Qaynar turlar “tərlədir”, avtobus turları isə insanların əhdini kəsir

Baxış sayı:
6268

Yay fəslinin ilk günlərində bir çoxları tətil üçün səmərəli və maraqlı təkliflər barədə düşünür. İlin 11 ayı çalışıb, 3-4 həftə istirahət etmək istəyən vətəndaş istər-istəməz keyfiyyətli və münasib turpaketləri nəzərdən keçirir.

“Yeni Müsavat” bu günlərdə çox aktual olan bu sualların cavabı ilə bağlı turizm şirkətləri arasında gəzişmə edib. Kim daha çox harda istirahət edir? Tətil şərtləri harda daha uyğundur?

Öncə Türkiyə versiyasından başlayaq. Biletlər ən çox Antalya, Bodrum, Kuşadası, Marmaris şəhərlərinə alınır. Ən ucuz istiqamət olan Alanyaya biletlərin qiyməti 370-380 dollar təşkil edir.

Ən ucuz biletlər isə gündəlik 49 dollardan başlayan qiymətlərlə Gürcüstana olan avtobus turlarıdır.

Türkiyəyə ən ucuz səyahətin Alanya bölgəsinə olduğu qeyd edilir. Bir qədər baha olan Bodrum, Kuşadası, Fethiye kimi şəhərlərdə biletlərin qiyməti hotel seçimindən asılı olaraq 600-700 dollar arasında dəyişir.

Üçulduzlu hotellərdə bir nəfərin istirahəti 450-550 dollara (altı gecə yeddi gün hoteldə qalmaq, aviabilet, sığorta, transfer, qidalanma daxil) başa gəlir.

Ä°lgili resim

AVTOBUS TURLARI

Amma seçimlər arasında avtobus turları da var. Məsələn, siz internetdə “Möhtəşəm Antalya turları” başlığı altında xeyli elana rast gələ bilərsiz. Bu turların qiyməti 219 dollardan başlanır. Qiymətə 5 gecə 6 gün hoteldə gecələmə, komfortlu avtobus, professional tur rəhbəri vədi daxildir. Amma bir maraqlı detalla. Hesab edək ki, 17 iyunda səfər başlanır. Bu səfər 26 iyunda bitir. Yəni, 10 gün davam edən bir turunda 4 gün yol macərasından söhbət gedir. 2 gün gediş, 2 gün gəliş. Toplam 96 saat avtobusda yol getmək... Kimə bu şərtlər uyğundur, bilinməz. Amma fakt faktlığında qalır. Üstəlik, bu cür ucuz tur paketlərdə seçilən hotellər də aşağı səviyyədə olur. Ən yaxşı halda turistin payına 3 ulduzlu hotel, ya da butik hotel düşür. Orda da heç də hər zaman gündə 3 dəfə qidalanma şərti yer almır.

Kabuleti-Batumi turları isə nisbətən daha az zaman səfəri özündə ehtiva edir. İyun ayı üçün Kabuleti-Batumi turları var. Bu da 99-119 dollardır. Qiymətə avtobusda gediş-dönüş, 3 ulduzlu oteldə 5 gecə qonaqlama, gündə 3 dəfə qidalanma, eyni zamanda, Batumi ekskursiyası daxildir.

Bir də qarşımıza tez-tez çıxan “qaynar tur” başlıqlı elanlar var. Əməkdaşımız bu yaxınlarda “Antalyada qaynar tur - 6 gecə, 7 gün  - 168 dollar” başlığı ilə bir elanla maraqlanıb. Məlum olub ki, elan ancaq iyunun əvvəli üçün keçərlidir. Uçuş da Tiflisdən olmaq şərtilə. Bundan başqa, qaynar turlar əsasən iyun və sentyabr aylarının əvvəllərində olur. İyul-avqust ayları isə turistlərin daha çox axın etdiyi aylar olduğu üçün endirimlərdən, qaynar turlardan söhbət belə gedə bilməz.

Uçuş Tiflisdəndirsə, nə qədər qazancımız var?

Azərbaycanlı turistlər uzun illər boyunca Türkiyənin istirahət bölgələrindən tur paket əldə etmək üçün “Tiflis vasitəsilə” versiyasına üstünlük verir. Bəli, uçuşlar Tiflis aeroportundan olanda qiymətlər nisbətən ucuz olur. Əməkdaşımız 4 nəfərlik ailənin Tiflis üzərindən Antalya səyahəti ilə maraqlananda məlum olub ki, bunun üçün 2300 manat ödəmək lazımdır. Bura dördulduzlu oteldə gecələmə, bilet pulu daxildir. Amma uçulduzlu hotellərdə Tiflisdən getmək şərtilə, 1 həftə boyunca istirahət etmək 2100 manatdır.

