Rusiyanı və Putini Qərb sanksiyaları çökdürə bilmir - səbəb...

Baxış sayı:
8230

Natiq Cəfərli: “Amerika və Avropa Birliyi dövlətlərindəki şirkətlər başqa ölkələr üzərindən əlaqə quraraq sanksiyalardan yan keçməyə başladılar”; Elxan Şahinoğlu: “Putinin hazırki praktikası ondan ibarətdir ki, Qərbin böyük şirkətlərini şirnikləşdirici təkliflərlə Rusiyada müəyyən layihələrə cəlb etsin”

Rusiya Qərbin yeni sanksiyalarına məruz qala bilər. ABŞ senatında Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi müzakirə edilir. Səbəb isə Rusiyanın ABŞ-dakı seçkilərə güman edilən müdaxiləsidir.  Qanun layihəsi Rusiyanı Çin, İran, Şimali Koreya və senatorların fikrincə, ABŞ-dakı seçkilərə təsir etmək istəyən digər ölkələrlə eyni sıraya qoyur. Lakin Rusiyaya qarşı sanksiyalara sənədin xeyli böyük hissəsi həsr olunub.

Düzəlişlərə əsasən, ABŞ konkret banklara və energetika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Layihədə həmçinin Rusiya ilə əlaqəli dağ-mədən, kosmik və digər sahə müəssisələri qeyd olunur. Bundan əlavə, amerikalılar Rusiya suveren borcu, dövlət istiqrazları və Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərin borc öhdəliklərinin ABŞ yurisdiksiyası altına düşən tranzaksiyalarını məhdudlaşdırmaq niyyətindədirlər.

Eyni zamanda  şəxsi sanksiyalar altına düşmüş “yüksək vəzifəli rusiyalı siyasi fiqurların və top-menecerlərin” aktivlərinin bloklanması və dondurulması tətbiq olunacaq.

Rusiyaya qarşı bu kimi sərt sanksiyalar Krımın ilhaqından sonra tətbiq edilməyə başladı və qonşu ölkədə bununla bağlı bir çox sosial-iqtisadi problemlər yaşandı. Bu problemlər Rusiyadakı soydaşlarımızın da həyatına mənfi təsir etdi. Lakin görünən odur ki, bu sanksiyalar nə Rusiya iqtisadiyyatını çökdürə, nə də Putini hakimiyyətdən sala bildi. Bəs , Rusiyanın belə ağır sanksiyalar qarşısında duruş gətirməsinin sirri nədir?

Natiq Cəfərli ile ilgili görsel sonucu

Bu sualı cavablandıran  iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sualla bağlı hətta çox ciddi beynəlxalq araşdırmalar da mövcuddur: “Çox maraqlı nəticələrə də gəlinib. Ancaq əsas bir faktor var. hansı ki, bütün araşdırmaları bağlayır. Bu da Rusiyanın enerji daşıyıcılarına olan bağlılığı ilə,  ondan əldə etdiyi gəlirlərin həcmi ilə bağlıdır. Neftin qiyməti son 2 ildə belə kəskin yüksəlməsəydi, Rusiyanın durumu daha çətin ola bilərdi. 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərindən başlayaraq neft qiymətləri Rusiya üçün komfortlu bir hala gəldi. Əgər 40 dollardan və ya 50 dollardan aşağı olsaydı, Rusiya iqtisadiyyatının bu sanksiyalara dözmə şansı  sıfıra bərbər oldu. O zaman çox ciddi sosial gərginliklər, iqtisadi kataklizimlər yarana bilərdi. Rusiyanın dövlət gəlirlərinin böyük əksəriyyətini neft-qaz gəlirləri təşkil etdiyindən bu sanksiyalara daha dözümlü hala gəldi. Neftin qiyməti ötən il Rusiya büdcəsində nəzərdə tutulduğundan 20 dollar artıq oldu. İndi də 70 dollar civarında hərəkət edir.  Bu Rusiya iqtisadiyyatının dayanıqlı olmasının əsas səbəbidir. Təbii ki, başqa amillər də oldu”.

İqtisadçının sözlərinə görə, əsas amillərdən biri də o oldu ki, Avropanın bəzi biznes çevrələri sanksiyalardan yan keçməyin yollarını tapdılar: “Müxtəlif ölkələr  üzərindən, o cümlədən Belarusiya, Qazaxıstan üzərindən Rusiya ilə iqtisadi münasibətlərini davam etdirməyə çalışdılar. Çünki ciddi iqtisadi maraqları da var idi. Çünki biznes bütün məsələlər rasional yanaşır və siyasi məsələlər onları ən son düşündürən məqamdır. İstər insan haqları, istər işğal faktor, istərsə də digər amillər olsun. Biznesi bu məsələlərdən daha çox, öz maraqları düşündürür. Amerika və Avropa Birliyi ölkələri sanksiyalar qoysa da, bu dövlətlərin şirkətləri başqa ölkələr üzərindən əlaqə quraraq, sanksiyalardan yan keçməyə başladılar. Rusiya bazarı ilə təmaslarını davam etdirdilər. Bu da sanksiyaların təsirinin daha zəif olmasına səbəb oldu. Bu faktor , yəni son iki ildə neft və qaz qiymətlərinin yüksəlməsi Rusiya iqtisadiyyatının dayanıqlığını artırdı.

