"Sağ olsun ki, məni də "seçilmiş" kimi göstərib" - Sabir Rüstəmxanlı Cəmil Həsənlinin "deputat siyahısı"ndan DANIŞDI

Baxış sayı:
2963

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Məclisə “seçiləcək” şəxslərin siyahısını yaymasından danışıb. 

Muxalifet.az xəbər verir ki, Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən siyahıda onun da adı "seçilmiş" deputat kimi göstərilib:

"Cəmil Həsənli sağ olsun ki, məni də "seçilmiş" deputat kimi göstərib. Bununla mənə ümid verir. Mən o siyahını ehtimal hesab edirəm. Bu cür təxminlər və ehtimallar zaman-zaman olub. Bundan əvvəl də ona bənzər "siyahılar" çap olunub. Adətən bu cür siyahıları yayanda ümumi şəraiti, namizədlərin nüfuzunu, müxalifətin və iqtidarın vəziyyətini nəzərə alırlar. Misal üçün, mən Neftçaladan namizədliyimi irəli sürdüyüm üçün müxalifət bu dairədən namizəd vermədi. Eyni zamanda hakimiyyətin də bu dairədən elə güclü namizədi yoxdur. Əslində namizədlərin siyahısına baxanda kimin seçiləcəyini namizədlərin nüfuzundan təxmin etmək olur. Amma düşünmürəm ki, o siyahı yüz faiz doğrudur. Sadəcə olaraq ehtimaldır".

Xalq şairi deyib ki, bu dəfəki seçkilər indiyədək olmayan qədər sərbəst təşkil olunub:

"1600 nəfərə yaxın namizəd qeydə alınıb. Heç kəsə əngəl yaradılmır. Kim harada istəsə, görüşünü keçirir, öz təbliğatını aparır. Şəxsən mən 14 nəfərin içərisində heç bir əngəl yaradıldığını görməmişəm, hamı sərbəst şəkildə görüş keçiririb öz sözünü deyir. Məncə digər dairələrdə də vəziyyət belədir. Hesab edirəm ki, seçki prosesi normal və şəffaf təşkil olunub".