​Ərəblər fələstinlilərin qətliamını niyə görməzdən gəlir? - POLİTOLOQDAN AÇIQLAMA

Baxış sayı:
5113

Natiq Miri: "Bu ölkələrinin bir çoxu kağız üzərində müstəqil olsalar da, əslində ABŞ və İsrailin təsir dairəsindədir"
 
ABŞ prezidenti Donald Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıma qərarının ardınca, mayın 14-də Vaşinqtonun Təl-Əvivdəki səfirliyini rəsmən Qüdsə köçürməsindən sonra sionist rejim Qəzzada fələstinli aksiyaçılara qarşı hücuma keçib və nəticədə 100-ə yaxın insan ölüb, 3 mindən artıq şəxs isə yaralanıb. Qeyd edək ki, hələ də İsrail hərbçilərinin Fələstin xalqına qarşı hücumu səngimək bilmir. Məhz elə bu səbəbdən də qonşu və qardaş Türkiyə Fələstin xalqının hüquqlarını müdafiə etmək, onları sionist İsrail rejiminin hücumların qorumaq üçün əlindən gələni edir. Belə ki, İsrailin Qəzza zolağında törətdiyi qətliamları məhz terror aktı kimi qiymətləndirən Türkiyə hökuməti bu gün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərini İstanbulda bir araya gətirəcək.
Nəzərinizə çatdıraq ki, bununla bağlı verilən məlumatda sözügedən toplantı ABŞ və İsrailin Şərq coğrafiyasını hədəf alan separatçı planına qarşı son fürsət kimi dəyərləndirilib. Eyni zamanda, Türkiyənin başçılıq etdiyi zirvədə dünyəvi işğalçılara qarşı qınama mesajlarından da çox güclü sanksiyalar tətbiq etməyə imza atılması gözlənilir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının fələstinlilərin soyqırımına qarşı sadəcə bəyanatla kifayətlənməyəcəyi, konkret tədbirlər görəcəyi də ehtimal olunur. Qeyd olunur ki, İƏT-ə üzv ölkələrin İstanbul görüşündə ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarının müzakirəsindən sonra ötən il dekabrın 13-də keçirilən toplantıda alınan qərarlar və bu günə qədər tətbiq edilən diplomatik tədbirlərin nəticələri də müzakirə olunacaq.
Məsələnin maraqlı tərəfi ondadır ki, Türkiyənin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sionist İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi qətliamı, Qüds məsələsini müzakirə edib münaqişənin həlli məqsədiylə təsirli tədbirlərə əl atmağı planlaşdırsa da, 22 dövlətin iştirakçısı olduğu Ərəb Dövlətləri Liqası nədənsə Qəzza zolağında olub-bitənlərə seyirci mövqe sərgiləyir. Diqqət yetirsəniz görərsiniz ki, Ərəb Dövlətləri Liqası ən yaxşı halda, ara-sıra İsrailə qarşı yarı yumşaq, yarı sərt bəyanatlar verməklə işini bitmiş hesab edir. Halbuki 22 mart 1945-ci il tarixdə Səudiyyə Ərəbistanı, Misir, İraq, İordaniya, Livan, Suriya və Yəmən tərəfindən yaradılan Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla dünya dövlətləri tərəfindən tanınması istiqamətində əlindən gələni etməlidir. Lakin nədənsə bu gün dünyanın ən böyük xalqlarından biri olan ərəblər Qəzzada baş verənlərə o qədər də ciddi və yetərincə sərt reaksiya vermir, Ərəb Dövlətləri Liqası isə hadisələri görməzdən gələrək yaxasının kənara çəkməyə çalışır.
Bunun səbəblərini öyrənmək məqsədiylə müraciət etdiyimiz politoloq Natiq Miri hesab edir ki, Ərəb Dövlətləri Liqası ölkələrinin bir çoxu kağız üzərində müstəqil olsalar da, əslində ABŞ və İsrailin təsir dairəsindədirlər: "Məsələn, Səudiyyə Ərəbistanı süni surətdə yaradılmış kukla bir dövlətdir və məqsəd Osmanlını devirmək, yeni bir dini təriqət yaratmaqla İslamın parçalanmasına yol açmaq idi. Səudiyyə Ərəbistanında uzun müddət vəhhabilik təriqəti mövcud olub ki, bu da əsasən İslamda radikalizmi ortalığa qoyub. Qeyd edim ki, imperialist Qərb dövlətləri, o cümlədən ABŞ zaman-zaman müxtəlif dövlətlərdə terror hadisələrinin törədilməsi və bilavasitə istədiyi ölkəni cəzalandırmaq üçün məhz bu cür radikal cərəyanlardan istifadə edib. Bunun bariz nümunəsi "Əl-Qaidə"dir. Bildiyiniz kimi, "Əl-Qaidə"ni məhz ABŞ yaradıb və uzun müddət idarə edib. Lakin sonradan "Əl-Qaidə" Üsama bin Ladenin başçılığı altında ABŞ-ın nəzarətindən çıxdı və bir növ radikal güc olaraq Birləşmiş Ştatların əleyhinə fəaliyyət göstərməyə başladı. Məhz bunun nəticəsində ABŞ-ın xüsusi xidmət orqanları Üsama bin Ladeni məhv etdilər. Eyni zamanda, Misir kimi bir ərəb ölkəsi bu gün İsrail və ABŞ-a qarşı ona görə çıxa bilmir ki, Misirin dövlət başçısı məhz Ağ Evin dəstəyi ilə ölkədə hərbi çevriliş keçirməklə xalqın demokratik yolla seçdiyi prezidenti devirərək hakimiyyətə gəlib. Odur ki, bu cür kukla rejimlər onları hakimiyyətə gətirən güclər tərəfindən idarə olunduğundan həmin güclərin istədiyini etmək məcburiyyətindədir".
Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı da təxminən, eyni sözləri deyən politoloqun bildirdiyinə görə, bu qəbildən olan kukla rejimlər, yalnız kağız üzərində müstəqil olan dövlətlər dolayısıyla ABŞ-dan asılı vəziyyətdədir: "Qeyd edim ki, söhbət idarəetmə rejimlərindən gedir. Təbii ki, həmin ölkələrin xalqları bunu istəmir. Lakin bildiyiniz kimi, xalqlar sözügedən ölkələrin rejimlərinin istibdadı altında əzilməkdədir və onlar heç bir azadlığa sahib deyil. Ona görə də Fələstində ərəb qardaşlarının qətlinə, soyqırımına baxmayaraq, bu toplumlar hələ də ciddi mənada küçələrə çıxıb etiraz edə bilmirlər. Çünki həmin ölkələrdə ABŞ və İsrailin idarəsində olan kukla rejimlər buna imkan vermir. Bir sözlə, Ərəb Dövlətləri Liqasının Qəzzada baş verən hadisələri görməzdən gəlməsinin əsas səbəbi məhz budur".