QAZİLƏRİN ŞƏHİDLİYİ - Etimad bundan sonra ruhu ilə döyüş səngərində öz yerini tutacaq

Baxış sayı:
7015

(Nekroloq əvəzi elegiya)
 
Hər işi yaxşı başlamaq asan, amma hər işi yaxşı qurtarmaq çətindir. Həyat da bir işdir, həm də insanın bu dünyada gördüyü bütün işlərin məcmusudur. Bir insanın necə yaşadığını - milləti, xalqı, dövləti üçün nələr etdiyini aydınlaşdırmaq üçün onun bioqrafiyasını dəqiq bilmək vacib deyil. Həyatını necə başa vurduğunu bilmək kifayətdir. Çünki ölüm həyatın son akkordudur...
 
Hər insan qazi, hər qazi şəhid olmur. Qazi olmaq üçün insanda döyüşçü ruhu olmalıdır. Əgər bu ruh arxa cəbhədə də insanı tərk etmirsə və qazi olduqdan sonra, sosial həyatda vətəndaş mövqeyi sərgiləyən, daxildən xalqı zəiflədən qüvvələrə qarşı mübarizə apara-apara dünyasını dəyişirsə, demək, o qazi şəhidliyə yüksəlmişdir. Şəhidlik haqq uğrunda istənilən savaşda qələbə əzmi ilə bu dünyanı tərk etmək deməkdir. Həyatın hər gününü haqq, ədalət uğrunda bir döyüş günü kimi yaşayan hər kəsin sonu şəhidlikdən keçir, məncə...
 
Azərbaycanın qeyrət səmasından bir ulduz da axdı. Qarabağ qazisi, Azərbaycanın suverenliyi, demokratikləşməsi, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi, prinsipal və qeyrətli bir Azərbaycan oğlu, Azərbaycan vətəndaşı - Qarabağ qazisi Etimad Əsədov əbədiyyətə köç etdi.
 
Deyirlər ki, insanların adları onlarin kimliyini müəyyən edir. Bəlkə də Etimad buna görə xalqın ona etimadını həm ön cəbhədə, həm də arxa cəbhədə layiqincə doğrultdu, Etimad etimada layiq oldu...
 
Etimad bəylə mənim münasibətlərim ziddiyətli olmuşdu. Əvvəlcə onun hay-küylü çıxışları, çılğın hərəkətləri mənə qeyri-səmimi görünürdü. Düşünürdüm ki, Qarabağ döyüşlərində iştirakından sui-istifadə edir. Hətta parlament seçkilərində mənimlə eyni dairədən namizədliyini vermiş kecmiş silahdaşını müdafiə edərkən, mənim qardaşımın Qarabağ əlili olmadığını, bunu reklam üçün istifadə etdiyimi demişdi. Amma sonralar onu yaxından tanıdıqca Etimadın necə böyük bir ürəyə, necə yüksək mənəvi dəyərlər daşıdığına, milli əxlaqımıza sözsüz əməl edən, düz bildiyini həyatı bahasına müdafiə etməyə cəhd edən biri olduğunu anladım. Sonralar qaradaşımla da dostlaşdı. Onun haqqında dediklərinə görə məndən dəfələrlə üzr istədi. Qardaşımı Babək rayon Qarabağ Qaziləri Birliyinə rəhbərlik etməyə razı saldı.
 
Etimad mənim həm həmdərdim idi – qardaşım da onun kimi birinci qrup Qarabağ əlili idi, o da qardaşım kimi Qarabağ qazisi və şəhidlərinə hökumətin münasibətindən narazı idi. Hər ikisi də silahdaşlarının hüquqları uğrunda vuruşurdu. Etimad dəfələrlə meydanlarda fiziki və mənəvi zorakılıqlara məruz qaldı, amma yolundan dönmədi. Onu bu yoldan yalnız ölüm döndərə bildi...
 
