Putinin “bizim terrorçu yaxşıdır” məntiqi

Baxış sayı:
610

ABŞ-ı ikili oynamaqda ittiham edən Rusiya prezidentinin özü nə qədər səmimidir?

Rusiya prezidenti Putin “Valday” diskussiya klubunda çıxış edərkən ABŞ-ın ünvanına kəskin ifadələr işlədib. Yaxın Şərq krizisinin tənzimlənməsində ABŞ-ı ikili oynamqla ittiham edən Putin, bunun çox çətin olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ terroristlərə qarşı mübarizə elan etməklə, eyni zamanda onların bir hissəsindən Yaxın Şərq taxtasında öz fiqurlarını yerbəyer etmək üçün istifadə edir.
Rusiya prezidenti Putin adına maraqlı ittihamdır və əslində, heç əsassız da deyil. Çünki ABŞ bu gün İŞİD-lə mübarizə üçün PKK kimi başqa bir terrorist qrupundan istifadə edir və bu, təkzibolunmaz fakdır. O mənada ki, PYD-nin PKK-nın Suriya uzantısı, YPG-nin də onun hərbi qanadı olduğu aşikardır. YPG-nin Suriyanın şimalında Kobanidən tutmuş Tel Abyada qədər 4 kantonu ələ keçirib, muxtar bölgə elan etməsinin də məhz ABŞ-ın dəstəyilə baş tutduğu heç kimə sirr deyil. Bu kontekstdə ərəblərə yardım adı altında ABŞ-ın YPG kürd güclərinə 50 ton silah verməsi bir gerçəkdir ki, nəticədə bu olay Türkiyənin ciddi etirazına səbəb oldu və bu da danılmazdır.
Bəli, bu, ABŞ adına ikili oynamaqdır və bu oyun zaman-zaman dönüb gəlir, Türkiyə küçələrində türk insanlarının başında çatlayır. PKK terror qruplaşmasına qarşı keçirilən terror əməliyyatları zamanı terrorçuların sığınacaq və bazalarında məhz ABŞ və Almaniyadan göndərilən silahların çıxdığı da gerçəkdir. Bu faktın izahının Türkiyə rəsmilərinə necə verildiyi dəqiq bilinməsə də, bəli olan odur ki, ABŞ PYD-YPG kürd güclərini terrorçu kimi nəinki tanımır, üstəlik, İŞİD-ə qarşı yer üstü əməliyyatlarda ən yaxşı qruplaşma kimi dəyərləndirir və məhz bu baxımdan onların silahlandırılmasına haqq qazandırılır. Halbuki YPG İŞİD-ə qarşı mübarizə aparmaqdan çox, gələcək “böyük Kürdüstan”-ın Suriya hissəsini və Aralıq dənizinə çıxışını təmin etmək üçün koridor yaratmaqla məşğuldur və bunu ABŞ çox gözəl bilir və indidən o bölgənin sərhədlərini cızır. Məhz bu anlamda kürdləri İŞİD-lə mübarizəyə cəlb etmək üçün Kobaninin işğal kartı oynandı. Əvvəlcə kürdlərin yaşadığı Kobani İŞİD-ə təhvil verildi, sonra isə bütün kürd güclərini PYD-YPG təşkilatı ətrafında İŞİD-ə qarşı mübarizə çətiri altında birləşdirdilər. İndi isə YPG-yə 50 ton silah verərək İŞİD-in Suriyadakı mərkəzi Rakkaya hücum etməklə, son döyüşə stimullaşdırmaq istəyirlər.
Bu yöndə Putinin ABŞ haqda dediklərində mövcud olan bəzi gerçəkləri yazdıq, amma bir də Rusiyanın özünün davranışları var ki, buna da diqqət etmək gərəkir.

Bəs Rusiyanın həqiqi üzü necədir?

