​Paşinyanın Qarabağ bəyanatında iki məqam - Politoloq

Baxış sayı:
3487

Paşinyan hökuməti təkcə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində absurd siyasət həyata keçirmir, həm də təhlükəsizlik və xarici siyasətdə ciddi yanlışlıqlara yol verir.
Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlamalarına münasibət bildirən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistanda cari ilin may ayında iqtidar dəyişikliyindən sonra Paşinyan hökuməti xarici və təhlükəsizlik siyasətində son 27 ildə formalaşan və həyata keçirilən siyasətdən fərqli siyasət yürüdür:
“Hələlik yeni konseptlərlə dolu bu siyasətin uğurlu nəticələr əldə etməsi olduqca şübhəlidir. Nikol Paşinyanın Moskvaya son səfəri zamanı tərəflər arasında iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Dağlıq Qarabağ problemi də müzakirə edilib. Paşinyan Rusiyada dərc edilən “Kommersant” qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müzakirələrdə Ermənistanın baş naziri olaraq iştirak edə biləcəyini, lakin Dağlıq Qarabağın adından danışa bilməyəcəyini deyib. Hətta o, Dağlıq Qarabağ xalqının Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmədiyini, onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti olduğunu bildirib”.
H.Cabbarlı vurğulayıb ki, bu bəyanat anlaşılmazlıqlarla doludur:
“Birincisi, Paşinyan qondarma Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi göstərmək istəsə də, bu o qədər bayağıdır ki, yəqin ki, heç özü də dediklərinə inanmır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, özünün pulu, ordusu, iqtisadiyyatı və sərhədləri yoxdur. Dövlət olaraq tanınmayıb və Ermənistan pul vahidi dram tədavüldədir. Ordusunun demək olar ki, tamamı Ermənistan vətəndaşlarından ibarətdir, iqtisadiyyatı orda yaşayan əhalinin belə ehtiyaclarını təmin edəcək gücdə deyil. İkincisi, Dağlıq Qarabağın müstəqilliyini nəinki beynəlxalq aləm, heç Ermənistan özü də tanımayıb. Son illərə qədər qondarma Dağlıq Qarabağ rejiminin beynəlxalq aləmdə tanınması üçün görülən bütün təbliğat da “sıfır nöqtəsindən” bir addım da irəliyə doğru getməyib, yəni iflas edib”.
H.Cabbarlı qeyd edib ki, Paşinyanın bu bəyanatını iki cür dəyərləndirmək mümkündür:
“Ya Ermənistan hökumətində Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində siyasi tıxanma var, ya da bununla Paşinyan Azərbaycanın müzakirələrdə yolunu tıxayacağına inanır ki, bu da özünü aldatmaqdan başqa bir şey deyildir. Paşinyan beynəlxalq aləmdə Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan Prezidenti ilə müzakirə aparmaqdan çəkinir, siyasi məsuliyyəti üzərinə almaq istəmir, özünü püxtələşmiş siyasətçi hesab etmir. Hətta bir neçə ay bundan əvvəl sabiq prezident Serj Sərkisyanın Dağlıq Qarabağ müzakirələrinin aparılması üçün Paşinyanın səlahiyyətli nümayəndəsi olması gündəmə gəlmişdi. Ermənistan KİV-də bu məsələ müxtəlif aspektlərdən müzakirə edilmişdi”.
H.Cabbarlının sözlərinə görə, Paşinyan oyunda topu qondarma rejimin səlahiyyətli şəxslərinə atmaqla problemin həll edilməyəcəyini çox gözəl bilir.