Salonda işləyən arvadını öldürmək istəmişdi: "Özüm polisə getdim"

Baxış sayı:
6025

Keçmiş həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrıiyi ilə məhkəmə prosesində sahə inspektoru Zaur Qasımov ifadə verib.

Polis əməkdaşı bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib. Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq edilib.

Sahə inspektoru əlavə edib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqlandığını deyib.

"Özü könüllü yanıma gəldi. Mən də 4-cü polis bölməsinə təhvil verdim. Sonra da hadisəni törətdiyi bıçağı götürdük. Başqa yerə atmışdı"- deyə şahid polis əməkdaşı bildirib.

Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. Bildirib ki, hadisədən sonra evə gedib, işıqları söndürüb, qapını bağlayıb və polisə təslim olub.

Prosesin davamında hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası iyulun 8-də davam etdiriləcək.

Elan olunmuş ittihamla Rzayev özünü qismən təqsirli bilib.

Z.Rzayev ifadəsində bildirib ki, 1996-cı ildə ailə həyatı qurub və 2018-ci ildə boşanıb.

"İki övladım var. Onlar mənimlə yaşayırdı. Keçmiş həyat yoldaşım isə anasıgildə qalırdı. Bir gün ona zəng edən zaman kişi səsi eşitdim. Əsəbiləşib onun işlədiyi salona getdim. Onu öldürmək niyyətim yox idi"- deyən Rzayev boşanmasının səbəbini də danışıb.

Söyləyib ki, arvadının başqa şəxslərlə mesajlaşdığını görüb və buna görə də boşanıb.

Zərərçəkmiş, Rzayevin keçmiş həyat yoldaşı Aynur isə deyilənləri yalanlayıb.

Aynur Rzayeva bildirib ki, 18 yaşında ailə həyatı qurub. Onun sözlərinə görə ailədəki problemlər Zaurun spirtli içki içməsinə görə yaranıb.

Aynur Rzayeva uşaqlarının xətrinə onu bağışladığını deyib.

Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib.

1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Rzayev keçmiş həyat yoldaşının başqa şəxslərlə danışdığını iddia edərək onu vurub.

Rzayevə qarşı Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.