“Rusiya Suriyada çox təhlükəli siyasət aparır” - POLİTOLOQ

Baxış sayı:
4711

“Neçə ki, Türkiyə Rusiyanın yanındadır, Amerika ilə nə danışılacaq ki?!”

“Rusiya dinc durmur, İdlibdə bu saat əməlli-başlı müharibə gedir. İdlibdə guya, terrorçular var, Suriya Azadlıq Ordusuna hücum edilir, Əl-Nüsra cəbhəsinə hücum edilir...”

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyəyə səfəri ciddi marağa səbəb olub. Suriyadakı xüsusi səfir Yoel Raybörnin müşayiəti ilə keçirilən səfərlə bağlı yazılı açıqlama verən ABŞ Dövlət Departamenti görüşlərin mayın 2-dək davam edəcəyini bildirib.

Ceffri heyəti ilə birlikdə Türkiyənin ali hökumət nümayəndələri ilə Suriya məsələsini müzakirə edib. ABŞ ordusu Suriyadakı qüvvələrini azaldarkən Türkiyənin Şimali Suriyadakı təhlükəsizliklə bağlı narahatlıqları masaya qoyulub.

Bildirilir ki, Ceyms Ceffri bu səfərdən sonra İsveçrənin Cenevrə şəhərinə gedəcək. Orada Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xüsusi təmsilçiləri ilə bərabər bəzi suriyalı qruplarla görüşlər keçirəcək.

Bildiyimiz kimi, Ceyms Ceffrinin Türkiyəyə səfərindən öncə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Liderlərin söhbətində ikitərəfli və regional məsələlər müzakirə edilib, 75 milyard dollarlıq ticarət dövriyyəsi ilə bağlı hədəfdən danışılıb. Ölkə prezidentləri həmçinin, Suriyadakı prosesləri müzakirə ediblər və terrorla mübarizədə sıx əməkdaşlığın vacibliyini dilə gətiriblər. Maraqlıdır ki, prezidentlərin telefon danışığında yarımçıq qalan və yaxud razılaşdırılmayan nələr var ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfərə gəlir?

“Mən Amerikanın atdığı bu addımları düzgün hesab etmirəm”

“Trampın çağırışına Rusiyanın əhəmiyyət verəcəyini heç gözləmirəm” - QABİL HÜSEYNLİ

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi C.Ceffrinin Türkiyə səfəri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə fikirlərini belə ifadə etdi: “Neçə ki, S-400 gündəmdədir və Amerika S-400-ün alınmasının təxirə salnması istəyini davam etdirir, həll edilən, razılaşdırılan məsələlər həll edilməyən, razılaşdırılmayan məsələlərdən xeyli az olacaq. Buna görə artıq Amerika Suriyadan qoşunlarını çıxarmaq qərarını dəyişdirib. Üstəlik, o demokratik cəbhə deyilən, əslində, PKK ilə sıx bağları olan təşkilatlara da silah və digər yardımlarını çoxaldıb. Mən Amerikanın atdığı bu addımları düzgün hesab etmirəm. Amerika belə hesab edir ki, Türkiyə Rusiya ilə sıx əlaqələr yaradarsa, Amerikanın maraqlarına zidd hərəkət edir. Ona görə də bəzi nöqtələrdə amerikalılar Türkiyənin maraqlarına toxunan, hətta sərhəd bölgəsi üçün gərginlik yaradan addımlar atırlar. Bu, belə olmamalıydı, amma inad edib S-400 üzərində dayananda dövlətlərin hər biri öz strateji maraqlarını güdmək məcburiyyətində qalır”.

“Amerika böyük dövlətdir və öz hökmünü həyata keçirmək istəyir”

