​Şimali Qafqaz konflikti: Rusiyanın parçalanma planı? – Şərh

Baxış sayı:
10711

Postsovet məkanının ən qədim münaqişəsi olan Dağlıq Qarabağ problemi sonda SSRİ-nin dağılmasına gətirib çıxartdı. Şimali Qafqazda yeni milli münaqişə ocağı da Rusiya Federasiyasında analoji prosesi başlada bilər. Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Kabardin-Balkardan sonra çeçenlərlə inquşlar arasında da milli zəmində qarşıdurma baş verib: “Çeçenlər və inquşlar eyni vaynax xalqıdır. Çeçenlər teyplərdən ibarətdir. Vaxtı ilə inquşlar da çeçen teyplərinə daxil idilər. Sonradan inquşlar çeçenlərdən ayrıldılar. SSRİ vaxtı çeçenlərlə inquşlar eyni respublikada birləşdirildilər, SSRİ dağılandan sonra ayrı-ayrı respublikalar oldular. Birinci və ikinci çeçen-rus müharibələrində inquşlar ruslarla rəsmi müharibəyə girməsə də, çeçenlərin yanlarında oldular. Çeçenstanın ilk prezidenti mərhum Cövhər Dudayev verdiyi dəstəyə görə İnquşetiyanın ilk prezidenti Ruslan Auşevə təşəkkür etmişdi”. Politoloq qeyd edib ki, indi bu iki qardaş xalqı bir-birinə qarşı vuruşdurmaq istəyən qüvvələr var: “SSRİ dağılmağa yaxın olanda da milli münaqişələr çoxalmışdı. İndi də Qafqaz xalqlarını bir-birlərinə vurdurmaqla məşğuldurlar. İnquşetiya Şimali Qafqazın ən balaca respublikasıdır. Hələ ötən əsrin 90-cı illərindən Şimali Osetiya ilə İnquşetiya ərazi problemləri yaşayıb. İndi də iki qardaş müsəlman-vaynax xalqları olan çeçenlərlə inquşlar arasında ixtilaf yaradılır. Çeçenistanın İnquşetiya və Dağıstana qarşı müxtəlif dövrlərdə ərazi iddiaları olub. Bundan isə həmişə başqaları istifadə edib”. Politoloq Çeçenistanla İnquşetiya arasında rayon dəyişilməsinə də münasibət bildirib: “Çeçenistanla İnquşetiya arasında Sunjenskiy rayon ətrafında mübahisələr olub. Rəhbərlik əski inquş torpaqlarını Osetiyadan alıb İnquşetiyaya vermək əvəzinə, İnquşetiya və Çeçenistan arasında lazımsız ərazi dəyişikliyi edir. Mümkündür ki, bu qarşıdurmanın nəticəsində onların hətta muxtar statusu əllərindən alınsın”. Politoloq vurğulayıb ki, bu, çox riskli oyundur: “Hələ 19-cu əsrdə bir deyim var idi: “Polşa və Qafqaz Rusiyanın barıt çəlləyidir”. Polşa XX əsrin əvvəlində, Cənubi Qafqaz da XX əsrin sonunda Rusiyadan ayrılaraq müstəqilliklərini bərpa etdilər. İndi Şimali Qafqazda aktivlik başlayıb”. Qeyd edək ki, son günlər Şimali Qafqazda vəziyyət gərginləşib. Belə ki, Kabardin-Balkarda çərkəzlərlə balkarlar arasında toqquşma yaşanıb. Nəticədə Kabardin Balkarın rəhbəri Kazbek Kokov Yuri Kokovla əvəzlənib. Bununla bərabər, Çeçenistanla İnquşetiya arasında ərazi mübadiləsi barədə razılaşma imzalanıb. Nəticədə İnquşetiyanın Sunjensk rayonu Çeçenistana, Çeçenistanın Nadtereç rayonu isə inquşlara verilib. Bundan sonra İnquşetiyada etiraz aksiyaları baş tutub. Etiraz aksiyaları Rusiya Milli Qvardiyası tərəfindən yatırdılıb.