“Seçicilər Milli Məclisin onların səsi ilə formalaşmasını istəyirlər” - DEPUTATLIĞA NAMİZƏD XALİDDİN CAHANGİROV

Baxış sayı:
6138

9 fevral növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, millət vəkili olmaq istəyən namizədlərin Seçki qərargahlarında da həyacan artır. Öz gücünə arxayın olan hər bir namizəd bu dönəmi uğurla başa vurub, demokratik seçki prosesinin baş tutmasını səbrsizliklə gözləyirlər. O cümlədən, Milli Məclisin bir qrup məmurun deyil, nəhayət ki, onların öz iradəsi ilə formalaşmasında maraqlı olan vətəndaşlar da, əksər namizədlər kimi, bu günün həyəcanını yaşamaqdadırlar. Bəs, gözlənilən ədalətli seçki prosesi baş tutacaqmı, yoxsa keçmiş "ənənəyə" uyğun olaraq, xalqın səsi yenə də oğurlanacaq?

Bu və digər suallara Azərbaycan Demokrat Partiyasının (ADP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Cahangirov Xaliddin Baloğlan oğlu ilə söhbətimizdə cavab tapmağa çalışdıq.

- Xaliddin bəy, cəmi bir həftə sonrda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. İlk olaraq bu müddət ərzində gördüyünüz işlərlə bağlı oxucularımıza məlumat verməyinizi istərdik...

- Əvvəlcə onu deyim ki, hələ seçkilərə bir həftə qalsa da, ötən müddət ərzində kifayət qədər iş görə bilmişik. Mən və Seçki qərargahımın üzvləri, eləcə də tərəfdarlarım bütün gücümüzü ortaya qoymuşuq ki, hər bir ailənin qapısını döyüb, vətəndaşlarımızı seçki platformamızla tanış edək. Bundan əlavə, onları seçkiyə dəvət etməklə 9 fevralda seçici aktivliyinin yüksək olmasını da təmin etməyə çalışırıq.

Sizin də bildiyiniz kimi, Azərbaycanda indiyə qədər seçici aktivliyi o qədər də ürəkaçan səviyyədə olmayıb. Əlbəttə, rəsmi rəqəmlərdə bu, kifayət qədər yüksək göstərilir. Amma bütün bunlar seçki qutusuna topa-topa bülletenlər atılması və “karusel” əməliyyatı həyata keçirilməsi nəticəsində baş verib. İnanmaq istəyirik ki, bu xoşagəlməz “ənənə” artıq geridə qalıb, 9 fevral seçkiləri nisbətən demokratik keçiriləcək. Bu səbəbdən də seçicilərlə mütəmadi görüşlər keçirir, onları seçkiyə gəlməyə və doğru bildikləri namizədə səs verməyə çalışırıq.

Qarşıdakı bir həftə ərzində də bir sıra görüşlər keçirməklə yanaşı, təşviqat materiallarımızı hər bir ailəyə çatdırmağı nəzərdə tuturuq. Məsələn, sabahdan başlayaraq, fevralın 2-də, 3-də və 4-də ardıcıl olaraq müxtəlif yerlərdə seçicilərlə daha geniş tərkibdə görüş keçirmək planımız var.

- Ümumiyyətlə, bu görüşlər sizdə hansı qənaəti formalaşdırıb, vətəndaşlarımızın seçkiyə marağı varmı?

- Hesab edirəm ki, ötən seçkilərə nisbətən vətəndaşlar seçkiyə çox böyük ümidlə yanaşırlar. Onlar artıq deputatlarının Milli Məclisdə təyinatla deyil, verdikləri səslərlə əyləşməsini istəyirlər. Vətəndaşlar istəyir ki, millət vəkili təkcə seçkiöncəsi təşviqat kampaniyası dönəmində onların qapısını döyməsin, seçildikdən sonar da hər zaman öz seçiciləri ilə maraqlansın, onların şikayətlərini dinləsin, problemlərinin həllinə imkanı daxilində yardımçı olmağa çalışsın. Bu isə, şəxsən məndə seçkinin nəticəsinə kifayət qədər inam yaradır ki, nəhayət, insanlar öz talelərinə biganə qalmaq istəmir, Milli Məclisin məhz onların iradəsi ilə formalaşmasını istəyirlər.

