“Qaşıqçının ölümünə dair sübutların əldə olunması bir neçə həftə çəkə bilər” - Pompeo

Baxış sayı:
2467

ABŞ Dövlət Katibi Mayk Pompeo deyir ki, səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinin arxasında olanlara qarşı sanksiyalar tətbiq etmək üçün kifayət qədər sübutun əldə olunması bir neçə həftə çəkə bilər.
 
Qaşıqçının cəsədi boğulma nəticəsində ölümdən sonra hissələrə parçalanıb və yox edilib.
Cümə axşamı St. Louis radiostansiyasına müsahibə verən Pompeo ABŞ administrasiyasının faktları araşdırmağa davam etdiyini söyləyib.
Qaşıqçı keçən ay Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna Türkiyəli nişanlısı ilə evlənmək üçün daxil olduqdan sonra öldürülüb.
Türkiyə rəsmilərinin sözlərinə görə, İstanbulun baş prokuroru İrfan Fidan üçgünlük Türkiyə-Səudiyyə danışıqlarından sonra Qaşıqçının cəsədinin harada olduğu və onu kimin öldürdüyü barədə heç bir cavab tapmayıb.
ABŞ Səudiyyə Ərəbistanından Qaşıqçının cəsədinin yerini açıqlamasını və onun tez bir zamanda ailəsinə təhvil verilməsini tələb edir.
Türkiyə Səudiyyə Ərəbistanını Qaşıqçının qətli ilə əlaqədar həbs edilmiş 18 nəfəri ekstradisiya etməyə çağırıb.