Sarkisyanın olduğu toyda Azərbaycan mahnısı səsləndi

Xəbər verdiyimiz kimi, erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun toy mərasimi olub.
 
Xatırladaq ki, milyarder oğlunun toyu Moskvanın ən dəbdəbəli “Safir” sarayında baş tutub.
Lilit adlı xanımla ailə həyatı quran milyarder oğlunun toy mərasimində Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər rəsmilər, eləcə də Rusiya şou-biznesinin nümayəndələri- müğənnilər -Alla Puqaçova, Filipp Kirkorov, Vera Brejneva, Nikolay Baskov, musiqiçi Sergey Şnurov, telejurnalistlər- Kseniya Sobçak və Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, italyan müğənni Eros Ramazotti də iştirak ediblər.
Azvision.az bildirir ki, Ermənistanın siyasi elitasının iştirak etdiyi toyda Azərbaycanın xalq mahnısı "Aman Tello"nun səsləndirilməsi diqqətdən yayınmayıb. Bəy-gəlin, həmçinin qonaqlar saraya Azərbaycan musiqisinin sədaları altında daxil olublar.
Onu da qeyd edək ki, ermənilər dəfələrlə Azərbaycana məxsus xalq mahnılarını oğurlayaraq özününkiləşdirməyə çalışıblar.