Prezidentin qohumu olduğunu iddia edən icra başçısı sahibkarlara zülm edir - “500 nəfər sahibkarın yarısı sıradan çıxarıldı”

Baxış sayı:
9538

Göyçay rayonunun bir qrup sakin i tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilıər yazırlar:
“Bir neçə ay əvvəl Göyçayda fəaliyyət göstərən 200 nəfər kiçik sahibkar prezident İlham Əliyevə müraciət edərək, fəaliyyət göstərdikləri “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə (kənd təsərrüfatı bazarına) qarşı 7 aydan çox təzyiq göstərən Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadə, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurrahmanov, Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səhliyar Mikayılov və digər yerli qurumlar barədə şikayət ünvanlamışdılar.
Şikayətdə qeyd olunmuşdur ki, “icra başçısı M. Səlimzadənin göstərişləri ilə dəfələrlə onlara qarşı hücumlar təşkil olunub və qarşıdurmağa yaratmağa cəhd edilmişdir. Eyni zamanda M. Səlimzadə “AVA-N” MMC-nin rəhbərliyi tərəfindən öz şəxsi maraqlarını təmin edə bilmədiyi səbəbindən, onların və ailələrinin  taleyi ilə də oynamaqdan da çəkinməyib. O və ona tabeçilik göstərən yerli məmurlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, böhtan xarakterli tələblərlə çıxış edərək onların dolanışıq yeri olan bazarın fəaliyyətinə son qoymağı qərara alıblar”.
Həmçinin şikayətçilər qeyd ediblər ki, “Göyçay rayonunda hər cür pisliyə imza atmış M. Səlimzadə nəinki bizi həbs etdirər, hətta güllələdər də! Amma biz sahibkarlar da ailəmizin çörəyini hansısa harınlamış məmurlara güzəştə getmək niyyətində deyilik”.
Bununla yanaşı kiçik sahibkarlar ölkə başçısından onlara arxa-dayaq durmağı, qayğılarına qalmağı və ən əsası onları Mehdi Səlimzadə zülmündən xilas etməyi artıq dərəcədə xahiş edimişdilər.
Sahibkarlar qeyd edir ki, bu müraciətdən sonra icra başçısı M. Səlimzadənin təzyiqi ilə üzləşiblər: “Bizim kollektiv müraciətimizdən 2 həftə keçməmiş icra başçısı Mehdi Səlimzadə üstümüzə polisdən ibarət bir ordu göndərdi və bizi zor gücünə küçəyə ataraq “küçə ticarəti”nə sövq etdi. Günlərlə, həftələrlə nə normal şərait tapa bildik, nə də ailəmizin güzəranı üçün vəsait qazana bildik. Bu cür gedişlə 500 nəfər kiçik sahibkarın ən azı yarısı sıradan çıxarılaraq, işsiz duruma düşürüldü. Normal ticarət imkanı olmadığından hər gün ziyana uğramaqla, əldə olan sərmayəni də xərcləyib qurtardıq.
2 aydan yuxarı müddətdir ki, biz ölkə başçısı tərəfindən icra başçısı Mehdi Səlimzadənin cəzalandırılmasını gözləsək də, heç bir müsbət nəticə olmadı. M. Səlimzadə hər çıxışında özünü prezidentin qohumu kimi təqdim edərək, ona qarşı olan hər kəsin sonuna çıxacağını bəyan edir. Fironun etmədiyi zülmü prezidentin qohumundan görmək bizim üçün çox sarsıdıcıdır. Bu hala çox məyus olduğumuzdan mətbuata üz tutaraq xahiş və tələblərimizi buradan ifadə etməyi məqsədə uyğun hesab etmişik.
Cənab Preizdent! Qohum və yaxınlarınız arasından olsa da, biz vətəndaş qayğısına qalan gözü tox bir başçı istəyirik, Mehdini isə əlimizdən alın, alın ki, bəlkə bizə də ağ gün qismət oldu”.
Qeyd edək ki, müraciətə aşağıda adaları çəkilən sakinlər imza atıb:
1)  İsmayılov Elxan İsmayıl oğlu
2)  Abbasov Fərhad Hüseyn oğlu
3)  Nəcəfov İlham Səməd oğlu
4)  Babayev Bağır Mamed oğlu                    
5)  Qurbanov Vaqif Həmid oğlu,                  
6)  Abdullayev Famil İsmayıl oğlu               
7)  İsmayılov Məbud Güləhməd oğlu
8)  Rəhimov Vüsal Bəhruz oğlu
9)  Əlizadə Elman Əvəz oğlu
10)  İsmayılov Telman Nuru oğlu
11)  Qəniyev Nurlan Əlisurət oğlu
12)  Qarayev Əfqan Həmid oğlu
13) Cəfərov Ariz Nəcəf oğlu
14) Səlimov Arif Məmməd oğlu
15) Vəlixanov Fizuli Aydın oğlu
16) Seyidov Söhrab Şəmi oğlu və digər 200 nəfər.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.