Amma eyni hotellərə Bakıdan uçmaq, bir həftə istirahət etmək istəyirsizsə, minimum 3500 manatı cibinizdən çıxarmalısınız. Yəni, biz sizə ailəvi paketi ona görə yazırıq ki, bunun ümumən ailə büdcəsinə olan təsirini hesablaya biləsiz. Məlumdur ki, azərbaycanlılar nadir hallarda yay tətilini ailəsi olmadan, təkbaşına keçirir. O baxımdan hesablama da ailə boyu olmalıdır.

Daha bir məqam isə ödəmə şərtləri ilə bağlıdır. Bir çox şirkətlər ödəməni hissə-hissə şərti ilə qəbul edir. Tutaq ki, siz paketi bu gün, avqust ayı üçün alırsınızsa, o zaman onun 30 faizini indidən, qalanını isə hissə-hissə uçuşa qədər ödəməlisiniz. “Bolkart”la paket əldə edənlər də var. Bir sözlə, demokratiyada çarələr tükənmir. Önəmli olan bunu arzulamaq və büdcəni də uyğunlaşdırmaqdır.

Niyə erkən rezervasiyadan yararlanmadıq?

Amma unutmaq lazım deyil ki, bu məqamda erkən rezervasiyanın üstünlüklərindən yararlananlar da var. Nədir erkən rezervasiyanın üstünlükləri?

uçuş turları ile ilgili görsel sonucu

Birincisi və təbii ki, ən önəmli məqam hotellə bağlıdır. Yaxşı bir hoteldə qalmaq, keyfiyyətli yuxu və mərkəzə yaxın olma kimi kriteriyalar insanın səyahətinə təsir edir. Yuxarıda da qeyd etdiyimiz kimi, hotellərin topdan satış etməsi və rəqabət şərtləri erkən rezervasiya zamanı qiymətləri çox aşağı salır. Siz də büdcənizə qənaət edəcəyinizdən qalacağınız hoteli istəyinizə uyğun şəkildə və rezervasiyanızı aylar öncədən seçə bilirsiniz.

Digər ikinci məqam isə ucuz təyyarə biletidir. Aylar əvvəldən dəqiqləşdirilmiş səyahət planınıza uyğun təyyarə bileti tapmaq da asan olacaq. Havayolu şirkətləri uçuş biletlərini oturacaqları blok-blok ayıraraq satışa çıxarırlar. Hər blokun ayrı qiyməti olur və bir blok dolduqda digəri satışa çıxarılır. Buna görə də, uçuş tarixinə az qalmış bilet qiymətləri yüksəlir. Uçuş tarixiniz dəqiqləşdikdən sonra axtarış edərək, fərqli alternativlərə göz gəzdirə və ən ucuz təyyarə biletini ala bilərsiniz. Beləliklə səyahətinizin ən vacib büdcə maddələrindən biri də problemsiz həll ola bilər.

Tətilinizi əvvəlcədən planlamadıqda həmin tarixə az qalıbsa, istədiyiniz oteldə, istədiyiniz otağı tapmaq çətin olacaq. Erkən rezervasiya sistemində hər şeyin yaxşısını seçmək və sonradan sürpriz yaşamamaq rezervasiya edənin faydalana biləcəyi imkanlardan biridir. Təxmini təsəvvür yaransın deyə, hər hansı bir kinoteatra getdiyinizdə salonda bütün oturacaqların boş olduğunu və bütün seçimlərin sizin üçün olduğunu düşünün...

Yeri gəlmişkən, səyahət zamanınız dəqiqləşdiyindən həmin tarixlərdə müəyyən olunmuş konsert, tədbir, ekskursiyalar və digər fəaliyyətlər üçün rezervasiya etdirmək, tematik park, muzey və nəqliyyat kimi digər detalları da aylar əvvəldən satın alaraq həm rahat planlama etmək, həm də əlavə endirim qazanmaq mümkündür.

Planlarınızda hər hansı bir dəyişiklik olması halında ödədiyiniz məbləğin tam və ya müəyyən qismini geri qaytarmağınız üçün də erkən rezervasiya şərtləri çox uyğun ola bilər. Bəzi hallarda bu dəyişiklik və ləğv etmə imkanları tətilinizin başlamasına 72 saat qalmışa qədər belə verilə bilər.

Ä°lgili resim

Bir çox səyahət şirkəti müştərilərinin daha sonra zərərçəkən olmaması üçün erkən rezervasiyalarda əlavə sığorta xidməti də təklif edir. Xüsusən tətilə çıxılması planlaşdırılan zaman aralığında hər hansı bir dəyişiklik olma ehtimalı varsa, erkən rezervasiya sığortası həyata keçirilərək, bəlli bir müddət qalana qədər ləğv etdirə bilmə, ya da fərqli bir tarixə təxirə salma şansı yaradılır.

