S-300 komplekslərinin işə yaramadığı açıqlandı - SURİYA HƏRBÇİLƏRİNİN ETİRAFI

Baxış sayı:
1621

Suriya hərbçiləri Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 zenit-raket komplekslərinin İsrail aviasiyasına və qanadlı raketlərinə qarşı işə yaramadığını etiraf edir.

Bu haqda “Middle East Monitor” nəşri yazır. Nəşrin bildirdiyinə görə, suriyalı hərbçilər S-300 komplekslərinin radarlarının İsrail qanadlı raketlərini ümumiyyətlə “tanımadığını” deyirlər. Bu, İsrailin Suriya ərazisinə hava hücumları zamanı dəfələrlə sübut olunub.

Bildirilir ki, digər Rusiya hava və raketdən müdafiə sistemləri “daha da bərbaddır” və müasir hava döyüşlərində tətbiq edilmək üçün yararsızdır. Bununla belə suriyalı hərbçilər Çin istehsalı olan uzaqməsafəli JY-27 və JYL-1 radarlarını tərifləyirlər. Həmin radarların Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə inteqrasiyası “müəyyən uğurlara” səbəb ola bilər.

Qeyd edək ki, Rusiya 2018-ci ilin payızında Suriyaya S-300 “Favorit” zenit-raket kompleksləri göndərib və həmin kompleksləri “təmənnasız olaraq” Suriya ordusuna verib. Bundan sonra İsrail aviasiyası Suriyaya hava reydlərini bir müddət dayandırıb, lakin daha sonra yenidən Suriyadakı İran hədəflərini vurmağa başlayıb. Və hər dəfə Suriyanın havadan müdafiə sistemləri bu hücumlar qarşısında aciz qalıb. S-300 komplekslərinin İsrail hücumlarına qarşı tətbiqi haqda indiyədək heç nə məlum deyildi./Virtualaz.org