Ərdoğan-Putin-Ruhani görüşündə nələr müzakirə olunacaq?

Baxış sayı:
5464

İlqar Vəlizadə: "Suriya məsələsi ilə bağlı konkret razılaşmaların əldə olunması mümkündür"

"Bu gün ABŞ bölgədə cərəyan edən bir çox məsələlərdə acizdir, onun proseslərə daha çox seyirci gözü ilə baxması müşahidə olunur"

Xəbər verdiyimiz kimi, bu gün Tehranda Rusiya-Türkiyə-İran prezidentlərinin zirvə görüşü keçiriləcək. Qeyd edək ki, sözügedən sammit Suriya böhranının nizamlanması üzrə bu formatda keçiriləcək sayca üçüncü görüş olacaq. Türkiyə, İran və Rusiya prezidentləri ilk dəfə ötən il noyabrın 22-də Soçi şəhərində bir araya gəliblər. Bu formatda növbəti sammit isə bu il aprelin 4-də Ankarada keçirilib. Heç şübhəsiz ki, Rusiya Hərbi Hava Qüvvələrinin və Əsəd rejiminin bugünlərdə İdlibi bombalamasından sonra bütün diqqətlər məhz Tehranda baş tutacaq Ərdoğan-Putin-Ruhani görüşünə yönəlib.

Картинки по запросу İlqar Vəlizadə

Prezidentlərin görüşü zamanı Suriya məsələsi ilə bağlı konkret razılaşmaların əldə olunmasının mümkünlüyündən danışan politoloq İlqar Vəlizadə hesab edir ki, bölgədə cərəyan edən müəyyən məsələlər həm Türkiyəni, həm də İranı narahat edir: "Bildiyiniz kimi, hazırda Suriyada İdliblə bağlı vəziyyət mürəkkəbdir və hadisələr mənfi istiqamətdə inkişaf edir. Həm Rusiya, həm də Suriya qoşunları əməliyyatlarda daha fəal iştirak edir və ona görə də Astana prosesinin iştirakçıları ilə koordinasiya etmək məqsədiylə bu tədbir keçirilir. Çünki Türkiyə və İranı müəyyən məsələlər narahat edir. Lakin artıq dəqiq demək olar ki, hər üç tərəf İdlibdə vuruşan terrorçu qruplaşmaları müəyyən ediblər. Yəni onlar özləri üçün konkret düşmənləri seçiblər. Həmin bölgədə bir quplaşmalar fəaliyyət göstərir ki, onların da bəzilərini Türkiyə dəstəkləyir. Belə düşünmək olar ki, əməliyyatlardan öncə rəsmi Ankara və Moskva özləri üçün terrorçu qrupları müəyyən etdilər. Hansı ki, Türkiyə onları dəstəkləmədiyindən Rusiya onlarla bağlı sərbəst hərəkət edə bilər. Odur ki, indi onlara qarşı əməliyyatlar aparılır".

Türkiyə, İran və Rusiya prezidentlərinin görüşündə çox güman ki, bu əməliyyatların, o cümlədən Suriyanın sonrakı taleyi ilə bağlı müzakirələrin aparılacağını vurğulayan politoloqun sözlərinə görə, bu gün ABŞ bölgədə cərəyan edən bir çox məsələlərdə acizdir: "Bir neçə gün öncə Palmira ətrafında xoşagəlməz hadisə olub və terrorçular Palmiranı ələ keçirməyə cəhd göstəriblər. Ola bilər ki, bu əməmliyyatda ABŞ-ın müəyyən izləri var. Yəni ola bilər ki, onların arxasında ABŞ-a yaxın qüvvələr dayansın. Lakin buna rəğmən, Palmiradakı əməliyyat iflasa uğrayıb. Ona görə də hal-hazırda ABŞ-ın bu proseslərə daha çox seyirci gözü ilə baxması müşahidə olunur. Yəni bu gün Ağ Evin proseslərin fəal iştirakçısı kimi çıxış etməsi nəzərə çarpmır".

Vazeh BƏHRAMOĞLU