Qazini Prezident Administrasiyasının qəbul mərkəzindən polis gücünə çıxarıblar

Baxış sayı:
4023

Təhlükəsizlik xidmətinin əməkdaşı və polis qəbul xidmətinin qanunsuz əmrinə müntəzirdir?!
Bu gün saat 16 radələrində PA-nın Vətəndaş Qəbulu Mərkəzində qəbula yazılmağıma 39-cu otaqda xidmət göstərən Səmayə Əliyeva növbəti dəfə qadağa qoydu. “Əsas” da budu ki, keçən ilin 23 noyabrında Fuad Ələsgərovun canlı qəbulunda olmuşam. 3 ay keçdiyini, ilin 2024 olduğunu, Prezidentin yenidən seçildiyini deyəndə, PA-da qəbulun 6 aydan bir olduğu vurğulandı. İnadla konstitusion hüququmu tələb edib, hərbi məsələlər şöbəsinin qəbuluna yazmağı tələb etdim. Səmayə xanım telefonla əlaltılarını və təhlükəsizlik xidmətinin əməkdaşını çağırdı.
Təhlükəsizlik əməkdaşına işi ilə məşğul olmağı deyəndə, daxili qaydaları pozmağım onların işi olduğu bildirildi. Heç demə daxili qaydalar 6 aydan bir qəbula yazılmaq imiş. Bu qaydanı pozanlar zorla mərkəzdən uzaqlaşdırılır. Axı qəbul hüququ konstitusion hüquqdur, bu hüquqa daxili “ 6 aydan bir” qadağası qoyula bilməz. Lap böyük Füzulinin “ Şikayətnamə”sində olduğu kimi, cavab verildi ki, PA-nın Qəbul Mərkəzində Konstitusiya, qanun işləmir, daxili özbaşınalıq qaydaları  qüvvədədir. Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri Süleyman İsmayılovun qəbuluna yazılmağlma da “topdan” qadağa qoyuldu. Özünü təqdim etməyən təhlükəsizlik əməkdaşı, çağırdığı iki polis və Səmayə xanım xorla bildirdilər ki, qəbul məsələləri ilə bağlı Süleyman bəyin qəbuluna düşə bilmərəm; mənim şikayətimə yalnız Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov baxa bilər, ona da hələ 6 aylıq limit bitməsi yol vermir. Bəs axı Prezident yenidən seçilib deyəndə, hələ təsdiq olunmadığı cavabını verdilər. Təhlükəsizlik əməkdaşının zorla çıxarılmaq əmrinə tabe olmadığımdan, altımdan stulu çəkdi. Yıxılmağıma polislər imkan vermədilər, biri məni tanıdığını dedi, o biri “şilləvuranlıq” vərdişini yada saldı, qanunsuz əmri icra edib qəbul hüququndan imtina edilərək, qəbul mərkəzinin dəmir barmaqlıqlarından çölə çıxarıldım.
...Prezidentin Təhlükəsizlik Xidmətinin elektron poçtuna qəbul mərkəzinin təhlükəsizlik xidmətinin qanunsuz qadağasından, PA-nın 1111 -çağrı mərkəzinə Səmayə Əliyevanın özbaşınalığından, 102-yə polisin konstitusion hüququma qadağa qoyan əmrə qul olmasından şikayət etdim. Bir az özümə gəlim, Prezident təsdiq olunmamış Bakı İnzibati Məhkəməsinə iddia, Nərimanov rayon məhkəməsinə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ərizə verəcəyəm.
Qanun, Konstitusiya mənim yanımdadır. Tətbiq edilsə...
Məğrur BƏDƏLSOY