“Paşinyan Rusiya ilə münasibətləri axsatmamağa çalışacaq” – QABİL HÜSEYNLİ

Baxış sayı:
6742

“Köçəryanın həbs edilməsi Paşinyanın seçkilərdə daha çox səs almasına yeni bir təkan verdi”

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənim addımım” Blokunun növbədənkənar parlament seçkilərində 70.4 faizlə qalib gəlməsini Ermənitanın gələcəyi üçün uğurun başlanğcı hesab etmək olar. Çünki həm Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” Blokunun, həm seçkilərdə ikinci yeri qazanmış “Çiçəklənən Ermənistan" (8.27 faiz) Partiyasının, həm də səslərin nəticəsinə görə üçüncü olan “İşıqlı Ermənistan” partiyasının (6.37 faizi) Qərbyönmlü olması bu ölkədə Qərbin əlini güclədirəcək ki, bu da Rusiyanın maraqlarına cavab vermir.
Ancaq seçkilərdə Paşinyanın rəhbəri olduğu “Mənim addımım” Bloku 70.4 faizlə qələbə qazansa da, ölkəboyu nəticə gözləniləndən olduqca az olub. Təxminən 2,5 milyon qeydiyyatlı erməni seçicinin 48,6 faizi səs verib. Lakin əvvəlki seçkidə bu nisbət 60 faiz olmuşdu. Erməni əhalinin seçkilərdə belə az iştirak etməsi isə ekspertlər tərəfindən Ermənistanda Paşinyanın reytinqinin düşməsi kimi qiymətləndirilir, ona xalq arasında “narıncı inqilab”da olduğu kimi, rəğbətin olmadığı vurğulanır. Buna baxmayaraq Paşinyan rəhbəri olduğu “Mənim addımım” Blokunun yüksək faizlə qələbə çalması onun hakimiyyətni təmin edir ki, o, yaxın günlərdə baş nazir kimi fəaliyyətinə başlayacaq. Əslində, Paşinyanın məqsədi sabiq prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının parlamentə girə bilməməsi idi. Respublikaçılar Partiyasının 4,7 faiz səs alaraq parlamentə girə bilməməsi də Paşinyanın bu arzusunun reallaşmasına imkan yaratdı. Respublikaçılar Partiyasının isə 4,7 faiz səs qazanması Serj Sarkisyanın hakimiyyətdə olduğu müddətdə erməni xalqına münasibətin nəticəsidir ki, xalq bununla da Respublikaçılar Partiyasının parlamentdə təmsil olunmasına da etiraz etdi.
Bu baxımdan, srağagünkü seçkinin Ermənistan üçün mühüm əhəmiyyəti var. Çünki Ermənistan Rusiya ilə üzdə münasibətləri saxlamağa çalışsa da, mövcud iqtidarın Qərbə inteqrasiya yolunu tutacağı şübhəsizdir. Artıq Gürcüstandan sonra Ermənistan Cənubi Qafqazda Qərbə inqteqrasiya yolunu tutmuş ölkə kimi Qərb demokratiyasını, dəyərlərini mənimsəyəcək ikinci ölkə olacaq. Bu isə, nəticə etibarilə seçkilərdə Rusiyanın uduzduğunu deməyə imkan verir.
Bunu keçimş prezident Robert Köçəryanın seçkidən bir gün öncə həbs olunması da təsdiq edir. Putinlə yaxşı münasibətləri olan Köçəryanın seçkidən bir öncə həbs olunması həm də Paşinyanın siyasi iradəsini ortaya qoymuş oldu. Paşinyan bununla sübut etdi ki, Ermənistanda Rusiya prezidenti Putinin dedikləri olmayacaq, ölkənin daxili qayda-qanunlar var.
Şübhəsiz, Köçəryanın həbsi bir növ cəsarət tələb edirdi. Çünki bir neçə ay öncə Paşinyan Köçəryanı həbsə atdırmışdı. Ancaq Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra Köçəryan həbsdən azad olunmuşdu. Hətta həmin ərəfədə Köçəryanın ad günündə Putin ona təbrik məkubu da ünvanlamışdı. Buna baxmayaraq, seçkilərdən bir gün öncə Köçəryan yenidən həbs olundu. Görünür, Paşinyanın rəhbəri olduğu “Mənim addımım” Blokunun qələbəsi ciddi şəkildə Qərbin maraqlarına cavab verdiyi üçün Qərb də bu yöndə ciddi səy göstərib. Ona görə, Paşinyan da bu cür siyasi iradə nümayiş etdirməkdən çəkinmir.
Qeyd edək ki, Ermənistandakı erkən seçkidə 11 partiya və ittifaq yarışıb. Seçki ittifaqları üçün 7 faiz, təkbaşına iştirak edən siyasi partiyalar üçün 5 faiz seçki barajı mövcuddur.
 
