Patruşev niyə gəlmişdi? - Politoloqlar ŞƏRH EDİR

Baxış sayı:
14950

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ciddi rezonansa səbəb olub. "Ölkə.Az" Patruşevin Azərbaycan səfərinin məqsədi ilə bağlı suallara cavab tapmaq üçün politoloqlara müaciət edib. Qabil Hüseynli deyib ki, səfər zamanı əsas müzakirə olunan məsələlərdən biri Qarabağ problemi olub. “Baxmayaraq ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər normaldır və bu əlaqələr inkişaf edir. Lakin Rusiya bir sıra məsələlərdə, xüsusən də Qarabağ münaqişəsinin həllində obyektiv mövqe sərgiləmir. Rusiya münaqişənin nə danışıqlar yolu ilə həllində bütün səylərini göstərir, nə də Azərbaycana ərazi bütövlüyünü təmin etmək üçün hərbi gücündən istifadə etməyə imkan vermir. Bax, bu məsələlər, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyi, son dövrlərdə Paşinyanın verdiyi bəyanatlar ciddi müzakirə edilib”- politoloq bildirib. Politoloq eyni zamanda onu da bildirib ki, Bakıda keçirilən görüşlərdə regional təhlükəsizlik və iki ölkə arasındakı təhlükəsizlik məsələləri də müzakirə predmeti olub. Regional təhlükəsizlik məsələlərinə gəldikdə Patruşev daha çox son dövrlərdə Əfqanıstanda İŞİD-in aktivləşməsi fonunda yaranan vəziyyəti müzakirə edib. “Bütün hallarda Patruşevin Azərbaycana səfəri hər iki tərəfin xeyrinə olacaq”- o qeyd edib. Politoloq İlqar Vəlizadə isə hesab edir ki, görüşlərdə təhlükəsizlik məsələləri ilə yanaşı Qarabağ problem əsas müzakirə predmetlərindən biri olub. “Çünki son vaxtlarda Ermənistan rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar Rusiya üçün də narahatlıq doğrur. Moskva hesab edir ki, Ermənistanın bu bəyanatları cavabsız qalmaya bilər və Azərbaycan tərəfi sərt addımlar atar. Bu da Rusiya üçün arzuolunan hal deyil. Ona görə də danışıqlarda Patruşev əmin olmaq istəyir ki, Azərbaycan İrəvanın destruktiv hərəkəti nəticəsində hansısa lokal hərbi əməliyyatlara başlamayacaq. Görüşlərdə məqsəd Azərbaycanın mövqeyini bilmək idi. Çox güman ki, Patruşev Bakının da fikirlərini nəzərə alaraq, Rusiya rəhbərliyinə çatdırmaqla Ermənistana destruktiv mövqedən geri çəkilmək üçün təzyiqlər edəcək. Bildiyiniz kimi Rusiya XİN sözçüsü Mariya Zaxarova da bu günlərdə Paşinyanın bəyanatlarını pisləyərək, bu hərəkətlərin münaqişənin danışıqlar yolu ilə həllinə xidmət etmədiyini bəyan edib. Odur ki, görüşlərdə müzakirə olunan məsələlərin nəticələrinin yaxın gələcəkdə hiss edəcəyik”- İ.Vəlizadə deyib. Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, hazırda bölgədə qəliz proseslər gedir: “Bu baxımdan da bölgədə təhlükəsizlik məsələləri yeni bir mərhələyə qədəm qoyub. Patruşevin Azərbaycana səfəri bununla bağlıdır”. M.Əhmədoğlu əlavə edib ki, Patruşev də bölgədə gedən proseslərdə Azərbaycanın mövqeyini bilmək istəyir. “Tərəflərin mövqeyi hansı məsələdə üst-üstə düşür, hansı məsələlərdə fikir ayrılıqları var və bu mövqeləri necə uzlaşdırmaq olar. Bu gün Azərbaycan bölgədə və regional proseslərdə müstəsna rola malik ölkə olduğundan, gedən proseslərdə tutacağı mövqe ciddi rol oynayır. Bax, bu məsələlər müzakirə olunub. Təbii ki, regional təhlükəsizlik məsələləri çərçivəsində Qarabağ problemi, son yaranmış durum ciddi müzakirə olunub. Bakının Qarabağ münaqişəsinin həllində Moskvanın qarşısında ciddi məsələlər qaldırdığı da istisna deyil”-politoloq qeyd edib.