Etimad mənim xətrini çox istədiyim dostlarımdan idi. Mən onunla həbsxanada – 2003-ci il hadisələrində şərlənərək tutulduğumuz vaxtlarda yaxınlaşmışdım. O, mənə “Batya” deyirdi. Ölən günə kimi də Batya çağırrdı. Bir dəfə soruşdum ki, sən mənə niyə Batya deyirsən. Dedi: - “Səbəbini bilmirəm, amma mən səni görəndə elə bil komandirimi görürəm. Mən səni özümə lider kimi qəbul edirəm. Elə bir döyüşdəyik, sən də mənim komandirimsən”. Mən ona bu ada layiq olmadığımı desəm də, o, son günə kimi məni Batya çağırmaqda davam etdi...
 
Etimadın kim olduğuna bədənində gəzdirdiyi Qarabağ yarası, ürəyindəki vətən dərdi daha yaxşı şahidlik edir. Amma mən də onun kimliyi ilə bağlı iki hadisənin şahidi olmuşam...
 
Həbsxanada olarkən bir gün həbsxananın rəisi bizim yanımıza gəldi. Dedi ki, mənə tapşırıblar, Sərdar bəyi “karser”ə salım, amma mən bunu etməyəcəm: “Sadəcə, mənə də bir bəhanə lazımdır, əgər “karser” dolu olsa, onda mənim də əsasım olacaq. Amma “karser”də iki boş yer var, liderlərin arasından iki könüllü çıxsın, onları “karser”ə salaq, deyim ki, yer olmadığına görə Sərdar bəyi ora sala bilmirik. Onsuz da könüllü gedən olmasa da iki nəfəri biz özümüz ora salacağıq”.
 
Rəisin bu çağırışına ilk səs verən Etimad oldu. O, “mən Batya üçün hər şeyə hazıram”, - dedi. Mən qətiyyən buna razı olmadım və özümün getməyimi istədim. Amma rəis razılaşmadı. Etimad da israrını davam etdirirdi. Axırda ona izah etdim ki, sən bu vəziyyətdə orda qala bilməzsən. Çünki ona dərman verilmədiyindən və həkimlər baxmadığından kəsilmiş ayağında iltihab başlamışdır, çox əzab çəkirdi. Hər gün özü öz yaralarını sarımağa cəhd edirdi, amma bir an da olsun özün sındırmırdı. Sonralar bizi tək adamlıq kameralardan çıxarıb, ümumi kameralara yerləşdirəndə də Etimad tək adamlıq kameradan çıxmadı. Bəhanə kimi əlilliyini göstərdi. Amma mən başa düşürdüm ki, o, bizdən fərqli olaraq rejimin bu “humanizmini” də qəbul etmədiyindən belə edir.
 
Etimada qarşı hakimiyyət nümayəndələrinin xüsusi nifrətini və düşmənçiliyini hər addımda hiss etmək çətin deyildi. Ona digər liderlərdən fərqli olaraq, pis bir münasibət vardı. Amma o, sınmırdı. Özünü erməni əsirliyində olan layiqli bir hərbçi kimi aparırdı. Tək adamlıq kamerasında özü-özünə həkimlik edirdi. Qulluğa ehtiyacı olduğuna baxmayaraq, başqalarının qayğısına qalmağa cəhd edirdi. Mən ürəyimdə onun vəziyyətinə çox acıyırdım. Amma əlimdən bir şey gəlmirdi. Düşdüyümüz bu vəziyyətə lənət oxuyurdum. Məncə, heç bir xalq öz döyüşçüsünə belə münasibət bəsləməzdi...
 