Putinin ABŞ-ı ikili oynamaqda ittiham etməsinə rəğmən bəs özü gerçəkdə necə davranır Suriyada? Onu ABŞ-dan fərqli edən cəhət nədir?
Hadisələrə və Rusiyanın konkret şəraitdə yürütdüyü siyasətə baxdıqda görürsən ki, Rusiyanı ABŞ-dan fərqləndirən elə böyük əsas yoxdur. Belə ki, ABŞ bir terrorçudan başqasına qarşı istifadə edirsə, Rusiya da eynisini edir. Sadəcə burada yanaşma və əsaslandırmada müəyyən  fərqliliklər mövcuddur ki, bunlar da nəticədə mahiyyətcə eyni şey olduqlarından dəyişən heç nə olmur.
Məsələn, Rusiya Əsəd rejiminə qarşı çıxan bütün qüvvələri, eyni zamanda dünyanın qəbul etdiyi müxalif üsyançıları terrorçu sayır. Hansı ki, bu qüvvələrin içində öz xalqını kütləvi olaraq qətl edən Əsəd rejiminin zülmünə qarşı dirənən Azad Suriya Ordusu kimi müxtəlif etnik qruplardan ibarət xalq dirənişi də mövcuddur. Sadəcə, bu amil Rusiyanın işinə yaramadığı və hakimiyyətə qarşı hər cür ayaqlanmanı qəbul etmədiyi üçün Əsəd rejiminə qarşı olanların hamısına terrorçu damğası vurulur. Bunu ona görə edirlər ki, Əsəd rejimini müdafiə etmək üçün ucdantutma bombardmanlara haqq qazandırsınlar. Halbuki bu bombardmanlarda terrorçu saydıqlarından çox Əsədin xalq dediyi mülki insanlar tələf olur.
Başqa tərəfdən, ABŞ-ı terrorçularla işbirliyində ittiham edərkən görəsən Rusiya YPG kürd birliklərinə silah yardımı və birgə əməkdaşlıq etməsinə nə ad verir?
Məgər PYD-YPG kürd gücləri Rusiyanın zamanında yaratdığı, bəslədiyi PKK terrorçu qruplaşmasının Suriya qolu olduğunu Putin bilmir?
Zənn edək ki, bilmir, bəs YPG-nın PKK-nın qolu olduğunu dəfələrlə Türkiyə prezidentinin Putinə anlatmasına nə söz?
Özü də Ərdoğan YPG-nin bir terrorçu qruplaşma olduğunu, PKK tərəfindən idarə edildiyini və ona silah yardımının gərəksiz, təhlükəli olduğu bəyan etdiyi bir zamanda Putin Əsədin son Moskva səfərində YPG kürdlər ilə Suriya hakimiyyətinin birləşməsinə etdiyi çağırışa nə ad vermək olar? Məgər bu, ikili oynamaq deyil?
Putinin məntiqiylə belə çıxır ki, hökümətlə işbirliyində olan istənilən güc terrorçu olsa belə, keçərlidir?
Bir tərəfdə Putin “yaxşı və pis terrorçu olmur” məntiqiylə çıxış edirkən, o biri tərəfdə öz maraqları naminə bu tezisin mahiyyəti unudulur və “yaxşı terrorçu bizim terrorçudur” tezisinə uyğun davranılır.
Başqa bir məqam Rusiyanın Donbassdakı davranışlarıyla bağlıdır. Donbassda Ukrayna ordusuna qarşı rus əsgərindən tutmuş hər cür pulla sövq edilmiş terrorçu, kriminal ünsürlər döyüşür və bu cür metodlar göründüyü kimi Rusiyaya yad deyil. Və bu azmış kimi, Putin “Valday” disskusiya klubundakı çıxışında iddia edir ki, ABŞ bu cür terrorçu qruplarla arzuolunmaz hakimiyyət rejimlərini dəyişir və sonradan bu qruplar böyük problemə çevrilirlər. Əslində, Putinin dediklərində həqiqət var, çünki Rusiya məhz Donbassda bu cür taktikadan istifadə edir və cəlb etdikləri kriminal qrupları xüsusi orqanlar vasitəsilə bir-bir dənləməklə bu problemi həll edəcəklərini düşünür. Yəni, “başına gələn başmaqçı olar” məsəlindəki kimi. Ona görə də cənab Putin əslində praktikada yaşadıqlarını dilə gətirir və “adımı sənə qoyum, səni də yana-yana qoyum” prinsipindən istifadə edir.

ABŞ-ı hədəfə gətirən başqa bir səbəb                     

Rusiya prezidenti diskussiya klubunda çıxışı zamanı daha bir həssas məsələyə toxunub. O, yaxın günlərdə ABŞ-ın Avropada Raket Əleyhinə Sisitemlər çərçivəsində bu məkanın səmasında ballistik raketlərin zərərsizləşdirilməsi yönündə keçirdiyi sınaqları tənqid edib. Putin ABŞ-ın İranla nüvə anlaşmasından sonra RƏS-nin Avropada yerləşdirilməsini riyakarlıq adlandırıb. Bunu belə izah edib ki, ABŞ RƏS-in İran təhlükəsi üçün nəzərdə tutulduğu halda nüvə anlaşmasından sonra belə bir təhlükə aradan qalxıb və buna görə də Avropada bu sistemlərin yerləşdirilməsinə lüzum qalmayıb. Ona görə də ABŞ-ın bu məsələdən dolayı hamını aldatdığını və sözünü tutmadığını iddia edib.

