​SEÇKİNİ İRƏLİ ÇƏKMƏK MEXANİZMİ İŞƏ DÜŞDÜ

Baxış sayı:
970

Prezident İlham Əliyev Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, qüvvəyə minən əsas yeniliklərdən biri konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2017-ci ilin oktyabr ayında başa çatır. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməlidir. Bu, Seçki Məcəlləsinin tələbidir.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Seçki Məcəlləsində indiyədək qüvvədə olmuş normasına görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.