“Parlamentin Qərbyönümlü partiyalardan ibarət olması Rusiya ilə etimadsızlıq mühitnin yaranmasına gətirib çıxara bilər”
 
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin əhəmiyyətini “Hürriyyət”lə bölüşən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, Ermənistanda keçirilən seçkilər ortaya qoydu ki, xalq hələ də populist şüarlara, yeni bir siyasi mühitin, korrupsiyasız, rüşvətsiz və demokratik dəyərlərə söykənən bir Ermənistanın qurulmasına nail oluna biləcəyinə inanır: “Hər halda Paşinyanın verdiyi populist rəylər öz işini gördü, parlamentin əksəriyyətini qazandı və təkbaşına hökumət qura biləcək. Diqqət çəkən bir fakt odur ki, daha iki partiya seçki baryerini aşdı. Bunlar “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənsitan” partiyalardır. Bunlar da Qərbyönümlü siyasətə üstünlük verən partiyalardır. Belə görünür ki, parlamentin tamamı Qərbyönümlü partiyalardan ibarət olacaq. Bu isə Rusiya ilə müəyyən etimadsızlıq mühitnin yaranmasına gətirib çıxara bilər”.
 
“Respublikaçılar Partiyasının da baryeri aşa bilmək ehtimalı var”
 
Respublikaçılar Partiyasının 4,7 faiz səs qazanmasına gəlincə, politoloq söylədi ki, Respublikaçılar Partiyasının reyitnqi o qədər də böyük deyildi: “Amma onların baryerə yaxınlaşması və baryerin arxasında saxlanılması onu göstərir ki, burada müəyyən saxtalaşdırmaların, Respublikaçılar Partiyasına qarşı aparılan anti-təbliğatın da öz rolu var. Amma Paşinyan ağzından bir söz qaçırdı ki, ola bilsin Respblikaçılar Partiyası da parlamentdə olsun. Yəni bəzi seçki məntəqəsindəki pozuntular və digər məsələlər araşdırıldıqdan sonra Respublikaçılar Partiyasının da baryeri aşa bilmək ehtimalı var”.
“Respublikaçılar Partiyasına səs verilməməsini erməni xalqının despotizimə qarşı etirazı hesab etmək olarmı” sualına Q. Hüseynli belə cavab verdi: “Ermənilərə çörək, aş, iş lazımdır. Onu da Paşinyan vəd edir. Amma o vədini yerinə yetirə biləcək-bilməyəcək, bunu demək çox çətindir. Bunun üçün Ermənistan işğalçılıqdan əl çəkməlidi, bütün diqqətini ölkənin inkişafına yönəltməlidi, hərbi xərcləri azaltmalıdı və bölgədəki iqtisadi layihələrə qoşulmağa cəhd etməlidir. Onun yolu da Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarına uyğun olaraq addım atmaqdan ibarətdir. Gələcəkdə Ermənistan danışıqlarda konstruktiv möve nümayiş etdirərsə, Paşinyanın verdiyi vədləri yerinə yetirə bilər. Bu seçkinin əhəmiyyəti ondan ibarətdir ki, bölgə yeni bir siyasi xəttə keçir. Bu siyasi xəttdə insanlar üçün, xüsusilə aztəminatlı insanlar üçün müəyyən vədlər və perspektivlər var. Amma bunun reallaşıb-reallaşmayacağı Ermənistanın yeritdiyi daxili və xarici siyasətdən xeyli dərəcədə asılı olacaq”.
 
