SƏLİM MÜSLÜMOVUN HƏBSİ TƏSDİQLƏNDİ! - DTX sabiq nazirlə bağlı rəsmi məlumat yaydı / Yenilənib

Baxış sayı:
1224

Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­mışdır.

"Report" DTX-nin saytına istinadən xəbər verir ki, toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

***

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.

Lakin bir çox mənbələr, həmçinin S.Müslümovun digər yaxınları sabiq nazirin həbs xəbərini təsdiqləyir.

Onu da qeyd edək ki, S.Müslümov həbs olunmasaydı, xəbəri atası deyil, özü təkzib edərdi.

***

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun fevralın 2-də həbs olunduğu barədə məlumatlar sabiq nazirin yaxınları və hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiq olunur.

Belə  ki, S.Müslümovun həbsi barədə dünəndən etibarən sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan məlumatlar təkzib olunmayıb, əksinə, bu gün təsdiq xəbərləri gəlir. Halbuki S.Müslümov mediaya kifayət qədər həssas adamdır və məlumatlar əsassız olsaydı, böyük ehtimalla, şəxsən təkzib etməyə tələsərdi.

İddialara görə, S.Müslümov nazir olduğu dövrdəki iri miqyaslı mənimsəmələrə görə istintaqa cəlb olunub.

Sabiq nazirin həbsi məsələsinə bu gün rəsmi münasibətin açıqlanacağı gözlənilir.