​“Raminə qarşı hakimiyyət orqanlarının təqibləri davam edir” – AİLƏ ÜZVLƏRİNDƏN AÇIQLAMA

Baxış sayı:
881

“Raminin 6 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir. Bu barədə yaşadığımız ünvana məhkəmənin qərarı gəlib. Məhkəmə qərarında göstərilir ki, guya o, “2015-2017-ci illər ərzində “AT-Geotech” şirkətində çalışdığı zaman xidməti vəzifəsinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları yaymaqla, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməklə qanunsuz hərəkətlərə yol vermiş, dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub”.
Bu sözləri redaksiyamıza təqiblər üzündən ölkəni tərk edərək mühacir həyatı yaşayan Ramin Rzaquliyevin adının açıqlanmasını istəməyən ailə üzvlərindən biri məlumat verib. O, bildirib ki, Ramin Rzaquliyev Azərbaycandan getməzdən əvvəl adı çəkilən şirkətdə işlədiyi vaxtlar, həmin şirkətdə baş verən qanunsuzluqlar, dövlət əmlakının talanması, gəlirlərin xalqdan gizlədilməsi ilə bağlı bir çox həqiqətləri ictimailəşdirdiyinə görə həmin şirkətin rəhbərliyi tərəfindən daim təzyiqlərə və təqiblərə məruz qalırdı. Hətta onu dəfələrlə hüquq-mühafizə orqanlarına çağıraraq bu hərəkətlərini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edirdilər. Ramin isə haqq-ədalət tərəfdarı olduğuna və xalqa məxsus var-dövlətin bir qrup şəxslər tərəfindən mənimsənilməsinə göz yuma bilmədiyinə görə ona qarşı təqiblər şiddətli xarakter aldı və həbs təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etməyə məcbur oldu.
Alisəindən bildirilir ki, ölkəni tərk etməsinə baxmayaraq, Raminə qarşı hakimiyyət orqanlarının təqibləri davam edir: “Bu yaxınlarda onun 6 il müddətinə həbs olunacağı ilə bağlı məhkəmə qərarının gəlməsi bizi də narahat etdi. Görünən odur ki, Ramin Rzaquliyevin ölkəyə qayıtması onun həyatı və azadlığı üçün təhlükəlidir”.
 
Rəsul