​“Putin NATO-su” bizi qorumayacaq – İrəvan

Baxış sayı:
21548

Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan inamı sarsıdıb.
Muxalifət.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, Ermənistanda keçirilən son rəy sorğularından biri də bunu sübut edir:
 “İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda paytaxt olmaqla, Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, 34 faiz Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz isə bunun əksini düşünür. “Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etdiyini, 30 faiz isə əksini düşünür”.
Politoloq bildirib ki, ermənilərin KTMT-yə inamı azalıb:
“Sorğuda iştirak edənlərin yalnız 31 faizi Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilatın Ermənistanı qoruyacağını, 63 faiz isə qorumayacağını deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların “bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir. Erməni separatçıları vaxtilə Azərbaycan torpaqlarını Rusiya ordusu və kəşfiyyatı hesabına işğal edib, Moskva apreldə də 4 gündən çox savaşa imkan vermədi, ancaq ruslar erməniləri Azərbaycan ordusunun raket və snayper atəşlərindən qorumaq fikrində deyil. Erməni separatçılarının yaydıqları son rəqəmlərə görə, işğalçı Ermənistan ordusunun 2017-c ildə 60 itkisi olub. Bu hələ açıqlanan rəqəmdir. “Yorucu müharibəyə” davam!”.