​Qərb daha bir ölkə itirir: Putin bu ölkədə liderdir

Baxış sayı:
5020

Rusiyayönlülərlə Qərbə inteqrasiya tərəfdarları arasında böyük mübarizənin getdiyi Moldovada artıq əsas üstünlük Moskvanın əlinə keçməyə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda bəlli olub. Sorğu zamanı moldovalılara hansı xarici ölkə başçılarına daha çox simpatiya bəslədikləri sualı verilib. Sorğuda iştirak edənlərin 55%-i daha çox Rusiya Prezidenti Vladimir Putinə inandıqlarını bildiriblər. Putindən sonrakı yerləri Rumıniyanın eks-prezidenti Trayan Besesku, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rumıniya Prezidenti Klaus Yohannis və Almaniya kansleri Angela Merkel tutub. Moldovalıların etibar etdikləri siyasətçilər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də yer alıb.
Moldovalıların ölkələri üçün dost hesab etdikləri dövlətlərə gəlincə isə burada da yenə Rusiya birinciliyini qoruyub. Rusiyanı dost hesab edənlərin sayı əhalinin 39%-ni təşkil edib. Növbəti yerlərdə isə Rumıniya (35%), Almaniya (8%), ABŞ (7%) və Ukrayna (5%) qərarlaşıb.
Qeyd edək ki, Moldovada uzun müddətdir qərbyönlü və rusiyayönlü siyasi qruplar arasında mübarizə gedir. Hökumət Qərbə inteqrasiyanın tərəfdarı olsa da, ölkə prezidenti İqor Dodon buna qarşı çıxır və ölkəsinin Avrasiya İttifaqına inteqrasiyasını istəyir. Bu isə öz növbəsində ölkədə müəyyən qərarların verilməsində özünü göstərir. Buna görə hətta Moldova parlamenti Dodonun müəyyən zaman çərçivəsində səlahiyyətlərinin müvəqqəti əlindən alınmasıyla bağlı qərar da verib.
Moldova hökuməti hazırda özü üçün əsas təhdid olaraq Rusiyanı görür. Uzun illərdən sonra Moldova ilk dəfə Dnestryanıda yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb edib. Kişinyovun bu tələbi Moskva tərəfindən qəbul edilməyib.
Rus ordusunun Moldovadan çıxmasına Dodon da etiraz edib. Dodon buna əsas səbəb kimi Moldovanın neytral ölkə olmasını və rus qoşunlarının çıxacağı təqdirdə ölkənin neytrallığının pozulacağını göstərib.