Qarabağ əlilinin avtomobilinə həbs qoyulub, pensiyasından 50 faiz tutulur - ŞİKAYƏT

Baxış sayı:
811

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, V massivi, ev 31, mənzil 28-də yaşayan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident köməkçisi, MHŞ üzvü Fuad Ələsgərova, Nazirlər Kabinetinin hüquq şöbəsinin müdiri Günəş xanım Vəliyevaya, ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədova, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, Ali Məhkəmənin sədri, MHŞ üzvü Ramiz Rzayevə, Baş prokuror Zakir Qaralova müraciət edən müəllif Ədliyyə Nazirliyinin Suraxanı rayon icra şöbəsindən şikayətçidir:
“Barəmdə qanuni qüvvəyə minmiş, icraya yönələn məhkəmə qərarı olmadan Suraxanı icra məmuru Vüsal Əliyev özbaşına həm reabilitasiya vasitəsi olan avtomobilimə həbs qoyub, həm də məktubla pensiyamdan 50 faiz tutulmasını ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə tapşırıb. ƏƏSMN -in daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov şikayətimi 2 günə araşdırdığını və icra məmurunun məktubu ilə avqust ayından pensiyamdan 50 faiz “Rəvan sığorta"ya ödənildiyini bildirib.
Məktub əsasında məhkəmə qərarı olmadan  əlilin pensiyasının yarıqat edilməsini bir qırağa qoyaq. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 68-ci maddəsindən də icra məmurlarının xəbəri yoxdur? Yoxdursa, necə icraçılıq edirlər? 68-ci maddəni diqqətinizə çatdırıram:
68. Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri.
68.1.  Tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz.
68.1.2.xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış şəxslərə ödənilən məbləğlərə.
Mən Azərbaycan Respublikasının müdafiəsində xidməti vəzifəmi yerinə yetirərkən düşmən gülləsinin ağ ciyərimin üçdən ikisini aparması xəsarətindən əlil olmuşam. Yəni, lap borclu da olsam, "İcra haqqında" qanunun 68.1.2 maddəsi mənim pensiyamdan faiz tutulmasına yol vermir.
Sizdən "İcra haqqında" qanundan xəbərsiz olan icra məmurlarının hərəkətinə hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirəm.
Hörmətlə, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.