Seçicilərlə görüşlərimdə dəfələlər belə fikir bildirənlər olub ki, biz ümumiyyətlə seçkidə iştirak etməmişik, amma fevralın 9-da mütləq səsverməyə qatılacağıq.

- Necə bilirsiniz, həmin vətəndaşların seçimi sizin xeyrinizə olacaq, yoxsa…

- Mən bütün görüşlərdə özümə qarşı böyük diqqət görmüşəm. Bu, həm mənim şəxsi fəaliyyətim, həm də təmsil etdiyim Azərbaycan Demokrat Partiyasının nüfuzu ilə bağlıdır. İnsanların ADP-yə, onun sədri, prezidentliyə keçmiş namizəd, hazırda isə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olan Sərdar Cəlaloğluna böyük simpatiyası olduğunu əminliklə deyə bilərəm. Məni tanımayan insanlar Sərdar bəyin rəhbərlik etdiyi partiyanın namizədi olduğumu bildikdə, dərhal böyük maraq göstərir, mənə səs verəcəyini, hətta qələbə qazanmağım üçün bütün tanışlarını da ADP-nin namizədinə səs verməyə çağıracaqlarını bildirirlər. Elə insanlar da var ki, Sərdar bəyin də iştirakı ilə geniş görüşlər keçirməyi təklif edir. Təbii ki, hazırda Sərdar bəy də seçkidə iştirak etdiyindən, bu məsələdə vaxt problemi var. Amma yaxın günlərdə belə bir görüşün keçirilməsi də mümkündür və bu haqda düşünürük.

Konkret olaraq sualınızın cavabına gəldikdə isə, əminliklə vurğulayıram ki, seçkilər demokratik keçirilərsə, Milli Məclis xalqın iradəsi ilə formalaşarsa, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin seçicilərini parlamentdə məhz mən – ADP-nin namizədi Xaliddin Cahangirov təmsil edəcək. Bu halda isə növbəti 5 il ərzində hər zaman seçicilərimin xidmətində dayanacağam.

- Deyə bilərsiniz, bu gün 43 saylı Sumqayıt üçüncü seçki dairəsində seçicilərin deputatlığa namizədlərdən, şəxsən Sizdən əsas tələb və istəkləri nələrdir?

- Bilirisiniz, mən düşünmürəm ki, seçicilərin tələb və təklifləri hansısa dairələrdə bir-birindən o qədər də fərqlənir. Ola bilər ki, bir neçə dairənin özünün spesifik problemi olsun, amma ümumilikdə, xüsusən də Bakı və Sumqayıtda seçicilərin istəyi demək olar ki, oxşardır. Məsələn, işsizlik, məmur süründürməçilikləri, sosial təminatlarının olmaması, yol problemi, kommunal problemlər və s. məsələlərlə bağlı çoxsaylı şikayətlər olur. Şübhəsiz, hər bir seçici yaxşı bilir ki, millət vəkilinin işi onların sosial problemlərini həll etməkdən, uçub-dağılan yollarını düzəltməkdən, su basan zirzəmilərini qurutmaqdan və s. ibarət deyil. Amma millət vəkili hər bir seçicisinin qayğısına qalmalı, onların problemini müvafiq qurumlar qarşısında qaldırmalı və bunun həllinə çalışmalıdır. Yoxsa, namizəd seçki dönəmində vətəndaşın qapısını döyüb səs istəyib, seçildikdən sonra isə 5 il “yoxa çıxacaqsa", təbii ki, bu insanların ümidini alt-üst edir, necə ki, əvvəlki illərdə biz bunun şahidi olmuşuq.

- Dövlət başçısı istər ötən ilin sonunda yerli telekanallara verdiyi müsahibədə, istər də bir neçə gün əvvəl Davosdakı çıxışında Azərbaycanda növbədənkənar parlament seçkisinin tam şəffaf keçiriləcəyini və Milli Məclisin xalqın iradəsi ilə formalaşacağını bəyan etdi. Bu haqda siz nə düşünürsünüz?