“Putin Lavrovun dili ilə Köçəryanı həbs etməməyi tələb etmişdi, amma Paşinyan əhəmiyyət vermədi”
 
“Seçkilərdən bir gün öncə keçmiş prezident Robert Köçəryanın həbs olunması təsadüfidirmi və bunu Ermənistanın Rusiyaya arxa çeviməsi hesab etmək olarmı” sualını isə Q. Hüseynli belə cavablandırdı: “Yox, bu seçkidən bir gün öncə Köçəryanın həbsi təsadüf deyildi. Bu emosiyalara, kütlələrin diqqətini bir daha özünə cəlb etməyə yönəlimiş bir addım idi. Köçəryana və Sərkisyana qarşı Ermənistanda kifayət qədər nifrət var. Xüsusilə yerli ermənilər bu iki şəxsi sevmir. Bu nöqteyi-nəzərdən də Köçəryanın həbs edilməsi Paşinyanın seçkilərdə daha çox səs almasına yeni bir təkan verdi. Paşinyan bir dəfə Putinə söyləmişdi ki, bir-birimizin daxili işinə qarışmayaq. Seçkilərdə demək olar ki, Rusiyanın fəallığı aşkar hiss olunmurdu. Bu, Paşinyana verilmiş vəd idi. Üstəlik də Putin Lavrovun dili ilə Köçəryanı həbs etməməyi tələb etmişdi. Amma Paşinyan bunlara əhəmiyyət vermədi və Köçəryanı həbs etdi”.
 
“Rusiya bundan sonra yəqin edəcək ki, erməni xalqına bel bağlamaq olmaz”
 
Hüseynli hesab edir ki, həm seçkilərdə Qərbyönümlü partiyaların qələbə çalması, həm də ki, Rusiyanın Köçəryana, Sərkisyana, eləcə də Yuri Xaçaturova xüsusi münasibət bəsləməsinə baxmayaraq, Paşinyanın onlara qarşı amansız hərəkət etməsi Rusiya Ermənistan münasibətlərində kifayət qədər soyuqluq yaradacaq: “Rusiya bundan sonra yəqin edəcək ki, Paşinyana, ümumiyyətlə, erməni xalqına bel bağlamaq olmaz və münasibətləri bölgədəki vacib siyasət yürüdən ölkələrlə qurmaq lazımdır ki, onlardan da birincisi Azərbaycandır. Eyni zamanda Rusiya indiyə kimi Ermənistanın dalında durub və onun işğalçılıq siyasətini müdafiə edib. Yeri gələndə hər cür köməklik göstərir. Bütün bunlara münasibətlərdə yaranan soyuqluq iqtisadi münasibətlərə də təsir edə bilər”.
 
“Paşinyanın birdən-birə Qərbyönlü siyasətə meyllənəcəyi o qədər də real görünmür”
 
“Bu seçkilərin nəticələrini Qərbin uğuru hesab etmək olar” sualına gəlincə, Hüseynli qeyd etdi bunu düşünmək olar: “Məncə, hesab etmək olar. Amma Paşinyanın birdən-birə Qərbyönlü siyasətə meyllənəcəyi o qədər də real görünmür. Bunu tədriclə, hiyləgərliklə həyata keçirməyə çalışacaq. Rusiya ilə də münasibətləri axsatmamağa çalışacaq. Yəni erməni bicliyi burada da özünü göstərəcək. Stulda oturma siyasətini Paşinyan da davam etdirəcək”./ Hurriyyet.org