məxsus olan bütün neft və qaz ehtiyatları SOCAR-ın əlindədir. Başqa ölkələrdə neft şirkətləri bütövlükdə həmin o neftə sahib olaraq 100 milyardlarla vəsait qazanır, təmsil olunduğu dövləti irəli aparırlar. Amma SOCAR-ı nə vaxt dindirsən deyirlər xarici borcun içindədir, müflisdir, qiymət artımı, şirkətdə ixtisarlar və s. Amma bir ucu Sloveniyadan tutmuş Şiri-Lankaya kimi sərmayələr qoyur. O sərmayənin bizə bir xeyri yoxdursa, o sərmayələr kimlərinsə şəxsi cibini şişirdirsə, nəyə görə Azərbaycan xalqından kəsilməlidir, oğurlanmalıdır və sonra da getməlidir yanacaq doldurma məntəqələrinə, zavodlara, qazla işləyən elektrik stansiyalarının tikilməsinə və müxtəlif limanların qurulmasına? Bir müddətdən sonra da Azərbaycan xalqı xəbər tutur ki, həmin o sərmayələr özəlləşdirilib və başqa əllərdədir. Necə ki, Çernoqoriyada turizmlə bağlı böyük sərmayələr qoymuşdular, sonradan məlum olmuşdur ki, 500 milyon avro dəyərində olan həmin sərmayə özəlləşdirilib. Soruşan lazım, SOCAR-ın turizm sektorunda nə işi var axı.? Və yaxud SOCAR-ın Gürcüstanda yanacaqdoldurma məntəqələri almışdı, sonradan məlum olmuşdur ki, rəsmi sənədlərə əsasən həmin yanacaqdoldurma məntəqələri SOCAR-ın yox, Azərbaycanın yox, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin adına rəsmiləşdirilib. Bu həmin Rəşad Abdullayevdir ki, 2019-cu ilin yay aylarında İspan adası İbitsada istirahət edərkən qiyməti 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan saatı oğurlanmışdı. Bu barədə Azərbaycan ictimaiyyətində kifayət qədər məlumat olduğundan təfərrüatına varmırıq.

Hamıya məlumdur ki, SOCAR özünü artıq bir dövlət kimi aparır, Azərbaycan xalqından onun sərvətlərindən toplanan milyardlar dünyanın hər yerində investisiya şəkildə yatırımlara qoyulur, lakin biz o yatırımların heç bir faydasını görmürük, adı bizim, dadı isə SOCAR-ın. Bu vaxta qədər Azərbaycan xalqına düz-əməlli hesabat verməyiblər ki, SOCAR-ın dünya ölkələri üzrə aldığı yanacaqdoldurma məntəqələrindən və ya digər investisiya yatırımlarından hansı qazancı olub.? Nəyə görə SOCAR hər il qiymətləri qaldırır, əlini açıb Azərbaycan xalqından pul istəyir, dövlət büdcəsinə verməli olduğu pulu kəsir. Deməli bizə gələndə müflis, dünyaya gələndə var-dövləti başından aşır və sonra da dünyanın müxtəlif ölkələrinə milyardlarla qoyulan sərmayə əl dəyişdirir. SOCAR vasitəsilə Azərbaycanın milli sərvətləri talan edilir. Ona görə də SOCAR-ın adı ilə dünyanın müxtəlif ölkələrinə qoyulan investisiyalardan Azərbaycan xalqı əlini üzməlidir.
Daha bir məsələ, SOCAR Türkiyə iqtisadiyyatına 20 milyarda yaxın sərmayə qoyub. Türkiyədə liberal iqtisadiyyatın olduğunu nəzərə alsaq, başqa bir iş adamı Türkiyə iqtisadiyyatına həmin vəsaiti yatırsaydı, ən azı 30 milyard da gəlir götürərdi. Bəs SOCAR-ın qazancı hardadır. 20 milyard kiçik rəqəm deyil axı. Bu vəsaitlə Azərbaycan iqtisadiyyatını yenidən qurmaq, ən azı 1 milyon iş yeri açmaq olardı.
Ən dəhşətlisi də odur ki, Azərbaycan xalqı artıq həmin o neft və qazdan gözünü çəkib, bizim üçün SOCAR-da baş verən korrupsiya halları adiləşib. Amma belə olmamalıdır. Hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, SOCAR-ın neft və qazdan oğurladıqları Azərbaycan xalqının cibindən oğurlanır. Nəticədə pensiyalar kəsilir, uşaq pulu verilmir, qazilərin pulu kəsilir, maaş artmır, iş yerləri açılmır. Azərbaycan xalqı anlamalıdır ki, talan edilən onun sərvətidir.
 
Anar Xəlilov