Paşinyanın quldur taktikası və mafiya stilindəki anarxiyası – “Vaşinqton Tayms” yazır

Baxış sayı:
145

Ermənistan anarxiya, yəni dövlət hakimiyyətinin yoxluğu səbəbindən qanunsuzluq və ya siyasi özbaşınalıq vəziyyətindədir. Ermənistanın institusional dezinteqrasiyası Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, Amerikanın Bəhreyndəki keçmiş səfiri Adam Erelinin nüfuzlu “Washington Times” qəzetində dərc olunan “Ermənistanda anarxiya” başlıqlı məqaləsində deyilir. 

Müəllif yazır ki, Nikol Paşinyanın partiyası parlamentdə cəmi 9 yerə sahib olmasına baxmayaraq, məhz küçəyə çıxan tərəfdarlarının təzyiqi nəticəsində 2018-ci ilin 8 mayında Ermənistan parlamenti onu baş nazir seçdi: “Lakin vəzifəyə gələn andan etibarən özünü “xalqın namizədi” adlandıran Paşinyan Ermənistanın rəhbər institutlarının ləğvinə və onların sistemli məhvinə başladı”. 
Amerikalı diplomat yazır ki, “hakimiyyətinin 100 gününün yekunlarına dair hesabat verən Paşinyan öz tərəfdarlarına üzünü tutaraq “Ermənistanda koalisiya hökuməti, parlament çoxluğu yoxdur. Bundan sonra Ermənistandakı hökumət bu meydana tabe olacaq və bütün mühüm qərarlar da bu meydanda qəbul ediləcək. Özünüzə gəlin və xalqı qəzəbləndirmək lazım deyil!” dedi. Görünür, indi Ermənistan küçələri hesabat və qanunun aliliyi üçün Paşinyanın üstünlük verdiyi alətə çevrilib. Onun hədəfləri isə dövlət orqanları, ədliyyə sistemi və parlament oldu”.

Ereli onu da qeyd edir ki, küçənin təzyiqindən istifadə edən Paşinyan növbədənkənar seçkilər keçirərək parlamentin tərkibini də öz xeyrinə dəyişmək istəyir: “Paşinyan əvvəlki parlament seçkilərini qeyri-leqitim elan edərək seçki məcəlləsində islahatlardan sonrakı bir il ərzində yeni parlament seçkiləri keçirməyə söz verib. O, İrəvanın Ağsaqqallar Şurasına (meriya) növbədənkənar seçkilər keçirdi. 2 oktyabrda parlament Paşinyanın qanunverici orqanın buraxılması və növbədənkənar seçkilər keçirilməsi cəhdlərinə qarşı müqavimət göstərdi”. 
Müəllif qeyd edir ki, parlamentin bu addımına qarşı Paşinyan yenə də öz tərəfdarlarını küçələrə çıxardı: “Təəssüf ki, Ermənistan üçün Paşinyan elə özünün mühakimə etdiyi üsula – quldur taktikasına baş vurur. Ermənistanın məhkəmə sistemini əvvəlki hakimiyyətin imtiyazlı şəxslərinə xidmət edən sistem adlandıran Paşinyanın özü Təhlükəsizlik Xidməti və məhkəmələrdən mafiya stilində siyasi qisas almaq üçün istifadə edir” – amerikalı diplomat vurğulayıb.

Bu mənada müəllif sabiq prezident Robert Koçaryanın həbs olunması, həmçinin, sabiq müdafiə naziri Mikael Arutyunyanın həbsinə dair əmr çıxarılmasını nümunə göstərir: “2008-ci ilin mart etirazları 10 nəfər nümayişçinin ölümü ilə nəticələndi. Təsadüfə bax ki, cənab Paşinyanın özü həmin etirazlarda iştirak edənlərdən biri idi və ölkədə iğtişaşları təşviq etməkdə ittiham olunaraq 7 il həbs cəzasına məhkum edilmişdi.”
Qeyd olunur ki, hakimiyyətdə olmasının cəmi 3-cü ayında Paşinyan özünün əvvəlki rəqiblərinə qarşı mafioz mübarizəsinə başladı: “Onun bu addımları və həyata keçirdiyi həbslər indi baş nazirə çevrilən sabiq inqilabçının hakimiyyətdən sui-istifadəsi kimi qiymətləndirilərək mühakimə olundu”. 
Məqalədə xüsusilə vurğulanır ki, bütün bu mühakimələrə cavab olaraq korrupsiya ilə total müharibə apardığını və ölkə idarəçiliyindəki özbaşınalıqlara son qoymaq niyyətini əsas gətirən Paşinyanın özü ciddi qanun pozuntularına yol verir: “İnternetdə Ermənistanın baş naziri və onun tərəfdarlarını məyus edəcək gizli səs yazısı – Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasındakı telefon söhbəti yayıldı. Onların söhbətindən aydın olur ki, Koçaryanın işi ilə bağlı məhkəməyə təzyiq olunub. Səs yazısında Milli Təhlükəsizlik Xidmətinin direktoru deyir ki, baş nazir ona keçmiş müdafiə nazirini “qəfəsə atmağı” tapşırıb. Bunun üçün isə məhkəmələrə təzyiq edilməlidir. Amma Paşinyan nümayişkarcasına bəyan etmişdi ki, məhkəmələrə təlimat verməyəcək. Bu səs yazısı isə onun dediklərinin əksini sübut edir. İndi Paşinyan “fəxrlə” deyə bilər ki, dövlət institutlarını özünə tabe edən liderlər sırasına qoşulub...” 
Məqalənin sonunda isə amerikalı diplomat yazır ki, “Paşinyanın qurduğu “Potyomkin kəndi” tezliklə elə onun və tərəfdarlarının öz başlarına çökə bilər. Dövlət institutlarını zəiflətməklə hakimiyyəti küçələrin əlinə vermək - anarxiyanın reseptidir.” /AzVision.az/