Saytların bloklanması hüquqi rəzillikdir - EKSPERT

Baxış sayı:
160

Ələsgər Məmmədli, Hüquqşünas, Media Hüququ mütəxəssisi

Avgustun 8-də Nəqliyyat rabitə və yüksək texnologialar nazirliyinin ildırım sürəti ilə məhkəməyə göndərdiyi şikayətlər həmin gün ərzində məhkəmə tərəfinən qarşı tərəfə müdafiə haqqı verilmədən bloklandı və ölkə ərazisindən çıxış qadağan edildi.

Baş verənlər əvvəlki bloklamalardan xeyli fərqlənir. Əvvəlki bloklamalarda daha çox iddiaçı tərəf dövlət qurumları olduğu halda və iddialar dövlətin təhlükəsizliyi bəhanəsinə söykəndiyi halda indiki müraciətlərdə dövlət yox, onun korrupsiyada, səriştəsiz idarəetmədə suçlanan məmurları özlərini haqlı tənqiddən qorumaq üçün NRYT Nazirliyini bir dəfəlik istifadə etdilər. Bu zaman bəhanə dövlət təhlükəsizliyi yox, guya böhtana məruz qalma oldu.

Məhz buna görə də baş verənlər ciddi qanun pozuntusudur. NRYTN sadəcə böhtan iddiasını öz mülahizəsi ilə məhkəməyə daşıya bilməz. Çünki, böhtan cinayət məcəlləsində şəxsə qarşı işlənən suçlardandır və onun müdafiəsi ilə dövlət qurumu yox, konkret böhtana məruz qalan tərəf iiddia qaldırmalıdır. Bu iddia da, digər iddialardan fərqli olaraq xüsusi ittiham qaydasında olmalıdır. Böhtana məruz qaldığını iddia edən tərəf məhkəmədə böhtan olmasını sübut etmək vəzifəsi də daşıyır. Yəni, böhtan Azərbaycan qanunvericiliyinə görə cinayət əməli hesab edildiyinə görə məhkəmədə bunu sübut etmək vəzifəsi böhtana uğradığını iddia edən tərəfdədir. Böhtan yaymaqda şübhəli tərəf isə bu vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin müəyyən etdiyi təqsirsizlik prizumpsiyasından faydalanaraq, xüsusi ittiham qaydasında baxılan işin yekun qərarına qədər məsum hesab edilir. Yalnız, xüsusi ittiham qaydasında baxılan iş bu sahədə xüsusi ekspertizalar keçirildikdən sonra yekun qərar verə bilər. Çünki, diffamasiya iddiası media azadlığını, ifadə azadlığını təhdid etdiyindən və media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasınnı 10-cu maddəsi ilə qorunduğundan, yalnız demokratik cəmiyyətdə son zərurət kimi maddənin sanksiyası tətbiq edilə bilər.

NRYTN-nə keçən il İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna edilən yeni əlavə ilə verilən səlahiyyəti yanlış anlamaqda və yanlış tətbiq etməkdədir.

Nazirlik dövlətin təhlükəsizliyi məsələsində məhkəmə qərarı ilə bloklama qoya bilsə də (bu tip iddialar dövlət ittihamçısının səlahiyyətindədir və əslində burda da ciddi sui-istifadələr var. Lakin bu ayrı yazının mövzusudur) böhtan iddiasında bunu ümumiyyətlə edə bilməz.

Böhtana görə məhkəmə iddiası dövlət ittihamçısı tərəfindən deyil, böhtana məruz qaldığını iddia edən tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə birbaşa edilməlidir.

Son bloklanan saytların bloklanmaya səbəb olduğu iddia edilən bütün yazılarında mövzu diffamasiya olub. Məhkəmə prosesində bütün mübahisələnən yazılarda diffamasiyanın mövcudluğu iddiası olub. Lakin bunun sübutu üçün diffomasiyaya məruz qalan şəxslər olmayıb və onların xüsusi ittiham qaydasında məhkəmə müraciəti olmayıb.

