“Seçkini müşahidə etmək niyyətində deyilik” - Sərdar Cəlaloğlu

Baxış sayı:
8524

“Biz seçkilərdə partiya namizədi kimi iştirak etmirik, ancaq partiya olaraq seçki prosesində iştirak edəcəyik. Seçkilərdə yalnız namizədlə iştirak etmirlər ki... Biz məntəqələrə gəlib, səs verəcək, müşahidə etdiklərimizi deyəcəyik”.
Muxalifet.az xəbər verir ki, bunu reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu əlavə edib ki, xüsusi müşahidə qrupları yaradıb seçkini müşahidə etmək niyyətində də deyillər:
“Buna ehtiyac görmürük. Eyni zamanda üzvlərimizi konkret namizədə səs verməyə də çağırmırıq. Səsverməni üzvlərimizin ixtiyarına buraxırıq. Hər kəs istədiyi namizədə səs verə bilər”.
S. Cəlaloğlu seçki günü aidiyyəti üzrə məntəqəyə gedəcəyini və səs verəcəyini qeyd edib, amma kimə səs verəcəyini açıqlamayıb: “Bildiyiniz kimi, səsvermə gizlidir. Mən də səsvermə hüququmdan istifadə edəcəyəm”.
ADP sədri Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında yaranan problemə də toxunub, baş verənləri süni gərginlik hesab etdiyini bildirib. Əmindir ki, yaxın gələcəkdə bu problem və gərginlik aradan qalxacaq.
Siyasətçi həmçinin ABŞ-ın Azərbaycan və Ermənistan arasında mümkün sülh əldə etməsi prosesinə birtərəfli yanaşmadığını, ədalətli mövqedə dayandırığını da deyib. S. Cəlaloğlu əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh ilk növbədə tərəflərin özlərinə lazımdır.