“Simptomsuz yoluxanların sayı 100 dəfə çoxdur” – Təhlükə böyüyür

Baxış sayı:
1229

"Rəsmi məlumatlara inansaq, Çinin Vuhan şəhərində 1 nəfərin noyabr ayında koronavirusa yoluxması 7 aydan sonra dünyanın 200 ölkəsində 10 mln. nəfərin yoluxmasına, 500 min nəfərin isə həyatını itirməsinə səbəb olub. Yəni 1 nəfər həndəsi silsilə ilə dünyada 10 mln. nəfərə yaxın adamı yoluxdurdu. Bu, hələ testlə təsbit edilən saydır, simptomsuz və rəsmi qeydiyyata alınmadan yoluxan sayı isə dünya üzrə çox güman ki, bu saydan azı 10-15 dəfə, bəlkə də 100 dəfə çoxdur, bunu dəqiq bilən də yoxdur".

 Yenisabah.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Vuhanda 1 nəfərlə başlayan virus 7 aya bu qədər yayılıbsa, məntiqə əsasən, bu ilin sonuna həndəsi silsilə ilə dünya əhalisinin azı 70-75%-i virusa yoluxacaq və kollektiv immunitet yaranmağa başlayacaq (artıq yaranır):

"Bu modeldə yeganə çıxış yolu yoluxmanın sürətini azaltmaqla səhiyyə sistemini virusla mücadiləyə hazırlamaqdır. Yəni daha çox çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır. Başqa yol görünmür, vaksin hazır olana qədər bu belə davam edəcək. Vaksin isə ən yaxşı halda gəlin ilin ilk yarısında kütləvi istehsal ediləcək. Yaxşı, nə edək bəs?! Özümüzü və yaxınlarımızı qoruyaq, qapalı məkanlarda maska taxaq, fiziki məsafənı gözləyək, əllərimizi təmiz saxlayaq. Hökumət nə etməlidirə gəldikdə isə, yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yeni, daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır. Amma bir məsələ çox çətindir. Həkim və tibb işçiləri sayı çatışmır, bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir. Ən azı 1000 həkimə, 5000 tibb xidməti işçisinə ehtiyac var, onları Kubadan, Baltikyani ölkələrdən, Türkiyədən cəlb etmək mümkündür".