Putin Paşinyanı belə cəzalandırır... - MOSKVA ERMƏNİSTANA "İSGƏNDƏR"LƏRİN TƏCHİZATINI DAYANDIRIR

Baxış sayı:
3199

Ermənistanın indiki hakimiyyətinin son hərəkətləri Moskva ilə Yerevanın münasibətlərində ciddi qarşıdurmaya səbəb olub.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Kommersant”ın 2 avqust tarixli sayında dərc edilmiş baş məqalədə deyilir.

Qəzet Rusiyanın dövlət strukturlarındakı mənbələrə istinadən bildirir ki, xüsusən KTMT-nin baş katibi, general Yuri Xaçaturovun cinayət məsuliyyətinə clb edilməsi Moskvada hiddətlə qarşılanıb. Kremldə bunu hərbi blokun imicinə ciddi zərbə hesab edirlər və istisna etmirlər ki, KTMT-yə başqa ölkənin vətəndaşı başçılıq edəcək. Habelə Rusiyanın Ermənistana 100 milyon dollarlıq güzəştli silah krediti də sual altında qalıb.

 

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda baş verən son hadisələrin Moskvada ciddi narahatlıq doğurduğunu bildirib. Lavrov deyib ki, baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir. Ermənistan XİN-in sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını bildirib. “Ölkənin xarici siyasət prioritetləri Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəflənib”-Balayan deyib.

Lakin Yerevandan səslənən bu kimi bəyanatlar Moskvanı inandırmağa bəs etmir. Qəzetin yazdığına görə Nikol Paşinyanın hökumətinin keçmiş vəzifəli şəxsləri, o cümlədən Robert Köçəryanı və Yuri Xaçaturovu 2008-ci ilin martında Yerevanda nümayişçilərə qarşı silah işlədilməsinə görə təqib etməsi Moskvanı qıcıqlandırır.

Rusiyanın dövlət strukturlarındakı mənbə deyib ki, Moskvada KTMT baş katibinin təqib edilməsi xüsusi qıcıq yaradıb. Çünki bu addım Rusiyanın liderlik etdiyi hərbi blokun imicini təhlükə altında qoyub. Doğrudur, Robert Köçəryandan fərqli olaraq Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçməyiblər, onu ev dustağı ediblər. Lakin Yerevan Xaçaturova qarşı cinayət işinin qaldırılması haqda KTMT üzrə tərəfdaşlarını xəbərdar etməyib. Generalı Yerevan ancaq şahid qismində ifadə vermək üçün çağırıblar. KTMT-yə yaxın mənbə isə deyib ki, ola bilsin Xaçaturovu və bütün bloku “ləkələmək” cəhdinin arxasında regiondankənar oyunçular dayanır.

Artıq Yerevan Xaçaturovun Ermənistanın başqa nümayəndəsi ilə əvəzlənməsinə dair prosedur başladıb. Hərçənd KTMT üzvlərində deyirlər ki, Yerevandan bu barədə heç bir sənəd almayıblar. Rusiya prezidenti Administrasiyasındakı mənbənin bildirdiyinə görə Ermənistandakı çəkişmələr bütün blokun imicinə böyük zərbə vurub. Ona görə də noyabrın 8-də KTMT sammitində Ermənistanın yeni namizədi təsdiqlənməsə bloka əlifba sırası ilə Belarus nümayəndəsi başçılıq edəcək.

Habelə Ermənistanla Rusiya arasında qarşıdurma Yerevana güzəştli kredit hesabına silah təchizatına dair bundan əvvəl əldə edilmiş razılaşmanı sual altında qoyub. Ermənistan bu sövdələşməyə əsasən Rusiyadan daha 100 milyon dollarlıq silah almalı idi. Ermənistan mətbuatı yazmışdı ki, bu pula Rusiyadan “xeyli sayda “İsgəndər” raketləri alacaq və onları Azərbaycanla sərhəddə yerləşdirəcək”. İndi isə Rusiya Ermənistanda baş verənləri “anlamadığına görə” güzəştli silah kreditindən söhbət gedə bilməz.

“Kommersant”ın yazdığına görə ikinci güzəştli kredit tranşı çərçivəsində Ermənistan Rusiyadan atıcı silahlar, mühəndis-rabitə vasitələri və şəxsi heyətin daşınması üçün nəqliyyat almaq istəyirdi. Habelə Ermənistan Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi “İsgəndər-E” operativ-taktiki raketlərinin ikinci diviziyonunun, habelə Su-30SM qırıcılarının alınması üçün də sorğu vermişdi. Bildirilir ki, Ermənistan 2016-cı ildə ayrıca müqavilə çərçivəsində Rusiyadan “İsgəndər-E” raketlərinin 8 buraxılış qurğusunu alıb.