Qəzzadan skandal görüntü: Yüzlərlə fələstinlinin paltarlarını soyundurdular

Baxış sayı:
3831

İsrail ordusunun oktyabrın 7-də başlayan hücumlarının əsas hədəfləri arasında Qəzzanın şimal hissəsi də var.

Hücumlar nəticəsində viran qalan bölgəni tərk etmək istəməyən fələstinlilər 4 aydan çoxdur ki, ən elementar insani ehtiyaclarından məhrumdur.

Qəzzanı yaşayış üçün yararsız hala salan İsrail, xüsusilə şimala humanitar yardımların daxil olmasına mane olmağa davam edir. İsrail ordusu da Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım təşəbbüslərinin əksəriyyətinə Qəzzanın şimalına icazə verməyib. Bu səbəbdən də Qəzzanın şimalında un qalmadığı üçün fələstinlilər heyvan yemi üyüdüb, bundan çörək bişirərək həyatlarını davam etdirməyə çalışırlar.

Aclığın tüğyan etdiyi Qəzzanın şimalında bu səhər minlərlə fələstinli yenidən didərgin düşüb. İsrail quru qüvvələri Qəzzanın şimalındakı Əz-Zeytun bölgəsindəki bəzi ərazilərə yenidən daxil olduqdan sonra minlərlə fələstinli yenidən yollara çıxıb. Fələstinlilər əllərində bir neçə çanta ilə Əz-Zeytun rayonundan İsrailin daha əvvəl basqın etdiyi Şifa xəstəxanasına doğru yola düşüblər.

Diqqət çəkən məqam odur ki, köçkün düşən fələstinlilərin əksəriyyəti qadın və uşaqlardır. Bəziləri eşşək arabaları ilə, bəziləri isə velosipedlə bir neçə əşya daşımağa çalışıb. Onların əksəriyyətinin nəqliyyat vasitələrinin olmaması səbəbindən ərazini piyada tərk etməli olduqları müşahidə edilib. Xəstə və qocalara gəlincə, onların yaxınları onları əlil arabalarında İsrailin dağıddığı küçələrlə ərazidən daşımağa çalışıb.

Sosial media platformalarında yayımlanan videoda Qəzza şəhərindəki Səlahəddin adına orta məktəbinin həyətində İsrail ordusu qüvvələri tərəfindən saxlanılan kişilərin paltarlarını soyunub əllərini yuxarı qaldıraraq yerdə oturduğu görünür. Sosial mediada paylaşılan və İsrail əsgərinin çəkdiyi videonun çəkiliş tarixi ilə bağlı məlumat əldə olunmayıb./Gununsesi.info