​PUTİN YEMƏYİNƏ ZƏHƏR QATILACAĞINDAN QORXUR… – Rusiya prezidentinin yeməyi ciddi nəzarət altında hazırlanır

Baxış sayı:
5785

Arya Paannanen
 
Ilta-Sanomat (Finlandiya), 15.03.2018
 
Dünya liderlərinin aşbazları klubunun qurucusu Jil Barqar 2012-də nağıl edib ki, Rusiya prezidenti Vladimir Putin zəhərlənib ölməkdən qorxur.
 
1977-də qurulmuş “Le Club des Chefs des Chefs” öz adına uyğun olaraq dünya liderləri aşbazlarının klubudur. Klub Rusiya, ABŞ və Fransa başçıları üçün yemək hazırlamağa layiq görülən ən yüksək səviyyəli aşbazları birləşdirir.
Klubun qurucusu Jil Barqar 2012-də Rusiya prezidneti Vladimir Putinin yemək və içkilərə münasibəti üzrə qorxusu haqda danışarkən kiçik beynəlxalq qalmaqal törədib.
Braqarın sözlərinə görə, Putin rahiblərin tarixi ənənəsini saxlayıb – buna əsasən, dövlət başçısının yediyi hər şeydə əvvəlcə zəhər olub-olmadığını yoxlayırlar.
“Telegraph” qəzetinin məlumatına əsasən, Braqar Londonda bildirib: “Kremldə əvvəlkitək prezidentin yeməklərini yoxlayan adamlar var və həkim aşbazlarla birgə hər bir xörəyi yoxlayır”.
Putin xaricə yollanarkən Rusiya liderinin təyyarəsi, adətən, görüşlər üçün xeyli sayda yemək və içki aparır. Putin təsadüfi xörəklərin dadına baxmaz və yeməyi yoxlamaq üçün şəxsi mühafizədən kimsə həmişə yanında olmalıdır.
Finlandiyada da qeyd ediblər ki, məsələn, əvvəlcədən Putin üçün gətirilmiş içki dolu şüşə son anda dəyişdirilib. Şüşə hansısa səbəbdən Putinin şəxsi mühafizəsinin daimi nəzarətində deyilsə, bu hallarda həmişə bu cür hərəkət edirlər.
Satirik Viktor Şenderoviç 2016-ci ildə diqqət yetirib ki, Putin Belarusda onun üçün hazırlanmış duz-çörəyin dadına baxmağa razılaşmayıb. Şenderoviç o zaman deyib: “O, Minskdə onu qarşıladıqları düz-çörəkdən imtina etdi. Və düz elədi, çünki onun dalınca sırayla gələnlər istəyirdilər ki, onlara da çatsın”.
Putinin ən yaxın çevrəsində ən nüfuzlu adamlardan biri Yevgeni Priqojindir, onu da “Putinin aşbazı” adlandırırlar. Priqojin restoran sahibidir, ehtimal ki, yalnız diqqətlə yoxlanmış yeməklər təqdim etməklə Putinin etibarını qazanıb. Priqojin hazırda təkcə Putin üçün xörək bişirmir, həm də Sankt-Peterburqda “troll fabriki”ylə məşğul olur, habelə Kreml ordusunun Suriyadakı məxfi bölmələrinin təchizatını təmin edir. Putinin ailəsi Kreml və bir vaxtlar zəhərlənmədən qorxan İosif Stalinlə qəribə şəkildə bağlıdır.
Putinin babası Spiridon Putin Stalinin bağ evində aşbaz işləyib və hətta 1930-cu illər repressiyası zamanı sağ qala bilib. Görünür, babası Kremlin ən sadiq qulluqçusu olub və hətta Stalin də zəhərləmə cəhdindən şübhələnə bilməyib. Bu ondan xəbər verir ki, babası SSRİ dövlət təhlükəsizlik qurumlarıyla əlaqəli olub – Putin KQB ilə bağlı olduğu kimi.
Zəhərlənməkdən qorxmaqda Putinin səbəbləri xeyli ola bilər. Əlbəttə, bunlardan biri bundan ibarətdir ki, dünyanın ən nüfuzlu, ehtimal ki, çoxlu düşməni olan liderlərdən biridir.
Başqa bir izahat – ola bilsin, Putin SSRİ-də və Rusiyadakı zəhərlənmələr haqda hədsiz dərəcədə çox bilir və başqa ölkələrin ona nisbətdə bu cür addım ata biləcəyindən şübhələnir.
 
Tərcümə Strateq.az-ındır.