Rohinca qaçqınları acınacaqlı vəziyyətdədir – VİDEO

Banqladeşin yardım agentliklərinin gücü tükənmək üzrədir. Lakin Raxin ştatında üç həftədir davam edən qanlı münaqişə və humanitar böhran isə vəziyyətin dəyişəcəyinə heç bir işarə olmadığını göstərir
 
Myanmarda daha bir kənd yanır. Daha çox qaçqın Banqladeşə üz tutur. 400 minə qədər Rohinca müsəlmanı ölkənin cənub Çitaqonq ştatındakı düşərgələrə sığınıb. Lakin qaçqın düşərgələri artıq doludur və yardım agentlikləri tərəfindən kifayət qədər dəstək almır. “Çox sayda rohincalı gəlib. Düşərgələrdə yer çatmır. Biz yatmaq üçün haraya gedəcəyimizi bilmirik, küçələrdə yatmalı oluruq” deyə, Rohinca qaçqını Nur Məhəmməd bildirir.
Yeni gələnlər ölkənin cənub sərhədində toplaşan qaçqınların sığınması üçün meşə ərazisini təmizləyir. Düşərgələrdəki acınacaqlı vəziyyət barədə xəbər tez yayılır və insanlar arasında ümidsizliyə səbəb olur.
Humanitar təşkilatlardan çox az və ya heç bir yardım almayan düşərgələrdə vəziyyət çox ağırdır. Myanma cəngəlliklərini keçənlərin həyati ehtiyacları qarşılanmır. Qaçqın Ənsar Begüm: “Mən 5 uşağımla birlikdə düşərgədə üç gün qaldım. Ən balacam aclıqdan çox zəifləyib. Mən bu düşərgədə uşağımın öləcəyindən qorxuram. Çünki bizə heç bir dəstək, heç bir tibbi yardım edilmir.”
Buraya verilən bir neçə brezent örtük Rohincadan gələn yalnız bir neçə ailəyə kifayət edə bilər. BMT gündən-günə artan qaçqınların tələblərinin ödənilməsi üçün 77 milyon dollar çatışmadığını deyir. Buradakı böyük növbədən sonra qaçqınlardan bəzilərinə su çatmayacaq.
Uçi-Prank yaxınlığındakı yeni düşərgədə su qıtlığından əzab çəkənlərə su paylanır. Beynəlxalq Qırmızı Xaş və Qırmızı Aypara Federasiyasının işçisi Əzmat Ülla: “Biz mübarizə aparırıq. Burada vəziyyət çox ağırdır və bizə təcili yardım lazımdır.”
Təşkilatlar hansısa yardıma başlamaq üçün maliyyələşdirilmələrini gözlədikləri bir vaxt, çarəsiz Rohinca xalqına yardım etmək banqladeşlilərin üzərinə düşüb. Banqladeşin yüzlərlə vətəndaşı yerli bazardan ərzaq, su və paltar alaraq, qaçqınlara paylayır.
Ancaq onların yardımı keçdikcə artan qaçqın əhalisinə kifayət etməyəcək. Bu böhranla bağlı tez bir zamanda rəsmi addım atılmazsa, humanitar böhran humanitar fəlakətə çevrilə bilər.