“Qaçqınkom”un saxta arayışı nəticəsində İsmayıllı sakininin mənzili ZƏBT OLUNUB – Məhkəmə qərarını icra şöbəsinin rəisi yerinə yetirmir ki…

Baxış sayı:
775

İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət  Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdən şikayət edən E.Hacızadə saytımız vasitəsilə president İlham Əliyevə müraciət edib:
“Cənab Prezident!
Mən Babaverdi Hacıyevin oğluyam.  Atam Babaverdi Hacıyev cavabdehlər Qasımov Fərhad Barat oğlu, Novruzova Şukufə Telman qızı, Qasımlı Nərgiz Barat qızı və Qasımlı Fərhad Barat oğlu tərəfindən tutulmuş ona məxsus İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətin  tamamilə boşaldılaraq, atamın sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmasına baxmayaraq, icra şöbəsinin qanuna müvaviq tədbir görməməsi haqqında dəfələrlə Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Nazirliyinə,  Milli Məclisin Hüquq Məsələləri və Dövlət Quruculuğu Komitəsinə müraciətlər etmişdir. Bu müraciətlərə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməmişdir. Atam Babverdi Hacıyevin müraciətlərinə belə  cavablar verilib: “Cavabdehlər qaçqın olduqlarına, 1997-ci ildən bu ünvanda müvəqqəti məskunlaşdıqlarına və  onların başqa yaşayış yerləri olmadığına görə bu qətnamənin icrası müvəqqəti dayandırılmışdır”.
Atam Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır. Çünki cavabdehlər 2000-ci ildən sonra atama məxsus  M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətdə yerləşiblər. Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki, 2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib. Həmin arayışda cavabdehlərin  yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil, İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub. Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm.
Qeyd edim ki,  Şəki  Apellyasiya məhkəməsi də 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016  nömrəli  qətnaməsini əsas bu iki arayışa əsaslanaraq çıxarmışdır. Eyni zamanda  məhkəmə qətnaməsinin dördüncü və beşinci səhifələrində Qaçqın və Məcburi  Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin verdiyi saxta arayışla Qasımov Barat Fərhad oğlunun və ailə üzvləri ilə birlikdə guya 1997-ci ildən İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda məcburi köçkün kimi məskunlaşdıqları  göstərildiyi xususi qeyd olunub.
Qeyd edim ki, bizə verilən cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi  Tahir Əliyevdir. Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə, əlaqəyə girərək, müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər. Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident, Sizi  və müraciət olunmuş digər şəxsləri aldadaraq, vətəndaşları Sizdən və təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar.
Mülkiyyətimizə qarşı olan bu haqsızlığa və qanunsuzluğa dözməyən atam infarkt keçirərək, bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət  Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin vəzifəsini daşıdıqları dövlətə, həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Ona görədə dünyasını dəyişdi. Hal-hazırda onun varisi  mənəm. Varislik haqqında rəsmi sənədim  var.
Mən inanıram ki, bizə qarşı olan bu qanunsuzluğun və haqsızlığın qarşısını alacaqsınız və bu ümüdlədə Sizə müraciət edirəm. Xahiş edirəm, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəsi Taleh Quliyevin, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin mülkiyyətimizə qarşı etdikləri bu qanunsuzluqların və haqsızlıqların obyektiv araşdırılaraq, qarşısının  alınmasına  və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli  qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.