​Qadın və azyaşlıları fahişəliyə cəlb edən kişinin ŞOK ƏMƏLLƏRİ

Baxış sayı:
6382

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.
Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə aparıb və insan alverinə məruz qoyub.
Cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan 5 qadını bu adla aldadaraq Türkiyəyə aparıb.
Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütşəkkil dəstənin digər üzvləri şərait yaradıb.
Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.
İstintaq orqanı tərəfindən Namiq Şaməmmədovun barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə),144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Qapalı keçirilən məhkəmə iclasında Namiq Şaməmmədov özünü elan olunmuş ittiham üzrə qismin təqsirli bilib.
Daha sonra zərərçəkmişlər ifadə verib.
Növbəti proses sentyabrın 18-də davam edəcək.