Etimadla bağlı ikinci bir xatirəm ölümündən iki həftə əvvələ təsadüf edir. Mirmahmud bəyin təklifi ilə Azrəbaycan-Rusiya münasibətlərinə həsr olunmuş “dəyirmi masa” keçirilirdi. Adamlar yavaş-yavaş toplanırdı. Bu zaman Etimad bəy içəri girdi. Hamı onu salamladı. Mən də dərhal ona tərəf döndüm və gözləmədiyim bir münasibətlə rastlaşdım. Məni görəndə gülə-gülə “Batya, necəsən” deyən və mənə sarılan Etimaddan əsər-əlamət yox idi. Rəngi avazımış, çətinliklə nəfəs alan, gözlərində həyat eşqi sönmüş, ölüm hökmünü gözləyən bir adam qarşımda durmuşdu. Mən dərhal “Sənə nə olub, xəstə-zad deyilsən” deyə soruşdum. O dedi ki, “yox, hər şey yaxşıdı, bir az nasazam”. Ona həmişəki kimi masanın başında yer göstərdilər. Oturmağa tərəddüd edirdi. Sonra “Batya, olar səni bir dəqiqiqə” dedi. Mən dərhal ayağa qalxıb onunla dəhlizə çıxdim. Dəhlizdə ayaq üstə dura bilmədi, oradakı stula çökdü. Mən yenidən “Nə olub sənə, niyə belə halsızsan?” - deyə soruşdum. Dedi ki, “kimyəvi müalicə aliram”. Mən dəhşətə gəldim. Qeyri-ixtiyarı “niyə?” deyə soruşdum. Dedi: ”Ag ciyərimdən əməliyyat olunmuşam, məndə şiş tapiblar, ona görə”. Sonra zorla eşidiləcək bir səslə “yataqdan durub gəlmişəm, Ağa iclasa dəvət elədi, düşündüm ki, getməsəm, hörmətsizlik hesab edərlər. Amma otura bimirəm. Mənim əvəzimdəm üzrxahlıq elə, mən gedim”. Mən “Bəs, mənə niyə xəbərin çatmayıb, başına bu qədər iş gəlib. Kimdən səni soruşmuşamsa, “yaxşıdı” deyiblər. Bu vəziyyətdə nahaq gəlmisən” dedim. Çiyinlərini çəkdi. Mən onun alnından öpdüm, yola saldım. Otağa qayıdıb dostlarıma onun vəzəyyəti ilə bağlı məlumat verdim. Heç kimin Etimadın başına gələn son hadisələrdən məlumatı yox idi. Etimad ölüm ayağında belə, ölkənin taleyi ilə bağlı məsələlərə laqeyd qalmağı bacarmayan bir insan idi...
 
Mən həkim kimi onun tezliklə dünyasını dəyişəcəyini anlamışdım. Amma bu tezlikdə yox....
 
Dünən yol gedərkən İqdal bəy zəng elədi. Harda olduğumu soruşdu. Mən “yoldayam” dedim. “Etimad rəhmətə gedib” xəbəri məni çox sarsıtdı. Elə bil döğma qardaşımın ölüm xəbərini aldım. Varımdan yox oldum. Mən ona layiq bir Batya ola bilmədim. Ölüm yatağında başı üzərində olmadım. Xəstəxanada olarkən yatağının başında durmadım. Ona ürək-dirək verə bilmədim. Bir həkim, bir dost, bir silahdaş kimi vəzifələrimi yerinə yetirə bilmədim...
 
Mən qazi qardaşımın tabutuna girdiyim kimi, İsa bəylə birlikdə Etimadın tabutuna girəndə ürəyimdə Etimaddan dəfələrlə üzr istədim: “Bağışla qardaş, sən bizi sevdiyin qədər biz səni sevə bilmədik. Sən bizə göstərdiyin diqqət qədər biz sənə diqqətcil ola bilmədik. Sən vətən üçün itirdiklərinin müqabilində vətən sənə ancaq bir qəbir yeri verə bildi”.
 
Bir təsəllimiz var. Etimadları olan xalqın biləyi bükülməz, beli əyilməz. Kimsə bu xalqı məğlub edə bilməz. Hər bir Qarabağ qazisi, hər bir Qarabağ şəhidi Qarabağın azadlığı yolunda atdığımız bir addımdır. Bu addımlardan biri də Etimaddır. Xalq yalnız öz şəhidləri ilə adddm-addım öz haqqını qoruya bilər və qoruyacaqdır. Dünənə kimi fiziki olaraq xalqı uğrunda vuruşan Etimadın bundan sonra ruhu ilə döyüş səngərində öz yerini tutacağına inanıram. Çünki şəhidlər ölmür.....
 
ADP sədri S.Cəlaloğlu (Etimadın Batyası)