Rəsmi Bakı Berlindən izahat istəyir - uçaq qalmaqalı

Baxış sayı:
10408

Azərbaycan üzərindən uçan alman təyyarələri ilə bağlı nə baş verib?; politoloq: “Bəlkə elə bəzi qüvvələr qəsdən Azərbaycanla NATO arasında münasibətləri korlamaq istəyir”

Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir.

Bildirildiyinə görə, bu səbəbdən onlar Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən imtina edib.

Almaniya Müdafiə Nazirliyinin hesabatında deyilir ki, bu ölkə HHQ-nin təyyarələri Azərbaycanla bağlı disputa görə aprelin sonlarına qədər bir sıra uçuşları dayandırır. Bundesverin əməliyyat komandanlığında bildiriblər ki, alman əsgərlərinin Əfqanıstana və geriyə uçması “təmin olunub”, çünki alternativ olaraq ABŞ HHQ-nin başqa marşrutla uçan təyyarələrindən istifadə edilir.

Digər bir məlumata görə, Azərbaycanın bu qərarından sonra alman ordusu əsgərlərini ABŞ təyyarələri və sərnişin reysləri ilə daşımaq məcburiyyətində qalıb. Azərbaycan tərəfi alman ordusunun həftəlik ehtiyacları üçün istifadə olunan təyyarənin də Bakıda enişinə icazə verməyib. Bu səbəbdən uçuşlar təxirə salınıb. Əfqanıstanın Məzar-i Şərif şəhərindəki Marmul NATO bazasında xidmət keçən 1300 alman əsgəri aprel ayının sonunadək Amerikanın C17 təyyarələri ilə daşınacaq. Almaniya mətbuatı hava sahəsindən keçid icazəsi almaq üçün NATO-nun Azərbaycanla danışıqlarda “ləng tərpənəsi”nin aprel ayındakı daşınmaları yubatdığını yazır. Həmkarlarımızın fikrincə, buna səbəb son illərdə Almaniya ilə NATO arasındakı soyuqluq olub.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki,  bu məsələnin NATO ilə bağlı olduğunu düşünmür: “Çünki necə olur, amerikan yükləri rahatlıqla daşına bilir? Bu, sırf Almaniyaya bağlı hadisədir. Hadisə ilə bağlı da təfərrüatlı şəkildə məlumat yoxdur. Müdafiə Nazirliyimizin bir açıqlaması olmalıdır ki, görək bu, nə məsələdir. Bəlkə elə bəzi qüvvələr qəsdən Azərbaycanla NATO arasında münasibətləri korlamaq istəyir? Ona görə də Azərbaycan rəsmiləri bu məsələyə aydınlıq gətirməlidir. Halbuki NATO baş katibi bu yaxınlarda çıxış edərək dedi ki, Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. Amerikanlar da eyni sözü deyir, yüklər Azərbaycanın üzərindən Əfqanıstana daşınır. Ona görə də bu xəbər məndə xeyli şübhələr yaradıb. Gərək Azərbaycan Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirsin”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”ın sualına cavab olaraq bildirildi ki, bu məsələnin nazirliyə hər hansı aidiyyəti yoxdur.

Qeyd edək ki, bəzi müşahidəçilər hətta bu qadağada Rusiyanın təzyiqlərinin də rol oynadığını iddia edirlər.

Qeyd edək ki, bu günlərdə NATO-nun baş katibi Azərbaycanla bağlı yüksək fikirlər söyləmişdi. NATO-nun baş katibi Yens Stoltenberq aprelin 3-4-də Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclasından sonra mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Bu mənada Bakı ilə NATO arasında hər hansı problem yarandığı inandırıcı görünmür.

Yazı çapa hazırlanan zaman rəsmi Bakı məsələyə reaksiya verdi. “Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan ”Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır" ifadəsi həqiqətə uyğun deyil". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. “Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu ”Qətiyyətli Dəstək" missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanın təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzvü ölkələrin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və prosedurlarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birilərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır" - L.Abdullayeva bildirib.

XİN rəsmisi daha sonra deyib ki, bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də, ümumiyyətlə, bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib: “ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tiflis-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib həmçinin Azərbayanın NATO-nun ”Qətiyyətli Dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib".

Diplomat qeyd edib ki, bununla yanaşı, son günlər Almaniya mətbuatına sızan məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir: “Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzvü ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır. Almaniya KİV-ə sızmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzvü ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir”./musavat