Rusiya Dağlıq Qarabağı de-fakto bizdən ayırıb

Baxış sayı:
1044

Bəli, biz onlara status verməmişik, amma ötən 30 il ərzində də status yox idi...

Qarabağdakı 44 günlük müharibədən sonra, 10 noyabr tarixində gecə saatlarında Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs bəyanatı imzalandı. İmzalanan bəyanatın mürəkkəbi qurumamış, 30 idən sonra Rusiya silahlı qüvvələri “sülhməramlı” adı altında Azərbaycan ərazisinə daxil oldu.

Baş vermiş hadisədən ötən dövr ərzində soyuq başla prosesləri Azərbaycanın dövlətçilik və milli maraqları baxımından analiz etməyə çalışacam. Əvvəlcə imzalanmış bəyanatın mətninə diqqətlə nəzər salaq. Bəyanatda erməni tərəfinin işğal altında qalan bir çox rayonlardan çıxması ilə bağlı konkret qrafik verməsi təqdirəlayiq haldır. Baxmayaraq ki, ordumuz həmin əraziləri də düşməndən təmizləmək əzmində idi, lakin Ağdamın, Kəlbəcərin və Laçının müharibəsiz təslim edilməsi yaxşı haldır. Nəhayət, 30 ilə yaxın bir müddətdə məcburi köçkünlük həyatı yaşayan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdacağı böyük hadisədir. 

Amma unutmamalıyıq ki, Ermənistanla Azərbaycan arasında ötən əsrin sonlarından başlayan bu savaş işğaldan azad edilən rayonlara görə deyil, məhz Dağlıq Qarabağ Muxtar Viləyətinin kimə məxsus olmasına görə başlamışdır. Başqa sözlə, əgər zamanında, yəni 1992-93-cü illərdə ölkədə mövcud olan milli və demokratik hakimiyyət Dağlıq Qarabağ Muxtar Viləyətini Ermənistana güzəştə getsəydi, nə ətraf rayonlar işğa olunardı, nə də Azərbaycan 10 min nəfərdn çox şəhid verməzdi. Əgər 44 günlük müharibə zamanı ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın bir qisminin azad edilməsi, bir qisminin isə Ermənistan tərəfindən dinc yolla qaytarılmasına baxmayaraq, Dağlıq Qarabağ yenə də ermənilərin nəzarətində qalırsa, onda Dağlıq Qarabağın taleyi bizi ciddi şəkildə düşündürməlidir. Digər tərəfdən, Rusiya qoşunlarının 30 ildən sonra “sülhməramlı” adı altında Azərbaycana qayıtması da bizi ciddi narahat etməlidir. Çünki bu ordunun Moldovada, Gürcüstanda “sülhməramlı missiya” adı altında fəaliyyətinin nəticələri bizə məlumdur. Biz bu ordunun son 100 ildə Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətləri də unutmamışıq. 20 yanvar 1990-ci ildə Bakıya yeridilən rus ordusunun törətdiyi qanlı cinayətin, 26 fevral 1992-ci il tarixdə 366-cı motoatıcı alayın erməni hərbi birləşmələri ilə Xocalıda törətdikləri soyqırımın yaraları hələ soyumayıb. Ona görə də xalq olaraq Rusiya qoşunlarının hətta “sülhməramlı” adı altında ölkəmizə daxil olmasına qarşı səsimizi ucaltmalıyıq. Bizə məlumdur ki, ölkə rəhbərliyinə xarici təzyiqlər var və bu təzyiqlər xüsusən Rusiya tərəfindəndir. Çox təəssüflər olsun ki, hakimiyyət sona qədər Rusiyanın bu təzyiqlərinə duruş gətirə bilmədi. Baxmayaraq ki, müharibə dönəmində ölkənin bütün siyasi qüvvələri, müxalifət daxil olmaqla prezident İlham Əliyevə çağırış edərək xalqın və müxaifətin birliyinə arxalanaraq təzyiqlərə tab gətirməyə çağırmışdılar. Axı, İlham Əliyevin özü də ən azı sözdə rus qoşunlarının Azərbaycana “sülhməramlı” adı altında daxil olmasına qarşı idi. Təzyiqlərə tab gətirmək və Rusiya qoşunlarını Azərbaycana buraxmamaq lazım idi. Amma 10 noyabrda gecə saatlarında rus ordusu xalqdan gizli, xəlvətcə Azərbaycana buraxıldı. İndi o ordu Qarabağda təmas xətti boyunca artıq Azərbaycanın ərazisinə yerləşdirilmişdir. 

Yada salaq ki, bu işğalçı rus ordusunu 1992-93-cü illərdə mərhum prezident Ə.Elçibəy öz hakimiyyətini itirmək bahasına Azərbaycandan çıxarmağa nail olmuşdu. Çünki rus ordusunun Azərbaycanda olması ölkəmizin müstəqilliyi və suverenliyi üçün real təhlükədir. Hakimiyyət mənsublarının nə deməsindən asılı olmayaraq, rus qoşunlarının Azərbaycanda olması dövlətimizin suverenliyinin Qarabağ ərazisində tam, digər ərazilərdə isə qismən mədudlaşdırılması deməkdir. 

