​“Özəl kanallar elə uçuruma gedir ki, heç bir şura onun qarşısını ala bilməz” - Qulu Məhərrəmli

Baxış sayı:
16207

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Bədii Şura ayda iki dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək.
Bədii şurada müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.
Bu addım ictimai rəydə müsbət qarşılansa da, bu şuranın ölkədə fəaliyyət göstərən özəl kanallarda da olması təklif kimi səslənir. Ümumiyyətlə, bu, təcrübədə mümkündürmü? Milli Teleradio Şurası (MTRŞ) bununla bağlı özəl kanallara tövsiyə verə bilərmi?
MTRŞ-nin aparat rəhbəri Asəf Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bədii şura nəinki Dövlət Televiziyasında, bütün özəl kanallarda yaradılmalıdır. Müsahibimiz xatırlatdı ki, daha öncə AzTV-də belə şura olub: “Bu şura hər şeyə nəzarət edib. Efirdə ifa edilən musiqidən, onun sözlərindən tutmuş geyim tərzinə qədər bu şura nəzarət edib. Sonra o şura ləğv olundu və hesab edirəm ki, düzgün olmadı. Çünki efirə bayağı musiqilər və müğənnilər çıxdı. Toy müğənniləri ayaq açdı. Bu da musiqimizin get-gedə cılızlaşmasına səbəb oldu”. Müsahibimiz özəl telekanallarda da bədii şuranın yaradılmasını gözəl ideya hesab etdiyini dedi. A.Hacıyevin sözlərinə görə, MTRŞ özəl kanalların yaradıcılıq fəaliyyətinə qarışa bilmədiyi üçün ancaq təklif verə bilər: “Amma ”mütləq yaransın" deyə çıxış edə bilmərik".
Media eksperti, televiziya mütəxəssisi Qulu Məhərrəmli isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, AzTV-də kateqoriyalar üzrə göstərici var və hər müğənni efirə çıxa bilməz: “Müğənnilərin hansısa istedadı ola bilər. Amma səviyyəsiz, zövqsüz mahnılar verə bilməzlər. Bu, ənənədən irəli gəlir. Vaxtilə Azərbaycan radiosunda bədii şura olub - musiqi şurası olub. Televiziya və radioda da ənənə var. Bu, geyim, musiqi seçimi baxımdan bir ənənədir. Özəl televiziyalarda bu işlərə yanaşan, yönləndirə bilən şuraya ehtiyac var. Bu, yaradıclıq işlərinə qarışmaq deyil. Şuralar daha dolğun və estetik normalara uyğun səviyyə təklif edə bilər. Amma hazırda özəl kanallar elə uçuruma gedir ki, heç bir şura onun qarşısını ala bilməz. Yaradılsa belə, şuranın bütün problemləri həll etməsi mümkün deyil”.
Q.Məhərrəmli xatırlatdı ki, bir neçə il bundan öncə prezident telekanallarda dil şuraları yaradılması ilə bağlı fərman imzaladı. Müsahibimizin sözlərinə görə, o zaman bütün kanallar onlarda belə şuranın olması barədə raport verdilər:“Amma sonradan bəlli oldu ki, belə bir şura yaradılmayıb. Yaradılsa belə formaldır. Çünki dil qüsurları çoxdur. Telekanallarda peşəkar rəhbər, yaxşı prodüser olanda o cür dil qaydalarının pozuntusundan, bayağı mahnılardan danışmırıq. Əksər kanal rəhbərlərinin niyyəti pul qazanmaqdır. Onların maliyyə mənbələri şəffaf olmadığı üçün məqsəd qoyublar ki, ancaq pul qazansınlar. AzTV-də yaradılan şuranın yarısı isə yararsız hala düşəcək”.