Siz nə qədər də miskin və aciz görünürdünüz...

Baxış sayı:
3183

Son günlərin ən çox yadda qalan və ciddi etirazlarla qaşılanan məsələsi, Yasamal rayonu ərazisində polislərlə vətəndaşlar arasında yaşanan hadisədir.
İlk əvvəl karantin rejiminə tabe olmayan vətəndaşın polislər tərəfindən güc tətbiq edilərək polis bölməsinə aparılması zamanı digər vətəndaşların buna etiraz göstərməsi və yaşadığı binalardan onların üzərinə zibil atılması ilə başlayan bu olay sonradan polisin kəskin müdaxiləsi ilə daha gərgin xarakter almağa başladı. Hər şey göz qabağında idi. Bir tərəfdə səhər saat 7 radələrində hələ yuxudan qalxmamış sadə vətəndaşlar, qarşı tərəfdə vətəndaşların polislər üzərinə zibil atmasını bəhanə edərək maskalı, silahlı şəkildə həmin evlərə daxil olaraq vətəndaşları zorla, qorxu altında küçəyə çıxaran, onlara qarşı həddini aşan zorakılıq göstərən, rəislərinin «vur», «dəyənəklə» əmrini korkoranə icra etməyə məcbur olan «dəyənək»çilər. Bir tərəfdə polisin zorakılıqla evə daxil olmasından qorxuya və vahiməyə düşən zavallı vətəndaşlar, o biri tərəfdən öz vətəndaşına qənim kəsilməyə hazır olan dəyənəkli sizlər durmuşdunuz. Ancaq yazıqlar, yazıqlar olsun ki, siz nə qədər də miskin və aciz görünürdünüz.
Təbii ki, vətəndaşların polisin qanuni tələblərinə cavab verməməsi, öz qonşularını müdafiə məqsədi ilə polisin üzərinə zibil atılması hüquqi, ictimai baxımından düzgün deyil və bu hərəkət ən azından ictimai qınağa çəkilməyə layiqdir. Əcəba, bunun qarışığı döyülməkmi, qanunsuz həbsə alınmaqmı? Pandemiya dövründə təcridolma şəraitində insanların hansı psixoloji durumda olması diqqətdən yayınmamalı, polislər öz tələblərində bu halı mütləq nəzərə almalı idi. Adam hansı emosional təsir altında bu hərəkəti etmişdir və bu epizodda heç bir cinayət əməli yoxdur.
Dünyanın hər yerində vətəndaşlar hökumətə, ayrı-ayrı hüquq mühafizə orqanlarına bu və ya digər şəkildə etirazlar edir, nəinki polislərin, yüksək çinli məmurların, nazirlərin üzərinə zibil, maye bulantısı atır. Bu hal isə heç bir cinayət hadisəsi kimi fiksə olunmur, sadəcə onlarla qanunun tələbləri səviyyəsində rəftar edilir. Lakin bu hadisədən sonra polisin səhər-səhər, hələ insanların yuxudan durmamış dəstə çəkərək, silahlı, maskalı şəkildə evlərə müdaxilə etməsi, ən kobud, ən şiddətli formada onların sürüdülüb eşiyə çıxarılması, onun özünü və ailəsini təhqir etməsi əlbəttə qəbul edilən hal deyil. Fikrimizcə bir qanun pozuntusuna dövlət orqanları qanunu pozmaqla cavab verməməlidir. Bu epizodda əgər vətəndaş ictimai məsuliyyətsizlik etmişsə, polis bu məsuliyyyətsizliyin qarşısını sakit formada almaq əvəzinə, axtarış, evə daxil olma barədə əlində heç bir məhkəmə qərarı olmadan kəskin müdaxilə etmiş və ciddi qanun pozuntusuna yol vermişdir. Bunlar azmış kimi özünü qanundan yuxarıda hiss edən bu polislər vətəndaşın şərəf və ləyaqətini alçaldan, milli adət-ənənələrimizlə bir araya sığmayan davranış nümayiş etdirmiş, vətəndaşı çılpaq şəkildə sürüyüb xalqın gözü qarşısında təhqir etmişdir. 11 nəfər vətəndaş polis bölməsinə aparılaraq saatlarla döyülmüş, işgəncələrə məruz qalmış və bəziləri həbsə atılmışdır.
Olsun. Uzun illərin təcrübəsindən yaxşı bilirik ki, bu tipli döyülmələr, hədələr və  həbslər insanların gözünü qorxutmağa hesablanıb. Zavallı dəyənikçilər, heç bilirsinizmi zindanda, quruca taxtanın üstündə əlini əzilmiş başının altına qoyub yatan vətəndaşlar vurduğunuz zopaları sizə halal etməyəcək...?

Əsas vəzifəsi ictimai asayişin qorunmasına yönələn polisin bu qeyri-qanuni hərəkəti əlbəttə yolverilməzdir və onlar törətdiyi qanunsuz əməlinə görə qanun qarşısında cavab verməlidir. Daxili İşlər Nazirliyinin mətbuat qurumunun verdiyi bəyanatdan da göründüyü kimi, polislər tərəfindən törədilən bu zorakı hərəkətlər, adekvat olmayan güc tətbiq edilməsi dövlətin nüfuzuna xələl gətirir və nazirlik bu işin cəzasız qalmadığını dilə gətirib.
Bəs görəsən dünyada və ölkədəki indiki çətin bir zamanda vətəndaşların öz dövlətinə olan-qalan inamını və etimadını da sarsıdan, etimadsızlıq yaradan bu hadisənin arxasında duran qüvvələr kimdir.?
Kimdir sabitliyi pozan, kimdir ictimai narazılıq ocaqlarını körükləyən? Əlbəttə bu işin arxasında duran o şəxslərdir ki, onlar ölkədə heç bir müsbət dəyişikliyin tərəfdarı deyil və onlar əvvəlki çəkilərini qaytarmaq üçün hər cür fitnə-fəsad törətməyə hazır olduqlarını aşkar nümayiş etdirirlər.
Digər tərəfdən bu əməli törədən polislərin ayrı-ayrı məmurların, icra başçılarının övladları olduğu aydınlaşır ki, onlar da qanundan çox öz atalarının dəsti-xəttini müdafiə edirlər.  Görünən odur ki, baş verənlər ölkədə xalqla dövlət arasında olan uçurumun dərinləşməsinə və ölkənin xaosa sürüklənməsinə xidmət edir. Hər bir halda dövlət rəhbərliyi bu məsələyə həssas münasibət bildirməli, insan hüquq və azadlıqlarının pozulmasına, ölkənin beynəlxalq aləmdəki zədələnmiş nüfuzunun daha da pisləşməsinə xidmət edən bu qeyri-qanuni hərəkətlərə son qoymalı, bu hadisəni törədənlər, onun arxasında duran qüvvələr ifşa edilməli və onların layiqli cəzasını verməlidir.    
 
 
Ayşən Bayramova