300-ə qədər yaşayış məntəqəsini işğaldan azad edən Azərbaycan ordusu bu savaşın qalibidir. Demək olar, bütün strateji yüksəkliklər ordumuzun nəzarətində olduğu halda, cəmi 1 həftə vaxt lazım idi ki, bu problem birdəfəlik həll olunsun və gələcək nəsillərə qalmasın, yenidən dondurulmuş münaqişəyə çevrilməsin. Amma çox təəssüf ki, münaqişə yenidən dondurulur, Dağlıq Qarabağın statusu qeyri-müəyyən qalır, həmin bölgədə erməni separatçılarının faktiki hakimiyyəti saxlanılır. 

Ermənistan döyüş meydanında məğlub olub, ordusunu itirib, amma siyasi mənada Qarabağın taleyi ilə bağlı çox şeyi itirməyib. Ermənilər danışıqlar prosesi zamanı etiraf edirdilər ki, işğal etdikləri ətraf rayonları Dağlıq Qarabağın təhlükəsizliyi üçün əllərində saxlayırlar, Dağlıq Qarabağın statusunda razılığa gələcəkləri təqdirdə həmin rayonları azad edəcəklər. 

44 günlük müharibəyə qədər Qarabağdakı separatçı rejimi 25 minə yaxın erməni hərbçisi qoruyurdusa, indi əlavə olaraq onları 2 min nəfərlik və 500 ədəd hərbi texnikaya malik rus ordusu da onları bizdən qoruyacaqlar. Bəli, bizim üçün təsəllidir ki, həmin bəyanatda Qarabağın statusu ilə bağlı heç nə yoxdur. Amma nəzərə alsaq ki, 30 ilə yaxın bir müddətdə status müəyyən olunmadan orada de-fakto separatçı rejimin hakimiyyəti mövcud idi, bundan sonra da Rusiya ordusunun himayəsi ilə bu separatçı rejim fəaliyyətini davam etdirəcək. Həmin ərazidə Azərrbaycanın suverenliyini təmin edəcək heç bir öhdəlik yoxdur. Hətta orada olan erməni silahlı qüvvələrinin tərksilah olunması ilə bağlı razılaşma yoxdur. Bu gün küncə sıxılmış Paşinyan belə, növbəti savaşdan dəm vurur. İndi Ermənistanda siyasi böhran var, Paşinyan devriləcəyi halda orada yenidən Rusiyaya bağlı olan qüvvələr hakimiyyətə gələcək və yenidən müharibəyə revanş götürəcəklər. Bu bizə lazım idimi? Xeyr, bizə lazım deyildi. Bizə ordunun nəyin bahasına olursa-olsun durdurulması lazım deyildi, bizə ordunun sona qədər bu problemi həll etməsi və gələcək nəsillərə saxlamaması lazım idi. 

Biz görürük ki, müharibə meydanında Azərbaycan qalib olsa da, nəticə etibarı ilə Rusiya bu müharibədən qalib çıxaraq həm Azərbaycanda, həm də Ermənistanda öz laxlamış mövqelərini möhkəmlətdi. Rusiya Ermənistandakı soyuq münasibətdə olduğu hakimiyyəti cəzalandırdı və Azərbaycanı isə özündən asılı vəziyyətə saldı. De-fakto Dağlıq Qarabağ Rusiyanın nəzarətinə keçdi. Bu gün biz nə qədər özümüzə müxtəlif izahlarla təsəlli versək də fakt dəyişmir. 32 il bundan öncə də Dağlıq Qarabağda Rusiyaya tabe olan xüsusi idarəetmə vasitəsi olan “Volski komitəsi” var idi. Yəni Dağlıq Qarabağ problemini yaradan Rusiya bu bölgənin idarəetməsini Azərbaycandan və Ermənistandan alıb özünə tabe etmişdilər. 32 il sonra biz yenidən o status-kvoya qayıtdıq. Yenidən Azərbaycanda Qarabağ separatçılarının Rusiyanın himayəsi ilə faktiki hakimiyyəti bərqərar olur. Rusiya Ermənistan və Azərbaycan üzərində nəzarətini gücləndirməkdən ötəri Qarabağda nəzarəti faktiki öz üzərinə götürdü.

Bu gün Rusiya Dağlıq Qarabağı de-fakto bizdən ayırıb. Bəli, biz onlara status verməmişik, amma ötən 30 il ərzində də onların statusu yox idi. Sonuncu dəfə onların statusunu milli hakimiyyət ləğv etmişdi. Onların statusunun olmaması fəaliyyətlərinə heç bir maneçilik törətmir. Bu gün Rusiya BMT, ATƏT, AŞ, AB kimi təşkilatları Dağlıq Qarabağ məsələsində oyundan kənar vəziyyətə salıb. Əgər Dağlıq Qarabağa sülhməramlı qüvvələrin gəlməsi lazım idisə, bu çoxmilli qüvvələrdən təşkil olunmalı idi. Bir sözlə, 10 noyabrda imzalan bəyanat şanlı ordumuzun parlaq qələbəsinə kölgə salan bir razılaşma oldu. Elə razılaşma ki, 8 noyabrda ordumuz tərəfindən Qarabağın dilbər guşəsi olan Şuşanın işğaldan azad edilməsinə belə ürəkdən sevinə bilmədik. İmzalanan bəyanata görə,Ermənistanla Azərbaycan arasında quru yollarının açılması nəzərdə tutulur. Bu, özlüyündə yaxşı haldır, amma nəzərə alaq ki, həmin quru yollar da Rusiyanın nəzarəti altında olacaq, eyni zamanda necə ki, bu gün artıq Laçın koridoru da Rusiyanın nəzarətinə keçməkdədir, onda Azərbaycanın suverenliyi təkcə Qarabağda deyil, digər ərazilərində də pozulacaq.

Elvin Heydərov