- Şübhəsiz, hər bir vətəndaş kimi, biz də son vaxtlar Azərbaycanda aparılan islahatları yaxından izləyirik. Hətta bir neçə dəfə təmsil etdiyim Demokar Partiyasının islahatlarla bağlı prezident İlham Əliyevə dəstək bəyanatı, konkret təklifləri də olub və bütün bunlar sosial şəbəkələrdə, mətbuatda geniş müzakirə mövzusuna çevrilib. Şəxsən mən hesab edirəm ki, bu islahatlar artıq öz bəhrəsini verməkdədir. Siz bir neçə il öncəni gözünüzün önünə gətirin, istər Vergilər Nazirliyi, istər Gömrük Komitəsi, İstər Nəqliyyat Nazirliyi, istər də əksər nazirlik və dövlət idarələri insanların az qala “qanını sorurdular”. Bu gün isə vəziyyət əvvəlki kimi deyil. Doğrudur, hələ problemlərin tam olaraq aradan qaldırıldığını demək olmaz. Amma yeni kadrların bu müddət ərzində gördüyü işlərin üstündən xətt çəkmək də ədalətsizlik olar.

Nəzərə alsaq ki, bu islahatlar məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iradəsi çərçivəsində aparılır, 9 fevralda da anoloji iradənin ortada olacağına inanmaq istərdik. Təbii ki, bu iradə ortada olacaqsa, vətəndaşlarımız ölkəmizdə çox gözəl hadisələrin şahidi olacaq. Yox, bu islahatlar geriyədönüş vəziyyəti alarsa, o zaman hakimiyyət üçün də yaxşı nəticələrin olacağını düşünmürəm. Amma mən bu proseslərə nikbin yanaşıram. Hətta belə güman edirəm ki, az əvvəl ölkə başçısının bəyan etdiyi kimi, parlament seçkilərindən sonar daha ciddi islahatların şahidi ola bilərik. Çünki keçmiş parlament bu islahatların “ayağına” böyük çidar vururdu. Milli Məclis fevralın 9-da xalqın iradəsi ilə formalaşacaqsa, islahatlar prosesinin daha böyük sürət alacağına əminəm.

- Yeri gəlmişkən, mətbuat ölkədə bu islahatlara müqavimət göstərən qüvvələrin mövcudluğundan da bəhs edir. Bu haqda sizin firkinizi bilmək də maraqlı olardı?

- Doğrudur, istər xaricdən, istər də daxildən bu islahatıara qarşı ciddi dirənişlər göstərildiyini zaman-zaman müşahidə etməkdəyik. Amma, yenə də bəyan edirəm ki, prezidentin seçkilərin demokratik keçirilməsi ilə bağlı iradəsi ortada olduğu müddətdə, heç bir kənar müdaxilədən söhbət gedə bilməz. Ola bilsin ki, parlament seçkisi zamanı məlum qüvvələr tərəfindən bu prosesin demokratikliyinə kölgə salmaq cəhdləri olsun. Təsadüfi deyil ki, Milli Məclisin buraxılmasına səs verən deputatların böyük əksəriyyəti yenidən seçkiyə qatılıb, hətta bəzi siyasilər tərəfindən həmin şəxslərin tam tərkibdə növbəti parlamentdə də təmsil olunacağı haqda siyahılar meydana atılıb. Hesab edirəm ki, bütün bunlar düşünülmüş siyasətin nəticəsidir və seçkinin nəticəsini indidən şübhə altına almağa xidmət edir. Amma mən inanıram ki, istər Prezident İlham Əliyevin, istər də Birinci vitse-prezident Mehriban Əliyevanın növbədənkənar parlament seçkisinin demokratik keçiriləcəyi ilə bağlı bəyanatları heç də boşuna səslənməyib və 9 fevral seçkisi xalqın iradəsini özündə əks etdirəcək, nəticədə isə Milli Məclis üzlərinin hamısı olmasa da, böyük əksəriyyəti xalqın seçimi ilə mandat əldə edəcəklər.

Söhbətləşdi: İlhamə SABİRQIZI,
Hurriyyet.org