Bu məsələdə də Putinin narahatçılığını anlamaq olar. O baxımdan ki, ABŞ-ın ballistik raketlərin məhv edilməsi yönündə çox uğurlu bir sınaq keçirməsi  Avropa səması üçün təhlükəsizlik vəd edir və belə bir durum isə Rusiyanın bir nüvə gücü kimi əhəmiyyətini heçə endirir. Bu isə Rusiya üçün qəbuledilməzdir. Çünki Rusiyanın təhdidləri, qorxulu mifi məhz bu qaba gücün istifadə olanma təhlükəsi ilə bağlı olub və bütün siyasətini də məhz bu fəlsəfənin üzərində qurub. Rusiyanı Qərbdən fərqləndirən əsas cəhətlərdən biri də məhz budur. Qərb çağdaş dünya siyasətində daha çox yumşaq güc siyasətinə üstünlük verirkən, Rusiya hələ də dünyada yeganə qaba güc istifadəçisi kimi orta əsrlərdə qalıb.
Burada Putinin ittihamıyla bağla daha bir həssas məqam da mövcuddur. Rusiya prezidenti ABŞ-ın RƏS-lə bağlı sözünü tutmadığını iddia edərkən, nədənsə,ondan sonra dəyişən geosiyasi vəziyyəti unudub. Belə ki, ABŞ İran təhlükəsini əsas gətirərək Avropada RƏS qurmaq istəyəndə Ukraynanın tərkib hissəsi olan Krım Rusiya tərəfindən işğal və ilhaq olunmamışdı. Eyni zmanda, “Novorossiya” xülyasını yerinə yetirmək üçün Kiyevə qədər bütün Ukrayna ərazisini işğal etmək, Moldovanın Dnestryanı bölgəsiylə birləşdirmək kimi planlar icraya qoyulmamışdı və bunun müqabilində Avropa üçün böyük təhlükə törətmirdi.
Ona görə də ABŞ-ın Avropadakı RƏS sistemləri dünən İrana qarşıysa da, bu gün artıq hədəflər dəyişib və real təhlükə olan Rusiyaya qarşı çevrilib və bu, danılmazdır. Rəsmi Vaşinqton Rusiyanı çevrələmək siyasətini həm ABŞ, həm də NATO çərçivəsində edir və bu tutarlı əsası ABŞ-a Rusiya Ukrayna ərazilərini işğal etməklə verib. Ona görə də Putinin bu ittihamını da əsassız saymaq olar.

Rusiya Suriya siyasətində niyə dəstəklənmir?

