​"Övladlarının əli çörəyə çatmır"- DTX-nın həbs etdiyi Habil Vəliyevin məhkəməsi

Baxış sayı:
1381

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxsin digər vəkili Rəsmiyyə Qəhrəmanova çıxış edərək bildirib ki, istintaqın birinci günündən Habil Vəliyevin vəkili olub: "Bütün proseslər gözümün qabağında olub. Hansı ki istintaq da şikayət ərizəsi verən zərərçəkənlər məhkəmədə hamısı şikayətlərini geri götürdülər. Tərəflər arasında barışıq əldə edilib, ziddiyyətlər aradan qalxıb. Habil Vəliyev böyük ömür yolu keçib. Qarabağda döyüşüb, vətən uğrunda vuruşub. Zərərçəkənlər də Habil Vəliyev həbs edilməsini istəmir".
Vəkil müvəkkilinin 3 övladı olduğunu, onların heç birinin əlinin çörəyə çatmadığını deyib: "80 yaşlı ata-anası var. Gözləri yol üstdədir. Yoldaşı xəstədir. Bunları nəzərə alınmasını xahiş edirik".
Vəkil sonda Habil Vəliyev barəsində həbssiz cəza verilməsini xahiş edib.
Məhkəmə prosesi aprelin 25-də davam edəcək.
Xatırladaq ki, prokuror çıxış edərək Habil Vəliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb./Musavat.com