NRYT Nazirliyinin səlahiyyətləri arasında şəxsləri, o cümlədən vəzifəli şəxsləri böhtandan müdafiə etməklə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək yoxdur.

Yalnız diffamasiyaya məruz qaldığını iddia edən şəxs xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırdıqdan, məhkəmədə bu mübahisə məhkəmə başıxından keçdikdən və ekspertizadan keçdikdən sonra məhkəmə qərar versə ki, yayılan məlumat böhtandır. Ondan sonra şəxs və ya onun müraciəti ilə Ədliyyə Naziriyi məhkəmə qərarının icrası məqsədi ilə NRYT nazirliyinə müraciət edib bloklama tələb edə bilər.

NRYT Nazirliyi İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunda ona verilən səlahiyyəti dərk etmədən, balıklama bu prosesə atlaması medianın funksiyasının mahiyyətini dərk etməməkdən və hüquqi savadsızlıqdan doğur.

Heç olmasa bu sahədə beynəlxalq sənədlərə, Konstitusiyanın 47, 50, 71-ci maddələrinə, İnsan hüquq və azadlıqlarının qorunmasına dair Konstitusiya Qanununa, Avropa İnsan Hüquqları Konvensiyasının 10-ci maddəsinə, Konvensiyanı ratifikasiya edən 2001-ci il tarixli müvafiq Qanuna, Konstitusiyanın beynəlxalq aktların hüquqi qüvvəsini müəyyən edən 151-ci maddəsinə, BMT-nin Mülki və Siyasi Hüquqlara dair Paktın 19-cu və onun ratifikasiyasını həyata keçirən müvafiq Qanuna və nəhayət Avropa İnsan Hüquqları Məhkəməsinin Yaşar Ağazadə, Rövşən Mahmudov Azərbaycana qarşı 2007-ci il tarixli və Fətullayev Azərbaycana qarşı 2010-cu il tarixli qərarlarına baxmalı idi.

Xəbər resurslarını bloklayaraq, onları Azərbaycanda cəmiyyət üçün bağlamaq, media azadlığını tamamilə ortadan qaldırmaqdır.

Hətta həmin resurslarda böhtan olsa belə və hökumətin keçən ilki İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun leqitim olmayan normalarına baxmayaraq, həmin normadan üstün onlarla norma bu addımın atılmasını mümkünsüz edir.

Saytların böhtan bəhanəsi ilə bağlanması birbaşa mediya senzura tətbiq etməkdir. Azərbaycan Konstitusiyasının 47, 50, 71 və 151-ci maddələrini diqqətlə nəzərdən keçirdikdə ümumiyyətlə Nazirliyə bu səlahiyyətin verilməsini nəzərdə tutan norma Konstitusiyaya və ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlərə açıq-aşkar ziddir və tətbiq edilə bilməz. Çünki, Konstitusiya birbaşa qüvvədə olan ən üstün sənəddir. Onun 151-ci maddəsi isə açıq şəkildə deyir ki ölkənin tərəfdar olduğu sənədlərdə olan müddəalar qanunlarla ziddiyyət təşkil edirsə, beynəlxalq sənədlər daha üstündür. Yəni İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunu beynəlxalq sənədlərə, Konvensiyanın 10-cu maddəsinə açıq-aşkar ziddir və tətbiq edilə bilməz.

Bir digər hüquqi əhəmiyyət daşıyan məsələ də böhtana məruz qalan şəxslərin ortda olmasması, böhtana görə xüsusi ittiham qaydasında məhkəmə iddiasının mövcud olmadığı halda bloklanan saytların rəhbərləri və redaktorları NRTY Nazirliyinin iddiası ilə böhtançı elan ediliblər və məsələyə baxan hakimlər də ölkə Konstitusiyasını heçə sayaraq bu şəxsləri faktiki cinayətkar (böhtan atan tərəf) elan edib və Konstitusiyanın 63-cü maddəsinin tələbi olan təqsirsizlik prizupsiyası hüququnu pozublar.