Rusiyanın Suriya həmləsindən sonra dünyada bir ajiotaj yaradılmış, diqqətlər “Putin bununla nə etmək istəyir”-deyə rəsmi Moskvanın siyasətinə, bombardmanlara və hədəflərinə yönəlmişdi. Zaman keçdikcə süni yaradılmış sabun köpüyü aradan qalxmağa, bir çox məqamlara aydınlıq gəlməyə başladı. Bəlli oldu ki, Rusiya da İŞİD-lə mübarizə adı altında Suriyaya gəlsə də, əsas hədəfləri heç də terrorçular deyil, daha çox Əsəd rejimimini devirmək istəyən üsyançı qüvvələr birliyidir. Yəni, bu prosesdə Rusiya da ABŞ-dan fərqli davranmır, əksinə, sol göstərib sağ vurmaqla eyniliyi davam etdirir.
Belə ki, ABŞ İŞİD-i Suriyada kürd koridorunu açmaq və Əsəd rejiminin maliyyə imkanlarını məhdudlaşdırmaq üçün bir alət olaraq olaraq istifadə edirkən, Rusiya da İŞİD-in Suriya hakimiyyətinə qarşı çıxan üsyançılarla savaşdığına dayanaraq onları əsas hədəfə çevirmir.
Rusiyanın Suriya siyasətində İran və kürd qruplaşmalarından savayı dəstəklənmədiyi də diqqətdən qaçmır. Doğrudur, bu arada İraq rəhbərliyi informasiya mərkəzi kimi Rusiya-İran cütlüyü ilə birgə koordinasiya mərkəzi yaratdı, hətta İŞİD-ə qarşı Rusiya güclərini İraqa dəvət edə biləcəkləri ehtimalını da səsləndirdilər. Təbii ki, bu daha çox ABŞ-ı hərəkətə gətirmək üçün hesablanmışdı ki, bu siyasət də tezliklə öz nəticəsini verdi.
Belə ki, ABŞ dünyada hegemon imicini xilas etmək üçün İŞİD-in İraqda əsir götürdüyü 70 insanı kürd peşmərgələri ilə birgə xilas əməliyyatı, özü də havadan vurub qaçmaqla deyil, birbaşa quruda keçirməklə İraq hakimiyyətinin arqumentlərini əlindən aldı. Buna paralel olaraq İraq hakimiyyəti Rusiyanın İraqa dəvət olunduğu təqdirdə ABŞ-ın bütün yardımları kəsəcəkləri ilə bağlı amerikan general tərəfindən təhdid olundu. Bununla da bəlli oldu ki, Rusiyanın regionda Əsəd rejimi, İran və onun dəstəklədiyi hizbullah qruplaşmasından savayı dəstəkçiləri yoxdur.
Başqa maraqlı məqam Rusiyanın postsovet məkanı olan ölkələri tərəfindən dəstəklənməməsi ilə əlaqəlidir. Bu gerçək MDB-nin Qazaxıstanın kurort şəhəri Burabayda keçirilən son sammitində də müşahidə olundu. Sammitin əsas müzakirə obyekti terror təhlükəsi və bu yöndə güclərin birləşdirilməsi məsələsi olsa da, MDB ölkələri Suriya məsələsi ilə bağlı Rusiyanın dəstəklənməsində daha çox susqun qalmağa üstünlük verdilər. Baxmayaraq ki, Suriya məsələsində Rusiya həm regional gücləri, həm də əhatə dairəsi hesab etdiyi MDB ölkələrini öz koalisiyasında görmək istəyindədir.
Təbii ki, Rusiyanın indiki məqamda dünyaya özünü “sülh göyərçini” kimi təqdim etməsinə rəğmən Gürcüstanda, Ukraynada etdikləri beynəlxalq ictimaiyyətin yaddaşından çıxmayıb. Xüsusilə də Krımın işğalı ərəfəsində Rusiya siyasətçilərinin “Rus dünyasının” xilası adı altında Donbassdan sonra Şimali Qazaxıstanda yaşayan bir milyon rusun azad olunacağı kimi təhdidləri Qazaxıstan və digər MDB məkanı olan ölkələr unutmayıb. Və yenidən beynəlxalq şərait olduğu təqdirdə Rusiyanın aqressiv siyasətini davam etdirəcəyini bilməmiş deyillər.
Ən nəhayət Rusiyanın Xəzərdən Suriyanı qanadlı raketlərlə vurması hadisəsi bütün hövzə ölkələrini narahat etmiş durumdadır. Məhz bu təhlükənin və narahatlığın aurası sammitin ruhuna da təsir etdi ki, nəticə etibarilə Rusiya istədiyi dəstəyi MDB üzrə müttəfiqlərindən ala bilmədi. Bu isə o deməkdir ki, Rusiyanın Suriya “triumfu” uğursuzluq və qürub mərhələsinə başlayıb. Və bundan sonra Rusiyanın Suriyada edə biləcəyi bir şey varsa, o da Əsəd rejiminin ömrünün bir az daha uzadılması ola bilər.
O ki qaldı Rusiyanın bir dünya gücü statusunda tanınmasına və Suriya probleminin həllində həlledici səsə çevrilməsinə, zaman və resurslar tükəndikcə bu imkanlar da tükənəcək və Ukraynadakı kimi məğlubiyyət etirafından qaçmaq üçün yeni suriyalar axtarılacaq, ən azından dünyanın gündəmində qalmaq üçün.
Və son olaraq onu da deyək ki, dünya güclərinin siyasətində “nəticə vasitəyə haqq qazandırır” tezisi hələ də keçərlidir və yanlış olan da budur. Çünki yaradılışdan bəri bu dünya, çərçivələrdən, sərhədlərdən ibarətdir. Və bu sərhədlər dünyanın gözəl və əhəmiyyətli olması üçün düşünülüb. Ona görə də hədəfinə çatmaq üçün hər cür sərhədsizlik məqbul ola bilməz. Olarsa da, sərhədlər özünü göstərir və qayıdıb sizi vurar, eynən Əl-Qaidənin ABŞ-ı vurduğu kimi.
 
Anar QASIMOV