​“Parad ordumuzun qüdrətini bir daha nümayiş etdirəcək” – Yaşar Aydəmirov

Baxış sayı:
2293

Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə keçiriləcək parad Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirəcək. 1918-ci ildə Azərbaycan hərbi hissələri Qafqaz İslam Ordusu tərkibində Bakını daşnak-bolşevik hərbi qüvvələrindən azad etdi. Bu gün də Azərbaycan və Türkiyə ordularının birgə əməkdaşlığı davam edir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu hər il yeni silahlar alır, müəyyən silahlar modernləşdirilir: “Ordunun silahlanmasına daxil edilən ən müasir hərbi texnika, silah və digər döyüş vasitələri peşəkar hərbçilər, gizir və MAXE-lər tərəfindən idarə edilir. Azərbaycanın müdafiə sənayesi sektoru daxili imkanları hesabına ciddi nailiyyətlər əldə edib. Bunların heç birini Ermənistan edə bilmir. Yardımla ordu saxlamazlar, onların ordusu kreditlə saxlanılır, miflərlə silahlanır”.
Ermənistan parlamentinin “Şant-2018” hərbi təlimləri çərçivəsində şərti olaraq Azərbaycana müharibə elan etmək qərarına toxunan general-leytenant Azərbaycanın sentyabrın 17-də taktiki irimiqyaslı təlimlərlə İrəvana cavab verəcəyini söyləyib:
“Azərbaycan Silahlı Qüvvələri gücünü dəfələrlə artırıb və düşmən üzərində üstünlüyü təmin edib. Təlimdə 20 mindən artıq əsgər, 200-ən artıq tank və zirehli texnika, ordu və cəbhə aviasiyası, ön və arxadakı poliqonlar iştirak edəcək.
Ermənistan öz təlimləri ilə yalnız özlərini aldada bilərlər. Azərbaycanın keçirdiyi təlimlərdə döyüş atışları da olacaq. Buna isə onların imkanları yoxdur”.