N.Cəfərli onu da vurğuladı ki, Rusiya hökuməti sanksiyaların təsirini azaltmaq üçün bir sıra doğru addımlar da atdı, aqrar sektorla bağlı qərarlar qəbul etdi: “Rusiyanın özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsi ilə bağlı ciddi addımlar atıldı. Sanksiyalara qədər Rusiyanın bazarında dominantlığı xaricdən gələn meyvələr təşkil edirdisə, indi bir çoxu bu ölkədə də istehsal olunur. Rusiya Polşadan 1 milyard dollara yaxın meyvə alırdısa, indi bu vəsait yerli istehsala yönəldilir. Bütün bu faktorlar toplananda aydın olur ki, Rusiya iqtisadiyyatının dayanıqlığının sirri nədədir. Ancaq təbii ki, fəsadlar da  oldu. Rublun əvvəlki dəyəri ilə indiki dəyəri arasında xeyli fərq var. Əvvəl 1 dollar 32 rubl idi, indi isə 65-66 rubl arasındadır. Son illərdə rublun iki dəfədən çox dəyərdən düşməsi sanksiyaların vurduğu zərbələrdən biridir. Yəni sanksiyaların müəyyən mənfi təsirləri də olmamış deyil”.

Ä°lgili resim

Politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında bildirdi ki, Putin əsas siyasətini Qərb şirkətlərinin müəyyən üsullarla şirnikləndirib Rusiya iqtisadiyyatına cəlb etmək üzərində qurub: “Ukraynadakı hadisələrdən və Krımın ilhaqından sonra Avropa Birliyi  Dövlətləri və Amerika Rusiya hakimiyyətinə və şəxsən Putinə qarşı sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar ildən-ilə müəyyən qədər sərtləşirdi. Müəyyən proqnozlar var idi ki, bu Rusiyada hakimiyyəti zəiflədəcək, iqtisadiyyatda müəyyən problemlər yaradacaq. Ancaq bu iki məsələni bir-birindən ayırmaq lazım idi. Hamıya məlum idi ki, bu sanksiyalar Putinin hakimiyyətdən getməsi ilə nəticələnməyəcək, Putin öz hakimiyyətini qoruyacaq. İqtisadiyyata gəlincə, həmin ildə sanksiyaların elə ciddi bir təsiri olmadı. Ancaq müəyyən mənfi təsirlər oldu və indi də bəzi mənfi tendensiyalar davam edir. Rusiya iqtisadiyyatında inflyasiyanın artması, sosial problemlərin artması müşahidə edilir. Doğrudur, Putin onları həll etməyə çalışır. Onun hazırki praktikası ondan ibarətdir ki, Qərbin böyük şirkətlərini şirnikləşdirici təkliflərlə Rusiyada müəyyən layihələrə cəlb etsin. Bu işdə müəyyən nailiyyətləri də var. Məsələn, Rusiya ”British Petrolium" şirkətinin böyük bir layihəsi var. Həmçinin bir neçə gün öncə, Almaniyanın və dünyanın çox böyük şirkətlərindən biri olan “Mercedes” şirkəti Moskva ətrafında böyük bir zavodu açıldı. Şimal dənizin dibi ilə boru xətti çəkildi".

Politoloqun fikrincə, Putin çalışır ki, Qərbin böyük dövlətlərinin sanksiyaları altında olmasına baxmayaraq, onların böyük şirkətlərini Rusiya iqtisadiyyatına cəlb etsin: “Artıq sanksiyaların 6-cı ilidir və aydındır ki, nə Putin hakimiyyətini itirməyəcək, nə də Rusiya iqtisadiyyatı çökməyəcək. Ancaq bu proses 2 ilə hesablanmayıb. Əgər Rusiya iqtisadiyyatında müəyyən sualların sayı artırsa, bu o deməkdir ki, Putinə bütün problemləri həll etmək elə də asan olmayacaq. Sanksiyalar Rusiya iqtisadiyyatına çox çətinliklər yaratdı. Əgər bu sanksiyalar olmasaydı, Putin  bir çox iqtisadi problemləri daha qısa müddətdə həll edə bilərdi. Ancaq sanksiyalar bir çox problemlərin həllini Putin üçün dondurdu./musavat