PUTİNİN “ARMATA FİASKOSU” – Rusiya ordusu “texniki möcüzə”yə qovuşa bilmədi

Baxış sayı:
8338

Rusların dünyada analoqu olmayan texniki möcüzə adlandırdıqları “T-14 Armata” tankı kütləvi istehsal edilməyəcək və bu tank Rusiya ordusunun əsas döyüş maşını olmayacaq. Düzdür, uzun illər ərzində hərbçilərə belə bir silahın təhvil veriləcəyi vəd edilmişdi, amma indi ölkənin bunu kütləvi istehsal etməyə sadəcə pulu yoxdur.
Bu tərifli tankların istehsalının baş tutmamasını Rusiyanın baş nazirinin müavini və ölkənin müdafiə sənayesinə cavabdeh olan Yuri Borisov da etiraf edir. Onun sözlərinə görə, ordu sıralarının hər birinin qiyməti 4 milyon dollar olan “bahalı “Armata”larla doldurulmasının” mənası yoxdur. Bu gün rusiyalı hərbçilərin ixtiyarında xeyli sayda “T-72” tankları və onun yenilənmiş “T-90” versiyası var. Borisov deyir ki, bu tanklara “bazarda böyük tələbat var”. Guya ki, onlar həm ucuz və həm də ki, “Amerika, Fransa, Almaniya tanklarına qarşı effektlidir”.
Borisov deyib: ”Əgər indiki mövcud zirehli texnika, xüsusən də yenilənmiş T-72 potensial düşməndən geri qalırsa, onda biz yeni silahın alınması məsələsini irəli sürərik. Lakin onlar geri qalmırlar, deməli nəyisə almağa ehtiyac yoxdur”.
Borisovun arqumenti təəccüb dğurur. Axı, əgər onun sözlərinə inansaq, “Armata” tankının dəyəri təxminən 4 milyon dollar olmalıdır. Bu isə Almaniyanın “Leopard” və ya İsrailin “Merkava” tankından 2 milyon dollar ucuzdur.
Rusiyada “T-14” tankı ilə müqayisə edilə biləcək yeganə model “Merkava” hesab olunur. Bundan başqa yaxşı təchiz olunmuş “T-90” tankı Rusiyanın təriflənən yeni tankı olan “Armata” ilə eyni qiymətədir.
Ekspertlər deyirlər ki, Rusiya baş nazirinin müavininin söylədiyi qiymət həqiqi qiymət deyil. Hərbi analitik Pavel Felenqauerin sözlərinə görə, “T-14 Armata” tankının qiyməti 8 milyon dollardan az deyil.
Beş il bundan əvvəl müdafiə nazirinin müavini olan Borisov açıq şəkildə israr edirdi ki, Rusyanın “Armata” üzərində çalışması kəskin vacibdir və bu tankları tezliklə döyüş cərgəsinə qoşmaq lazımdır. O zaman Borisov deyirdi ki, ”T-72” və “T-90” tankları köhnəliblər və artıq onları modernləşdirmək mümkün deyil və həm də bu tanklar bir çox mühüm göstəricilərə görə alman və İsrail tanklarından geri qalırlar.
Borisov 2013-ci ildə “Exo Moskvı” radiosuna verdiyi müsahibəsində demişdi: “Bizim ordumuz SSRİ dövründən qalmış silahlarla yaşaya bilməz. Biz böyük sıçrayış edərək 2015-ci ilə kimi yeni döyüş maşını yaratmalıyıq. Və biz bunu edəcəyik”.
Aydınır ki, ”T-14 Armata”-nı yubiley üçün hazırlayıblar. Rusların digər ölkələrin texnikasından üstün saydıqları inqilabi maşın 9 may 2015-ci ildə Qızıl meydanda parada çıxmalıydı. Bu, İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin 70 illiyinə təsadüf etməliydi.
Həmin vaxt tribunanın önündən o günə qədər məxfi saxlanılan 16 tank keçdi. Ancaq paradın bundan bir gün əvvəl keçirilən əsas repetisiyası zamanı “Armata” tankı xarab olaraq yerindən tərpənməmişdi və onu dartıb meydandan aparmışdılar.
Hərbi ekspert Ruslan Ruxov izah edir ki, Rusiyanın yeni tankının konstruktorları digər ölkələrin öz tanklarında tərbiq etdikləri qabaqcıl yenilikləri “Armata” üzərində həyata keçirməyə cəhd göstəriblər. Ruslan Ruxov deyib: ”Nəyəsə baxıblar, nəyisə oğurlayıblar, lakin bütün bunların hamısını vahid funksional bütov halına gətirmək üçün xeyli vaxt, pul və səy lazımdır”.
Bütün problemlərə baxmayaraq, 2015-ci ilin paradından sonra “Armata” tankının istehsal edildiyi “Uralvaqonzavod”un direktoru Oleq Sinenkov söz verib ki, müəssisə 2020-ci ilədək Rusiya ordusu üçün 2,3 min “T-14” tankı buraxacaq. Amma hələ indiyədək ortada yalnız Qızıl Meydana çıxarılmış həmin 16 tank var.
Bir il əvvəl Borisov “T-90” tanklarının sifarişini artırıb və deyib ki, yaxın illərdə ordu yüzdən artıq “Armata” tankı gözləməməlidir. Göründüyü kimi, hətta hal-hazırda Borisovun söylədiyi qədər də “Armata” tankının orduya təhvil verilməsi planı da fiaskoya uğrayıb.
Hərbi ekspert Aleksandr Qoltç “Armata” tanklarının fiaskosunu şərh edərkən Rusiyanın daha bir “texnoloji möcüzəsi” olan “Su-57” qırıcılarını yada salıb. Onun fikrinə görə, bu təyyarə kütləvi istehsala gedib çıxa bilməyəcək. ”Su 57” təyyarəsi üzərində çoxillik iş Moskvaya 3-10 milyard dollara başa gəlib.
Qoltç qeyd edib ki, son illər ərzində Rusiya iqtisadi aqoniya yaşayır. İndi müdafiə büdcəsinin azaldılmasının tam vaxtıdır. Lakin bunun əvəzinə ölkə öz cibinə görə olmayan yeni hərbi texnika üzərində işlərə xeyli pul tökür.
(“Gazeta Wiborcza”-Polşa)