​Ərbil aeroportlara nəzarət ixtiyarını BAĞDADA QAYTARDI

Baxış sayı:
652

Muxalifət.az xəbər verir ki, İraqın şimalında yerləşən Kürdistan muxtariyyəti rəhbərliyi regiondakı aeroportlara nəzarəti İraqın Vətəndaş Aviasiyası İdarəsinin nəzarətinə verməyə razı olduğunu bildirib. Bu barədə məlumatı “Rudav” agentliyi yayıb. Bu informasiya hələlik Bağdad tərəfindən rəsmən təsdiqlənməyib.
Xəbərdə deyilir ki, tərəflər Kürdistan müxtariyyətinə daxil olan Süleymaniyyə və Ərbildə aeroportları üçün beynəlxalq aviaxəbərləşmə qadağasının aradan qaldırılması üçün də razılıq əldə ediblər. Telekanal bildirir ki, aeroportların fəaliyyətinə nəzarət üçün orada İraqın Nəqliyyat Nazirliyinin hava nəqliyyatı və aviatəhlükəsizlik şöbəsinin nümayəndələri işləyəcəklər.
Razılaşma İraq hökumətinin başçısı Heydər əl-Abadi tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, sentyabrın 27-də İraq hökuməti kürd muxtariyəti ilə beynəlxalq hava əlaqəsini kəsmək qərarı vermişdi. Bu qərar İraq Kürdistanında sentyabrın 25-də keçirilən qanunsuz müstəqillik referendumundan sonra qəbul edilmişdi.