Azərbaycanın turizm bazarı ilə müqayisədə Türkiyədə erkən rezervasiya sistemi xeyli populyardır. Məsələn, Türkiyəyə gələn yerli və xarici turistlərin sayı 2018-ci ilin ilk 9 ayında 2017-ci ilin eyni dövrünə görə 18,5% artımla 36 milyona çatıb. Xüsusilə, Avropadan gələn turist sayında artım davam edir.  Bu şəkildə davam edərsə, bu ilin sonunda ölkəyə gələn turist sayı 45 milyona çatacaq.

İstirahətin planlaşdırılmasında erkən rezervasiya həm sektor, həm də istirahət edənlər üçün böyük əhəmiyyət kəsb edir.

Çünki erkən sifarişin ilk dövründə endirim faizləri 30-50 % arasındadır.  Əvvəlki illərdən fərqli olaraq, bu il erkən rezervasiya kampaniyasında tələbatların 40% ətrafında  artımı gözlənilir. 2018-də xüsusilə, mədəniyyət turları seçilib. Bu ardıcıllığın 2019-cu ildə də davam etməsi gözlənilir.

Məzuniyyət məsləhətləri - bunları yaddan çıxarmayın

İstirahət günlərinizi artırmaq istəyirsinizsə, təqvimi önünüzə qoyun və məzuniyyətinizi planlaşdırın. Məzuniyyətə həmişə bazar ertəsi çıxın, bu zaman artıq siz şənbə günündən səyahətə çıxa bilərsiniz. Üstəlik, bayram günləri məzuniyyətinizə düşürsə, avtomatik istirahət günləriniz uzanacaq. Məzuniyyət pulunun miqdarı hansı ayda məzuniyyətə çıxmanızdan asılıdır. Məzuniyyət pulu belə hesablanır: son 12 ayın maaşı toplanır 12-yə bölünür, daha sonra alınmış rəqəm 30,4-ə bölünür və məzuniyyət günlərinə vurulur. Həkimlər hesab edirlər ki, insan orqanizminin tam istirahəti üçün 4 həftəlik məzuniyyət mütləqdir. Dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlar, danimarkalılar və braziliyalılardır. Ən qısa məzuniyyət günləri isə ABŞ-da (14 gün), Yaponiyada (11 gün), Cənubi Koreyadadır (10 gün).

Hepimizaileyiz.com saytının apardığı araşdırmaya görə, tətil zamanı insanlar ilk növbədə yol qəzalarından əziyyət çəkir. Qəzadan sonra insanların panikaya düşməsi davranış pozğunluğu ilə nəticələnir ki, bu da ciddi, xoşagəlməz nəticələr verir.

Məsələn, yol qəzasında yaralananların 50 faizinin xəstəxanaya çatdırılmadan dünyasını dəyişdiyi bildirilir. Şüurlu ilk yardım insan həyatını qurtarmağın yarısıdır. Şüuru yerində olmayan, insan orqanizmi barədə məlumatı olmayanların yaralılara toxunmaması məsləhət görülür. Bu halda onlar “qaş düzəltdikləri yerdə göz çıxara bilərlər”. Məsələn, yaralının boynu, kürəyi çox bərk ağrıyırsa, onun iflic olma ehtimalı nəzərə alınmalı və odeyalın üstünə uzadılmalıdırr. Bundan başqa, hər iki tərəfinə çanta, qum torbası kimi əşyalar qoyulmalıdır ki, silkələnməsin. Onu ən qısa müddət ərzində xəstəxanaya çatdırmaq lazımdır.

Xüsusən tətilini ölkə xaricində, ya da dağ ərazilərində keçirənlər idmana meyl edir. Tətil məkanlarında tennisdən tutmuş, paraşütdən hoppanmağa qədər bir çox idman növlərini görən tətilçilər onların hamısını bir-bir sınaqdan keçirməyə çalışır. Amma il boyu idmanla məşğul olmamış şəxslərin birdən-birə bu qədər yüklənməsi ciddi təhlükədir. Orqanizm öyrəşmədiyi üçün yüklənmiş idman proqramı insanları ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur.

Məsələn, yaşı 40-ı keçmiş, siqaret çəkən, idman vərdişi olmayan kişilərin tennis oynaması fəsadsız ötüşmür. Onlar daha çox topuqlarının yaralanması ilə qarşılaşırlar. Siqaretdən istifadə edən, eləcə də spirtli içki içənlərdə əzələ yırtığı özünü daha çox göstərir.