​Rektor Mustafa Babanlının universitet biznesi... - ADNSU-nun heyəti rektordan niyə narazıdır?

Baxış sayı:
3229

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tyutoru Aytac Əlibəyli mətbuata universitetin rektoru Mustafa Babanlı ilə bağlı şok açıqlamalar verib. Onun Muxalifet.az-ın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi dərc edirik:
“Mən, ADNSU-nun tyutoru Aytac Əlibəyli, 2016-ci ildən bu universitetdə çalışıram. 2015-ci ildə  Mustafa  Babanlı  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru təyin ediləndə hamı düşünürdü ki, tezliklə təhsil ocağımızda müsbət dəyişikliklər olacaq. Lakin çox keçmədi ki, tələbələrdən mənə toplu halda şikəyətlər gəlməyə başladı.
Gələn çoxsaylı şikayətlərdən əsas olaraq bildirirəm ki, Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir. Mən bununla bağlı dəfələrlə Tədris işləri üzrə prorektor Qasım Məmmədova iradlarımı bildirsəm də, hec bir nəticə əldə edə bilmədim.
Əlavə olaraq onu da qeyd edə bilərəm ki, universitetimizdə   İT şöbəsinin əksər işçiləri “qayıb biznesi” ilə məşğul olur, qayıbın qiymətini də birbaşa rektor və prorektor müəyyən edir. Rektorun tapşırığı ilə qazanc məqsədilə  tələbələrin imtahandan kəsilməsi prosesi daha geniş vüsət alıb. Çünki hər imtahandan kəsilən tələbə yay məktəbində iştirak edən gəlir mənbəyidir.
Tələbələr mənə daha sonra dəfələrlə müraciət edərək bildirirlər ki, StarUp layihələrini təqdim edərək layihədə qalib gələn tələbələr  iradlarını bildirirlər, hansı ki  qazandıqları layihələrə ayrılan maliyyə vəsaitinin heç birini əldə edə bilməyiblər. Çünki Mustafa Babanlı universiteti ailə biznesinə çevirərək dövlət datasiyalarını nəinki təyinatı üzə xərcləmir, həm də bacısı oğlu Rusif Hüseynovu StarUp-a rəhbər təyin edərək, onun vasitəsi ilə pulları mənimsəyir.
Çoxsaylı şikayətlərdən  daha  birini  də nəzərinizə çatdırmaq  istərdim ki, payız-qış imtahan sessiyasında tələbələrə qarşı geniş haqsızlıq kampaniyasına start verilmişdir. “Universitetdə rüşvət alınmır, rüşvət yoxdur” və s. kimi görüntü yaratmağa çalışan M.Babanlı imtahanlarda tələbələri kütləvi qaydada kəsməyə start verib. Çünki imtahandan kəsilən tələbə bir fənn üçün təhsil ocağına azı 150 manat köçürməklə, yay imtahanlarına kimi təqaüddən məhrum edilir.
Tələbələrə qarşı ən böyük haqsızlıq və sözün əsil mənasında özbaşınalıq edən universitetin prorektorlarıdır. İmtahan gedişatında oğlan, qız fərq qoymadan tələbələrin ciblərini etikadan kənar qaydada yoxlayırlar. Rəhbərlik etdiyim qrupların tələbələri dəfələrlə mənə müraciət edərək bildiriblər ki, özümüzü imtahanda yox, polis bölməsində hiss edirik. Üstəlik, imtahan nəticələri də obyektiv hesablanmır. Universitetdə şəffaflığın təmin edilməsinin, rüşvətxorluğa, özbaşınalığa son qoyulmasının yeganə yolu imtahanların əksər ali məktəblərdəki kimi test üsulu ilə keçirilməsidir. Nədənsə yeni rektor şəffaf test üsulunu tətbiq etmir.
Bundan əlavə qeyd etmək istəyirəm ki, siyasi, dini baxışlara görə tolerant ölkə olsaq da Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb, dəfələrlə Tərbiyə işləri üzrə prorektor Babayev Ata Manaf oğlu tələbələri öz otağına çağıraraq tənqid etmiş, onları universitetdən kənarlaşdırılacağı ilə təhdid etmişdir.
Tələbələr mənə bildirirlər ki, onlar artıq baş verənlərdən beziblər, bu səbəbdən də dövlət başçısından kömək istəyəcəklər. Belə davam edərsə, onlar mənə aksiya keçirmək məcburiyyətində qalacaqlarını bildirdilər. Mənə müraciət edən bütün tələbələrim adından dövlət başçısına səslənirəm və xahiş edirəm ki, bu özbaşınalığa son qoyulması üçün müvafiq qurumlara göstəriş versin. Ümid edirəm ki, məsələ ilə bağlı dövlət başçısı qəti göstəriş verəcək”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.