“Qeyd etdiyiniz məsələlər üzərində Amerika Türkiyə ilə bu səfər çərçivəsində razılığa gələ bilərmi” sualına Q. Hüseynli belə cavab verdi: “Razılığa gəlmələri çox çətin görünür. Bəlkə də ortaq bir məxrəcə nail ola bildilər, amma Türkiyə Rusiya ilə o qədər yaxınlaşıb, sıx iş birliyi içərisindədir ki, müəyyən məqamlardan imtina etmək çox çətin olacaq. Ən əsas da S-400-dən imtina etmək çətindir. Çünki ən ciddi məqam S-400-dür. Pomidor, xiyar satmaq, turist axını normal məsələlərdir. Amerika bunları maraqlarına toxunan məsələlər hesab etmir. Mən 100 % əmin deyiləm ki, S-400-ə görə Amerika Türkiyə ilə Suriya məsələsində razılaşmayacaq. Ancaq bunu demək istəyirəm ki, Amerika hələ də S-400-ü aldığına görə Türkiyə ilə münasibətlərin davam etdirilməsinin bəzi nüanslarına etiraz edir. Məsələn, F-35 təyyarələrini vermir, silah satışını dayandırır və digər iqtisadi xarakterli embarqolar gündəliyə gəlir. Yəni deyir NATO-nun üzvüsən, get NATO-nun üzvü ol, yox, KTMT-nin üzvüsən, onda gərək, NATO üzvlüyünü ya məhdudlaşdırasan, ya da ondan çıxasan. Amerikanın irəli sürdüyü məsələlərdə öz maraqlarını güdən məqamlar çox olsa da, israr edir. Nə etmək olar, böyük dövlətdir və öz hökmünü həyata keçirmək istəyir”.

“Amerika-Türkiyə gərginliyinin başında S-400 gəlir”

“Ceyms Ceffri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsidir, burada Suriya məsələsinin müzakirə olunacağı bilidirlir, burada S-400 məsələsinin müzakirəsi də gedə bilərmi”, -deyə sual etdikdə Q. Hüseynli belə söylədi: “S-400 məsələsinə də toxuna bilərlər. Çünki bu saat Amerika Türkiyə gərginliynin başında S-400 gəlir. Üstəlik də S-400-lərin ardınca Suriyada Astana prosesi deyilən proses gedir və onun içərisində Rusiya və Türkiyə yer alır. Yəni Türkiyə faktiki olraq Cenevrə prosesindən ayrılıb, başını Rusiyanın çəkdiyi Astana prosesinə qatıb. İndi Amerika da deyir, sən mənim prosesimdə deyilsən, başqa bir ölkə ilə iş birliyi aparırsan. İndi nə müzakirə edəcəklər? İndi deyirlər ki, uçuşa qadağan olunan zonalar düzəldək. Bu zonaları düzəltmək isə indi Amerikanın maraqlarına cavab vermir. Çünki Amerikanın İraqdan qalxan təyyarələri məhz bu nöqtələrdə Rusiyanın təyyarələrinə qarşı mübarizə aparır və onların da aralarında insident olmuşdu. Türkiyənin isə maraqları tələb edir ki, sərhədlərində mümkün qədər demokratik Suriya qüvvələri deyilən PKK-çıların iştirakı olmasın, onlar sərhədlərdən ən azı 100 kilometr uzaqlaşdırılsın və burada uçuşa qadağan edilmiş zonalar yaradılsın. Bunu da əldə etmək o qədər də asan deyil”.

“Hər gün Rusiya bombardmançıları Suriya Azadlıq Ordusunu da bombardman edir”

Q.Hüseynlinin fikrincə, ABŞ-ın yenidən Suriya məsələsinə diqqət yetirməsi Rusiya ilə əlaqədardır: “Çünki Rusiya dinc durmur, İdlibdə bu saat əməlli-başlı müharibə gedir. İdlibdə guya, terrorçular var, Suriya Azadlıq Ordusuna hücum edilir, Əl-Nüsra cəbhəsinə hücum edilir. Əl-Nüsra cəbhəsini Türkiyə müdafiə etmir, amma Suriya Azadlıq Ordusu Türkiyə tərəfindən formalaşdırılmış bir ordudur. Hər gün Rusiya bombardmançıları onları da bombardman edir. Arada da bölgədə nə qədər türkmən qaçqınları və mülki əhali var, onlara da ziyan deyir. Yəni fakt Rusiyanın burada apardığı siyasət çox zərərli və ziyankar bir siyastədir. Türkiyə də istər-istəməz onu müdafiə etmək zorunda qalır”.

“Ola bilsin ki, müəyyən məsələlərdə razılaşsınlar”

“Ceyms Ceffrinin səfərində Türkiyə ilə Rusiyanın Suriyada apardığı siyasətə qarşı razılığa gələ bilərlərmi” sualını Q. Hüseynli belə cavablandırdı: “Siyasətçilərə nə var, bu tərəfdə “hə” deyir, gedir o tərəfdə “yox” deyir və bundan sonra da münasibətlər gərginləşir. Ola bilsin ki, müəyyən məsələlərdə razılaşsınlar. Amma Suriya məsələsində neçə ki, Türkiyə Rusiyanın yanındadır, Rusiya ilə iş birliyi aparır, Amerika ilə nə danışılacaq ki?!”

Şamo EMİN, Hurriyyet.org