Medianı böhtanda təqsirləndirmək üçün xüsusi ittiham qaydasında ayrıca zərərçəkən tərəflərin iddiası olmalı idi. Onlar bui ddialarını məhkəmədə sübut etməli, ondan sonra hakim bunu qəbul etməli idi. Bunun üçün də Cinayət Məcəlləsinin 147-ci maddəsi tətbiq edilməli idi.

Cinayət Məcəlləsinin 147-ci maddəsi deyir ki, bir məlumatın böhtan olması üçün üç şərt olmalıdır:
1. KİV-də yayılma,
2. yalan,
3 qəsd.

Məsələn arqument.az saytı susuz qaldıqları üçün icra başçısından şikayət edən Lerik sakinlərinin səsini ölkə rəhbərliyinə çatdırmaq üçün vasitəçi olub və onların şikayətlərinə yer verdikdən sonra peşə etikasına Sadiq qalaraq icra hakimiyyətinin mövqeyini də həmin yazıda verib. Bu birbaşa media funksiyasıdır. Medianı öz işini gördüyünə görə senzuraya məruz qoymaq, bloklamaq birbaşa media azadlığına qəsddir. İcra başçısı ona böhtan atıldığını düşünürdüsə gərək özü xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib sübut edəydi.. Bunu etməyib, amma nazirlik səlahiyyəti olmadığı halda böhtan olub-olmadığına dair məhkəmə qərarı olmadığı halda böhtan olduğu qənaətinə gəlib və saytı blokladıb.

İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun 13-2.3.9 maddəsi təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar-deyəndə bunu qanunvericilikdəki anlayışlar çərçivəsində deyir. Nazirliyin bir məlumatı böhtan hesab etməsi üçün həmin məlumat Cinayət Məcəlləsinin 147-ci maddəsi çərçivəsindən keçməlidir. Bu qədər savadsızlıq olmaz ki, böhtan anlayışını qanunda olduğu yerə baxmadan, icra başçısının iddiasıi ilə böhtan varmış kimi qəbul edib məhkəməyə yollayasan. Qərar verən hakimin də hüquq bilgisi ciddi şübhə doğurur. Heç olmasa nazirlik bimirsə hakim bilməlidir ki, böhtan anlayışı Cinayət Məcəlləsində təsbit edilib və məlumata böhtan demək üçün yalan, qəsd və KİV-də yayılma birlikdə sübut edilmiş olmalıdır.

Yaxud Turan İA-nin analitik yazısını təkrar verən xural.com saytının bloklanması da bunun kimi eyni hüquqi skandalla doludur. Analitik yazı mülahizələr əsasında formalaşır. Avropa İnsan Hüquqları Məhkəməsi 10-cu maddə ilə bağlı qərarlarının çoxunda aydın şəkildə mülahizə ilə faktın ayrılmalı olduğunu, faktlarda diffamasiyanın mövcudluğunu iddia edilə biləcəyini, mülahizələrdə isə mülahizənin sübutunun mümkün olmadığı qəbul edilib. Bloklanmaya qərar verən hakim nəyinki AİH Məhkəməsinin yuridiksiyasını tətbiq etməyib, eyni zamanda KİV haqqında qanunun 62-ci maddəsinin də tələbini kobud şəkildə gözardı edib və başqa mənbədə yayaılan və təkzib olunmayan məlumatı yayan təərfin məsuliyyətdən qanunla azad olduğunu bilməyiib.

Bir sözlə bu son bloklama olayı hüquqi rəzillikdən başqa bir şey deyil və gələcəkdə Azərbaycan hüquq sisteminin absurdlarına dair dəsrsliklərdə vazkeçilməz kazuslardan olacaq.